Modern.az

Zakir Qaralov bu il cəzalandırılan prokurorların sayını açıqladı

Zakir Qaralov bu il cəzalandırılan prokurorların sayını açıqladı

3 Avqust 2012, 18:45


Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarımilində fəaliyyət istiqamətləri üzrə görülən  işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunan  geniş əməliyyat müşavirəsi keçirilib.
Modern.az Baş Prakurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat  müşavirəsində Baş prokuror Zakir Qaralov çıxış edib.
Bildirib ki, Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq, 2012-ci ilin birinci yarısında kriminogen stabilliyə nail olunub və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınıb.

Belə ki, əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınan  ümumi və az ağır, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və zorlama, quldurluq, soyğunçuluq və oğurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilən 11953 cinayətin 87,0 faizinin açılması təmin edilib.

Qeyd edilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ilin birinci yarımilində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 160 şəxs barəsində 82 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Hazırda idarənin icraatında 102 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir. «161 - Qaynar xətt» əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı  20 cinayət işi başlanıb. 
    
Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub. Belə ki, 2012-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 45 prokurorluq əməkdaşı cəzalandırılmaqla, onlardan 9 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə və «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi»nin tələblərini kobud şəkildə pozduqlarına görə prokurorluq orqanlarından xaric edilib, 3 nəfər tutduğu vəzifədən azad olunub, 37 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 20 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib. Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülsün.

2012-ci ilin birinci yarımilində prokurorluq orqanlarında 23,8 mindən çox, o cümlədən Baş Prokurorluqda 17 min ərizə və şikayətə baxılıb, prokurorluq orqanlarında 12,5 mindən çox, o cümlədən Baş Prokurorluqda isə 1535 vətəndaş  qəbul edilib.

Eyni zamanda, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Əməliyyat müşavirəsində 2012-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirə nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib.

Müzakirələrdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi və korrupsiya hallarına qarşı mübarizə sahəsində görülən işlər, Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat veriblər.   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü