Azərbaycan xalqı 30 illik yurd nisgilinə son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı, erməni vandallarını hərbi-siyasi məğlubiyyətlərini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ku, 44 günlük Vətən müharibəsi xalqımızın vahid mövqeyinin, xalq- dövlət-ordu birliyinin daha bir nümayişi oldu. Mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah, yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, qarış - qarış, addım - addım torpaqlarımızı düşməndən azad etdi. Arxa cəbhədə də Azərbaycan xalqı dəmir yumruq kimi birləşdi, birlik oldu, Qələbəyə, mənfur düşmənin başını əzməyə nail olmaq, torpaqlarımızı terrorçulardan azad etmək üçün hər kəs öz töhfəsini verdi. Milli birliyimizdən, müzəffər Ordumuzun qüdrətindən qorxuya düşən İşğalçı Ermənistan hakimiyyəti vədinə sadiq qalaraq, Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı yaşayış məntəqələrini, xüsusi ilə də cəbhə bölgəsindən uzaqda yerləşən ölkənin ikinci böyük şəhəri Gəncəni dəfələrlə raket atəşinə tutdu. Beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən edilmiş ağır artilleriya və raket hücumları nəticəsində çoxsaylı mülki şəxs, o cümlədən azyaşlı uşaqlar həlak oldu, insanlar müxtəlif dərəcəli bədən xəsarətləri aldı, evləri yerlə yeksan edildi, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəydi.
Raket hücumları zamanı zərərçəkmiş şəhər sakinlərinin və onların yaxınlarının psixioloji sağlamlığına da ağır zərbə vuruldu. Hadisə baş verən andan erməni vandalızminin qurbanı olan Gəncə sakinləri hər bir vətəndaşının yanında olan dövlətimizin diqqqət və qayğısı ilə əhatə edildilər.
Dövlət rəsmiləri, Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri, ölkə vətəndaşları Gəncəyə gələrək, Ermənistanın günahsız mülki insanlara qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə yaxından tanış oldular. Hər zaman ölkəmizin yanında olan qardaş Türkiyənin rəsmiləri, nümayəndə heyəti erməni vandallarının terrorundan zərər çəkən Gəncə şəhərinə səfər etdi, raket düşən ərazilərə baş çəkdilər.
Eyni zamanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə dəfələrlə səfər etdi, faktaraşdırıcı missiyasını həyata keçirdi. Qardaş Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçlə birlikdə Gəncəyə növbəti səfər zamanı da Ombudsman Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib, həlak olan, yaralanan və zərər çəkən ailələrin yaxınları ilə görüşüb.
Dünyanın nüfuzlu mətbuat agentliklərinin və telekanallarının əməkdaşları Gəncəyə səfər edərək, erməni vandallarının barbarlıqlarının şahidi oldular və dünya içtimaiyyətinə çatdırdılar. Hər kəs Azərbaycanı qələbəyə aparan 44 gün ərzində dünya,bəşəriyyət xalqımızın birliyinin, həmrəyliyinin şahidi oldu.
İndi əsas vəzifəmiz bu həmrəyliyimizi, birliyimizi qorumaqdır. Bir daha birliyin, bütövlüyün, həmrəyliyin gücünün, qüdrətinin, xarüqələr yaratdığını gördük. “El bir olsa, dağ oynadar yerindən”, “El gücü, sel gücü” - müdrik Atalar sözlərini reallığına şahidlik etdik. Üç əsrlik "Böyük Ermənistan" planını dəmir yumruq olub məhf edən Azərbaycan xalqı bundan sonra ölkə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə “Qarabağa qayıdış”layihəsini də birlikdə layiqincə icra edəcək. Milli birlik, həmrəylik sayəsində 30 ilə yaxın müddət ərzində düşmən tapdağından əziyyət çəkən torpaqlarımız başdan-başa gülüstana çevriləcək.
Gəlin, bundan sonra da birliyimizə, həmrəyliyimizə zərər gətirən addımlar atmayaq, Vətən naminə, xoşbəxt gələcək naminə bir-birimizə dəstək olaq.
Biz birlikdə güclüyük!