İkinci Qarabağ Müharibəsinin yekununda imzalanan 10 noyabr üçtərəfli bəyanatına əsasən Qarabağda yerləşdirilən rus sülhməramlıları bəzi məqamlarda təxribat xarakterli addımları ilə gündəmə gəlir. Belə ki, daha öncə qondarma Dağlıq Qarabağın bayrağını Rusiya bayrağı ilə yanaşı nümayiş etdirən sülhməramlılar Azərbaycan cəmiyyəti tərəfindən ciddi qınaqla üzləşmişdilər. Buna baxmayaraq, Azərbaycana qarşı yönələn növbəti təxribatın da şahidi olduq. Belə ki, sülhməramlı qüvvələrin əsgəri ermənilərə müraciət edərək, Qarabağa qayıtmalarına çağırış edib və onların təhlükəsizliyinə cavabdeh olduqlarını deyib. Bu cür addımlar Azərbaycan cəmiyyətinin sülhməramlıların neytral mövqedə olmasına şübhələrini artırmaqda davam edir.
Məsələ haqqında Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc söyləyib ki, sülhyaradıcı missiya dövlətlər arası konfliktə aiddirsə, konkret müşahidə altında saxladığı ərazilərin mənsub olduğu dövlətin qanunları çərçivəsində öhdəlik götürür:
“Yalnız burada konkret olaraq BMT, o cümlədən ATƏT-in hansısa bir konvensional hüququ əsas götürülmür. Eləcə də, milli qanunvericilik aktları qəbul edilir ki, bura istər coğrafi məkandan, su sərhədlərindən, əmlakdan, texnikadan, avadanlıqdan tutmuş insanlarla münasibətlərə qədər hamısı daxildir. Həmçinin sülhməramlıların vəzifəsidir ki, hava məkanından istifadə məsələlərində də dövlətin qanunlarını gözləsin, ona əməl etsin. Bu missiya sülh yaratmırsa, üçüncü tərəf olaraq öz maraqlarını sürürdürürsə, regiona geopolitik maraq zonası qaydasında yanaşılırsa, heç bir halda sülh qüvvəsi kimi baxılmır”.
Deputatın fikrincə, Qarabağda 10 noyabrdan sonrakı vəziyyət bütün hallarda Azərbaycanın hüquqlarının addım-addım gerçəkləşdirilməsi istiqamətindədir. O qeyd edib ki, vəziyyət özünü ilk növbədə ermənilərin üç rayonumuzu boşaltmağa məcbur qalması ilə göstərdi:
“Razılaşaq ki, bu sıradan bir hadisə deyil. Yəni söhbət ondan getmir ki, ermənilər danışıqlara, diplomatiyaya söykənib, bunu etdilər. Təbii ki, yox! İşğalçı dövlət bunu etmək fikrində olsaydı, 26 sentyabra qədər həyata keçirərdi. Bütün hərəkətlər - yeni xəritələrin cızılmasından tutmuş, Qarabağı “Qafqazın zümrüdü” adlandıraraq, dünyaya tanıtmaq, hansısa ölkələrdəki kiçik ofisləri diplomatik korpus kimi təqdim etmək və s. ikinci erməni dövlətinin yaradılmasına xidmət edirdi. Buna görə də 10 noyabr - 1 dekabr zaman intervalında baş verənlər ermənilərin Azərbaycanın müzəffər ordusuna məğlubiyyətinin nəticəsini göstərir. Onda sonrakı mərhələdə sülhyaradıcı qüvvələr maksimum çalışdılar ki, sərhəd xəttləri razılaşdırıla bilsin. Bu çox böyük bir tarixi məsələdir. Onu da qeyd etməliyik ki, Azərbaycanın Ali Baş Komandanı Silahlı Qüvvələrin gücü ilə hər bir qarış Vətən torpağı uğrunda onun cığır, yamac, yarğan, daş, qaya olmasından asılı olmayaraq, Kəlbəcərdən Zəngilana qədər 100 kilometrlərlə məsafəni əhatə edən və yetərincə strateji önəm daşıyan tərəflərin müəyyənləşdirməsi prosesi işləməkdədir. Bunun elə nöqtələri var ki, orada konflikt daha fərqli bir məqama keçə bilər. Onda Ermənistan və Azərbaycan arasında digər ərazilər uğrunda münaqişə yarana bilər.
Doğrudur, 1990-cı illərin nəticəsində Zəngilan, Qubadlı ələ keçirilmişdi. Lakin 44 günlük bizim üçün müqəddəs müharibədə həmin ərazilərin mütləq hissəsi azad edildi. Bununla bərabər müəyyən nöqtələrdə ermənilər qalmaqda idi. Azərbaycan dövləti və onun lideri cəmiyyətlə bu ağırlığı bölüşmədən bağlı qapılar arxasındakı diplomatik səriştəsi, iradəsi ilə elə addımlar atdı ki, orada hansısa bir silahlı əməliyyatlara ehtiyac qalmadı. Nəticədə, Zəngilanın 16, Qubadlının 21 kəndi də azad olundu. O nöqtələrdə Gorus, Qafan yoluna artıq Azərbaycanın hərbi qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin nəzarət etməsi Ermənistanın, müxtəlif siyasət adamlarının qiymətləndirdiyi kimi guya onların təhlükəsizliyinə zərbə vurmuş olur. Onlar indi gecə-gündüz bizim ordumuzun kölgəsinin İrəvana, Zəngəzura, düşməsindən danışırlar. Ona görə də sosial şəbəkələrdə paylaşılan hər hansı kadr erməni cəmiyyətində çox dərin əks-səda doğurur, toqquşmalara səbəb olur. hakimiyyətlə müxalifət arasında gedən savaşı bir qədər də dərinləşdirir”.
Qarşıdakı dövrlə bağlı düşüncələrini ifadə edən Zahid Orucun sözlərinə görə, sülhyaradıcı qüvvələr üçün bu fəaliyyətin hüquqi bazasının yaradılması fonunda, digər addımların atılmasına da ciddi ehtiyac olacaq:
“Düşünürəm ki, burada əlavə Ermənistan-Azərbaycan arasında imzalanan 10 noyabr bəyannaməsinin bütün müddəaları icra olunmalıdır. Yəni erməni hərbi birləşmələri Qarabağ ərazisindən son nəfərinə qədər çıxarılmalıdır. Ali Baş Komandanımızın xalqa müraciətlərində də məlum oldu ki, o qüvvələr terrorçu sayılacaqlar. Bu anlama gəlir ki, onları hərbi əsir kimi yox, terrorçu kimi zərərsizləşdirməliyik. Bunun paralelində Xocavəndin, Xocalının, Ağdərənin də tamamilə Azərbaycanın hüquqi nəzarətinə keçməsi və köçkünlərimizin də dönüşünün oraya təmin edilməsi mexanzmləri ən qısa zamanda işə salınmalıdır. Ona görə də orada baş verən müəyyən dövlətin arasında zidd addımları danışıqlar yolu ilə aradan qaldırmağa çalışmaq lazımdır. Ziddiyyətli məqamlardan biri də bundan ibarətdir ki, Rusiya hərbi qüvvələri içərisində Ermənistanı neytrallaşdırmaq, Rusiyanın imicini gücləndirmək, Paşinyandan sonrakı dövrdə də ermənilərin Moskvadan aslılığı qoruyub saxlamaq üçün müəyyən addımlar atılması gözlənilir. Bu zaman epizodik cəhdlər baş verir. Azərbaycan dövləti Rusiya siyasətinin elitası və hərbi qüvvələri ilə çox yaxşı kommunikasiyaya malikdir. Bu çox önəmli bir hadisədir. Xüsusilə qardaş ölkənin hərbi və siyasi mövcudluğu istənilən başqa bir ssenarilərin qarşısını alır. Belə olan təqdirdə elə bir fəaliyyət düzənləməlidir ki, birinci növbədə Laçın dəhlizi ifadəsi dövriyyədən çıxsın. Şuşaya çəkdiyimiz yollar bizi bütövlükdə Qarabağa, dediyimiz kimi Xankəndinə qədər də qovuşdursun. O dəhliz kölgədən itsin.
Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıyacağı, bütün iddialarını kənara qoyacağı təqdirdə, kommunikasiyaların yaradılması reallaşsın. Bununla birlikdə, Naxçıvana gedən yolun açılması, Türkiyə və Azərbaycanın daha yaxın bir kommunikasiya ilə iqtisadi, siyasi, mədəni, mənəvi birləşməsi reallaşmış olsun. Biz konkret olaraq tabloya bütöv baxmalıyıq. Narahatlığını biruzə verən qüvvələrin mövqeyini dəyərləndirməliyik. Onların belə düşünmələri üçün müəyyən əsaslar baş verir. Xatırlayırsınızsa, xəritələrin tərtibi zamanı müəyyən çıxıntılar baş verdi və ictimaiyyət ona operativ reaksiya göstərdi. Həmin gündə anında xəritədə düzəliş edildi. Bu bir daha göstərdi ki, Vətən torpağının bir qarışının davasınında bütün səviyyələrdə getdiyini göstərdi. Üçüncü bir ölkə hansısa qərb dövləti Fransa və ya qeyrisi bizim mənafeylərimizin ziddinə, bütövlüyümüzün əleyhinə strategiyalar qura bilməz. Biz 1990-cı illərdən bu yana fərqli bir reallıq formalaşdırmışıq. Bundan sonra isə bütün hərbi gücümüzü iqtisadiyyata, bölgənin qorunmasına yönəltməliyik. Bunu da nəzərə alaraq, Ali Baş Komandanın 2021-ci ildə ilk strateji addımı kimi Qarabağ Dirçəliş Fondunu yaratdı. Məqsəd budur ki, bütün dünya azərbaycanlıları bu ideya ətrafında birləşə bilsinlər”.
Nəzrin Vahid