Modern.az

Qınamaq

Qınamaq

6 Avqust 2012, 13:44

Qınamaq – özünü və başqasını gizli və açıq şəkildə pisləmək, aşağılamaq, alçaltmaqla cəzalandırmaqdır.  

***
Qınağı yaradan – özündəki və başqasındakı suçdur, çatışmazlıqdır, yanlışdır; özündə və başqasındakı suç, çatışmazlıq, yanlışla barışmazlıqdır.  

***
Qınaq başlıca olaraq həqiqətsizlikdən yaranan mühakimə yöntəmidir. Ona görə ki, insanda qınağa səbəb olan hal həqiqətsizlikdən baş verir.

***
Qınaq həqiqətsizliyə qarşı olan həqiqət kimi görünür, bilinir. De gəl, o, həqiqəti yox, həqiqətsizliyi təsdiq edir. Ona görə ki, həqiqətçinin istəyi qınamaq deyil – acımaqdır, ifşadır.

***
Qınaq – yalandan acımaqdır, ifşadır.

***
Qınanılan – əzilir, danlanır, alçaldılır, tənqid edilir, ələ salınır, suçlanır, pislənir, bir sözlə – tutduğu işə bərabər sayılır.

***
Hamı bir-birini qınayır. Kimsə o birinin qınağından qorxmur.

***

Qınayan da qınanılır. Ona görə ki, qınayan özü də həqiqətsizdir.  

***
Özünü qınamaq – öz həqiqətsizliyini təsdiq etməkdir.

***
Başqasını qınamaq – özün həqiqətsiz olduğun halda başqasında həqiqətsizlik axtarmaqdır.

***

Başqasını qınamaq – başqasının çatışmazlığını, suçunu pisləməklə, açıb-ağartmaqla yanaşı, öz ağalığını, üstünlüyünü onun üzərində təsdiq etmək istəyidir.

***

Kimisə qınamaq varsa, demək, ortada həqiqətsizlik var.

***
İnsanlaşmaq, insanlaşdırmaq işində qınamaq yoxdur, ola bilməz. Qınamağa, qınanmağa əsaslanan insanlaşma – yoxdur.

***
Qınamada özünü və başqasını böyütmək, dəyərləndirmək yoxdur.

***
Qınaq – inamsızlığın, idraksızlığın, mənəviyyatsızlığın, iradəsizliyin yaratdığı ağrı-acı, iztirabdır.

***

İctimai qınaq – ictimai cəzadır.

***
İctimai qınaq – çoxluq vasitəsilə kimisə, kimlərisə əzmək, pisləmək, cəzalandırmaqdır, çoxluqdan asılı etməkdir.
***
İctimainin pisi qınaması üzəvaridir, əslində o, həmişə yaxşını qınayır.

***
Qınaq həm də başqasıyla əylənmək üçün bir bəhanədir.

***
Həqiqətçi qınaqdan üstün, yüksəkdir, ona görə ki,  həqiqətsizlikdən qurtulmuş şəxsdir.

***

Həqiqətçi başqasını qınamır – ona acıyır, başqasındakı şəri çəkinmədən ifşa edir.

***
Acımaq, mərhəmət göstərmək – ruhani gücdür.  

***
İfşa – həqiqətçinin yarağıdır.

***
Ruhani gücü olmayan – acıqlanır, qınayır.

***
Acıqlanan – yenikdir, acıyan – qalib.

***
Dünyada qınamaqdan asan iş – yoxdur.

***
Dünyada ucaltmaqdan, dəyərləndirməkdən çətin iş – yoxdur.

***
Atamız var olsun!

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!