Modern.az

Müxalifətdən Siyavuş Novruzovun şeirinə cavab: “Axır ki, öz sənətini tapdı”

Müxalifətdən Siyavuş Novruzovun şeirinə cavab: “Axır ki, öz sənətini tapdı”

Təhsil

6 Avqust 2012, 14:00

"Siyavuş Novruzov siyasətlə məşğul olmaqdansa, gedib şeirlər yazsın”

Müsavat başqanının müavini Tofiq Yaqublu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müxalifətə həsr etdiyi ironiyalı şeirə münasibət bildirib. O, Modern.az-a açıqlamasında Siyavuş Novruzovun bu addımını müsbət qiymətləndirdiyini bildirib.

“Mən çox şad oldum ki, Siyavuş Novruzov şeir dedi. Çünki mən onun hüquqşünas olmağına ciddi şübhə edirəm. O adam danışıqları ilə, dedikləri ilə sübut edir ki, onun hüquq elmindən xəbəri  yoxdur. Görünür şeirə həvəsi var, gedib şeir yazsın, yeni-yeni şeirlər oxusun, əzbərləsin. Siyavuş Novruzovun hüquqla məşğul olmasına ehtiyac yoxdur.
Poeziyanı çox sevsəm də, mütaliə etsəm də, mən ona şeirlə cavab vermək niyyətində deyiləm. Siyavuş Novruzovun poeziya qabiliyyətini dəyərləndirirəm. Yaxşı olar ki, siyasəti buraxıb gedib şeirlə, poeziya ilə məşğul olsun. Bu onun üçün daha faydalı olar”, - deyə T.Yaqublu vurğulayıb.

Müsavat rəsmisi müxalifətin prezident seçkilərində uduzacağı ilə bağlı Siyavuş Novruzovun səsləndirdiyi fikirlərə belə cavab verib:

“Bu yaxınlarda bizim idmançımız Maqamed Əbdülhəmidov yarışda yaponiyalıya qalib gəlsə də, onu məğlub elan elədilər. Biz də bu hakimiyyətlə mübarizədə hər zaman qalib gəlsək də, Məzahir Pənahov YAP-çıların əllərini qalib kimi qaldırır. Siyavuş Novruzovun müxalifət haqda belə boş sözlər danışmasının əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, Siyavuş Novruzov müsahibəsində müxalifətin hakimiyyətə gəlmək arzusuna ironiyalı şəkildə belə bir şeir oxuyub.

Bu qatar da belə getdi,
 Mən atılıb minəmmədim.
 Söykənmişəm mən söyüdə,
 Hələ də bar gözləyirəm.
 Qatarlanıb illər gedir,
 Mənsə qatar gözləyirəm.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü