"Mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq".
Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
"Mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir. Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. Çünki bu ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır", - Prezident əlavə edib.