Modern.az

Müharibədən zərər çəkmiş 1441 nəfərin psixo-emosional vəziyyəti araşdırılıb

Müharibədən zərər çəkmiş 1441 nəfərin psixo-emosional vəziyyəti araşdırılıb

7 Yanvar 2021, 17:56

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və iştirakı ilə 2020-ci ilin noyabr ayından etibarən müharibədən zərər çəkən ailələrə yardım məqsədilə psixososial dəstək layihəsi həyata keçirilir.

Bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Goranboy və Ağdam rayonlarında müharibədən zərər görən 600-dən çox ailəyə səfər edilmiş, sorğu anketi əsasında tibbi-sosial-hüquqi problemlər araşdırılıb.

Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarının iştirakı ilə Ağdamın Dördyol 1 qəsəbəsində, Goranboyun Tapqaraqoyunlu, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində ailələrin qiymətləndirilməsi aparılıb. Ümumilikdə 1441 nəfərin ilkin psixo-emosional vəziyyəti qiymətləndirilmiş, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi həyata keçirilməkdədir. Mərkəz əməkdaşları Tərtər rayonundan olan ailələrə də səfər edib.

Bundan əlavə, Goranboy UADM-ın əməkdaşları könüllü olaraq noyabr ayından etibarən Naftalan şəhər Reabilitasiya Mərkəzində müharibədən əziyyət çəkmiş ailələr, şəhid ailələri, müharibə qaziləri və onların ailə üzvləri ilə psixososial iş aparılmaqdadır.

Qeyd edək ki, müharibə dövründə də Ağdam, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri müvəqqəti sığınacaqlara yerləşdirilən ailələrlə qeyd olunan istiqamətlərdə  iş aparıblar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi