Bir neçə gün bundan qabaq Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanıb. Fərmana əsasən respublikanın rayon İcra Hakimiyyətlərində xüsusi bir strukturun, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Belə bir dövlət qurumunun yaranması bir daha göstərir ki, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin problemləri instutlaşmış formada İcra hakimiyyətlərinin xüsusi bir şöbəsində həll olunacaq”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
Məlahət İbrahimqızının sözlərinə görə, həqiqətən də Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin bəzi problemləri var kı, institutsional mexanizmin olmamasından bu problemlərin həllində süründürməçilik və bürokratik əngəllik yaradırdı:
“İcra hakimiyyətlərində yaradılacaq bu şöbə əhalimizin bu qrup təbəqəsinin problemlərini sistemli, planlı və mütəşəkkil şəkildə həll edəcək. Bu mənada imzalanmış fərman ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Xüsusilə Vətən müharibəsi, həm 1-ci Qarabağ, həm də 2-ci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri tərəfindən minnətdarlıqla qarşılanıb. Hesab edirəm ki, gələcəkdə bu şöbələrin təşkilində və şöbənin fəaliyyətinə məhz Vətən müharibəsi iştirakçıları, əziz şəhidlərimizin ailə üzvləri də cəlb olunacaq. Sözsüz ki, ixtisaslı dövlət qulluğu imtahanını vermiş vətəndaşlara, yəni Vətən müharibəsi iştirakçılarına işə qəbul prosesində üstünlük verilməlidir”