"Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ" adlı sosial şəbəkələrdə dərc olunmuş məqalə ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi cavab verilib.
Modern.az Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən məlumat verir ki, Vətən müharibəsinin iştirakçısı olmuş Allahverdiyev Vasif Bayram oğlu 10 noyabr 2020-ci il tarixdə ailə üzvü və yaxınları ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyətində qəbul edilərək, diqqətlə dinlənilib. Beyləqan rayonunda qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşayan Allahverdiyev Vasif Bayram oğlunun müraciətinin əsas səbəbi mənzillə təmin edilməsi olub. Bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların dövlət hesabına mənzillə təmin olunması barədə qanunvericiliyin tələbləri və qaydaları ətraflı izah edilib, bununla bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunduqdan sonra rayon rəhbərliyi tərəfindən qəbul edilməsi barədə heç bir tələbi olmayaraq, inzibati binanı tərk edib.
Əlavə olaraq qeyd etmək istərdik ki, Rayon İcra Hakimiyyətində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri pandemiya şəraitinin tələblərinə uyğun olaraq növbədənkənar qəbul edilir. Eyni zamanda qazimizin qəbulla bağlı hər hansı tələbi olarsa, Rayon İcra Hakimiyyətində növbədənkənar qəbul edilməsi təmin ediləcək.