"Əsas məsələ qanunun işlək mexanizmidir” – Mətbuat Şurasının sədri
““İnformasiya əldə etmək haqqında” Qanunda göstərilib ki, soruğuçuya informasiyalar ödənişsiz, ödənişli və ya güzəştli şərtlərlə verilə bilər. Bunların hamısı ilə bağlı Nazirlər Kabineti yeni bir sənəd qəbul edib. Qanunda öz əksini tapmış həmin müddəalar əsasında ayrı-ayrı qurumların sənədləri, sərəncamları çıxır və Nazirlər Kabinetinin məhz “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan məsələləri həyata keçirmək üçün bir növ qaydalar hazırlayıb”.
Bu sözləri Modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, həmin qanunda birmənalı qaydada göstərilib ki, informasiyalar hansı formada verilə bilər.
“Adətən, informasiya ödənişsiz olur. Bununla yanaşı, haqqı ödənilən və ya güzəştli şərtlərlə verilən informasiyalar da ola bilər. Nazirlər Kabinetinin qərarında olan məsələlərin hamısı “İnformasiya əldə etmək haqqında” Qanun da öz əksini tapıb. Bu qanun 6 ildir ki, qüvvədədir, olduqca müasir qanundur. Bunu başa düşmək üçün bir misal çəkim. Tutaq ki, Modern.az Milli Hidrometreologiya Departamentindən iyul ayında Azərbaycanın ayrı-ayrı rayonlarına düşən yağıntının miqdarını öyrənmək istəyir. Bunu araşdırıb sizə cavab vermək üçün əvvəlcə həmin təşkilatın bir nəfər üzvi və ya şöbəsi iyul ayını hesablamalı, sistemləşdirməli sizə verməlidir. Belə araşdırma kifayət qədər vaxt tələb edir və nəticədə həmin qurumun işinə ciddi maneçilik törədilir. Belə olan hallarda ödəniş tələb oluna bilər”.
Ə.Amaşov bu qaydaların dünyanın hər yerində belə olduğunu vurğulayıb. Lakin o, bunun işlək mexanizminin hazırlamağın vacib olduğunu bildirib. “Bu vacib şərtdir ki, məhdud sayda informasiyalar alanda müəyyən problemlərlə qarşılaşmayaq”.
Aytən Əliyeva