“İstənilən məcburi köçkün müraciətinin icrası vəzifə borcumuzdur”
81 saylı Beyləqan seçki dairəsinin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Ayaz Orucovun Modern.az saytına müsahibəsi
– Necə oldu ki, deputat olmağa qərar verdiniz?
– Mən lap gənc yaşlarımdan komsomol sıralarında çalışmışam. İnstitut komsomol təşkilat katibinin müavini vəzifəsinə qədər yüksəlmişəm. Sonra uzun illər sovet orqanlarında, tikinti sahəsində çalışdım. Bir müddət bu sahədə çalışandan sonra, özəl sektora keçdim. Özəl sektorda böyük bir şirkətlər qrupu yaratdıq. Beyləqan rayonunun Şahsevən kəndində doğulmuşam. Orta məktəbə orada getmişəm, 8-ci sinfi orada bitirmişəm. 8-ci sinfi bitirəndən sonra Bakıya gəldim. Dəqiq elmlərə marağım olub. O zaman fizika-riyaziyyat təmayüllü məktəbə daxil oldum və oranı bitirdim. Sonra Azərbaycan Dövlət Neft Akademiyasında, İnşaat Mühəndisliyi İnstitutunda təhsil aldım. Bizneslə məşğul olan dövrlərdə Beyləqanla çox sıx əlaqəm oldu. Beyləqana tez-tez gedib, gəlirdim. Zaman-zaman fikirləşirdim ki, Beyləqanın ictimai-siyası həyatında daha yaxından iştirak etməliyəm, Beyləqan bölgəsinin problemlərində daxili imkanlarımdan istifadə etməliyəm. İnsanlarla ünsiyyətdə olduqca, onlarla daha tez-tez görüşdükcə, həm onların, həm də özümün belə bir fikiri oldu ki, mən rayonunun maraqlarını, rayon ərazisində yaşayan insanların maraqlarını Milli Məclisə təmsil etsəm, daha düzgün olar. Onların gündəlik problemləri ilə daha yaxından məşğul olmaq, arzu-istəklərini ölkə ictimaiyyətinə çatdırmaq üçün bu təşəbbüsdə bulundum.
– Deputatın vəzifələrini icra etmək çətindir, yoxsa asan?
– Ümumiyyətlə, həyatda hansı işin qulpundan yapışırsansa, yapış, əgər sən həqiqiqətən də ürəkdən o işi seçmisənsə, orada müəyyən çətinliklər, müəyyən özəlliklər də var. Amma yaranmış çətinlikləri zaman-zaman aradan qaldırmaq üçün səy göstərirsənsə, bu çətinlikləri dəf edəcəksən. Elə taleyüklü məsələlər var ki, onu təkbaşına həll edə bilmirsən. Bu məsələlərin həllində müvafiq icra qurumlarına, səlahiyyət sahiblərinə üz tutursan. Ölkə başçısının yeritdiyi siyasət nəticəsində istənilən taleyüklü məsələni, istənilən problemi həll etmək mümkündür. Düşünürəm ki, Azərbaycan qarşısında ən böyük taleyüklü olan Dağlıq Qarabağ məsələsini də ölkə başçısının rəhbərliyi altında çözəcəyik və Azərbaycan öz əzəl torpaqlarına qayıdacaq. Mən milllət vəkili olmaqla yanaşı, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf fondunun direktoruyam. Ölkə rəhbərliyinin tapşırığı ilə yeni yaşayış məskənləri salınır. Düşünürəm ki, əgər etimad göstərsələr, zaman-zaman işğaldan azad olunmuş torpaqlarımızda da yeni qəsəbələr, yeni şəhərlər tikib, doğma bacı-qardaşlarımızı həmin qəsəbələrdə, şəhərlərdə, kəndlərdə məskunlaşdıracağıq.
– Millət vəkilinin əsas funkisyalarından biri qanun yaradıcılığı prosesində iştirak etməkdir. Sizin qanun layihəsi hazırlayıb təqdim etməklə bağlı təşəbüssünüz olub, yoxsa müzakirələrdə iştirakla kifayətlənirsiniz?
– Qanun layihəsi, qanun yaratmaq, yaxud təklif olunmuş qanunların yaranmasında, onların müzakirəsində iştirak etmək prinsipcə hər bir millət vəkilinin borcudur. Əgər millət vəkili qanunverici orqanda çalışırsa, elə onun birbaşa vəzifə borcu qanunların yaradılması, təkliflərin verilməsi, təklif kimi verilmiş qanunların müzakirəsi, müzakirəsi tamamlanmış qanunların Milli Məclisdə qəbul edilməsi bunlar, millət vəkilinin birbaşa borcudur. Mən də bütün millət vəkilləri kimi yeni qanunların yaranmasında təşəbbüsdə bulunmuşam, təklif olunan qanunların müzakirəsində çıxış etmişəm. Müzakirəsi bitmiş qanunaların qəbul olunmasında millət vəkili kimi öz səsimi vermişəm. Düşünürəm ki, gələcək fəaliyyətimdə də bu işimi davam etdirəcəm.
– Seçildiyiniz Beyləqan rayonunda hansı problemlər var ki, hələ də həllini tapmamış qalır?
– Ümumilikdə, ölkədə gedən iqtisadi yüksəliş Beyləqan rayonundan da yan keçməyib. Beyləqanın sosial problemləri bu gün çox sürətlə aradan qalxır. Beyləqanın kəndləri qazlaşdırılır, Beyləqanda kənddaxili yollarda ciddi işlər gedir. Beyləqan Ağcabədini birləşdirən yeni bir yol salınır, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu işə 6 milyon vəsait ayrıldı. Beyləqanda su-kanalizasiya işlərinin yenidən qurulması üçün xarici donorkar vəsait ayırıblar. Bu sahədə artıq layihə işləri bitir, yaxın zamanlarda bunun tikintisinə başlanılacaqdır. Eləcə də Beyləqan kəndlərinin içməli su ilə təminatı, kəndlərin daxili yollarının bərpası elektrik təchizatı kimi işlər aparılır. Beyləqan böyük bir tikinti meydançasıdır və düşünürəm ki, bu gün Beyləqanda olan xırda sosial problemlər də zaman-zaman öz həllini tapacaq.
– Namizəd olan vaxt deputatlar seçicilərinə bir çox vədlər verir. Bir deputat kimi verdiyiniz vədlərdən hansılarını yerinə yetirmisiniz?
– Yerinə yetirmədiyim vədlər yoxdur. Sadəcə mən onları saymaq istəmirəm. Buna təvazökarlıq imkan vermir..
– Seçiciləriniz əsasən, hansı məsələlərlə bağlı sizə müraciət edir? Məsələn, maddi yardım da istəyən olur?
– Həm maddi yardım, həm də ev, torpaq da istəyən olur. Səhiyyə problemləri ilə də bağlı müraciət edənlər olur və müraciət edən hər bir şəxsin müraciətinə tərəfimizdən baxılır və müvafiq orqanlardan həmin problemlərin həll olunması istiqamətində əməli tədbirlər görülür. Bir millət vəkili kimi deyil, bir vətəndaş kimi müraciət etmiş şəxsə kömək etməyə çalışıram və düşünürəm ki, aidiyyatı orqanlar da həmin problemlərin həllində vaxtında reaksiya verirlər.
– Beyləqanlı seçicilərin problemlərini Milli Məclisdə, eləcə də hansısa digər təşkilatların qarşısında qaldırmısınızmı?
– Millət vəkilinin rolu regionun iqtisadi və infrastruktur problemlərinin həllində deyil, regiona aid müvafiq qanun və qərarların qəbul olunmasında olmalıdır. Bu gün nəinki Beyləqanda, ölkənin istənilən bölgəsində “Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramı” həyata keçirilir. Ona görə də fəaliyyətimizdən, bizim bu məsələ ilə məşğul olub-olmamağımızdan asılı olmayaraq, dövlət proqramı həyata keçirilərkən bütün bu sosial proqramlar aradan qalxır. Bunu bir deputat kimi hansısa bir yerdə müzakirə etməyimizə, hansısa bir dövlət qurumu qarşısında qaldırmağımıza ehtiyac qalmır.
– Bəzən Beyləqanda məmur-vətəndaş münasibətlərinə dair məlumatlar yayılır, bildirilir ki, məmurlar vətəndaşları süründürməçiliyə salır, problemlərinin həllinə biganə yanaşırlar. Siz məmur-vətəndaş münasibətləri barədə nə deyə bilərsiniz?
– Gəlin, ünvansız danışmayaq. Cəmiyyətdə çox söz-söhbət gəzə bilər, amma mən belə bir hallarla rastlaşmamışam. Beyləqanın bütün icra orqanlar, məmur komandası ölkə prezidentinin həyata keçirdiyi siyasəti dəstəkləyir, həmin siyasi xətti layiqincə yerinə yetirir. Əgər hər hansı bir qanun pozuntusu olarsa, bu qanun pozuntusu ilə bağlı müvafiq orqanlara müraciət olunur və dərhal onlar öz həllini tapırlar.
– Seçicilərlə görüşlərinizi necə təşkil edirsiniz?
– Seçicilərlə görüşlərimi təşkil etmək üçün mənim köməkçim var. Köməkçilərim vasitəsilə hansı ərazidə görüş keçirirəmsə, görüşdən bir neçə gün qabaq həmin ərazilərə dəvətnamələr göndərirəm. Müraciətlər olunur. Görüş günü təyin olunur və görüş günündə həmin bölgəyə gedirəm və insanlarla təmasda oluram, onları dinləyirəm və onları maraqlandıran, narahat edən problemlərə qatılıram və imkanım daxilində həmin problemlərin çözülməsində yardımçı oluram.
- Necə düşünürsünüz, seçicilər sizdən razıdırlarmı?
– Bunu mənim deməyim qeyri-təvözakarlıq olar. Bu barədə seçicilərimdən soruşmaq lazımdır.
– Rəhbəri olduğunuz Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun qarşısında duran əsas vəzifə nədir?
–Fondun əsas vəzifəsi məcburi köçkünlərin üzləşdiyi sosial problemlərin həllini vaxtında yerinə yetirməkdir. Yəni ölkə başçısı tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı dövlət proqramları qəbul olunub. Həmin dövlət proqramlarının icrası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən yerinə yetirilir. Bu günə kimi 71 qəsəbə və məhəllə salınıb və bu 71 qəsəbədə, 120 mindən artıq müvəqqəti olaraq, məcburi köçkün məskunlaşıb.
– Fondun işi elə ancaq məcburi köçkünlərə bina tikməkdən ibarətdir? Yoxsa digər sosial layihələriniz də var? Əgər varsa, bunlar hansılardır?
– Məcburi köçkünlərin Sosial İnkişaf Fondu eyni zamanda mikro layihələr həyata keçirir. Bu mikro layihələr məcburi köçkünlərin gündəlik rastlaşdığı sosial problemlərin həlli, yol, su, elektrik layihələri, yataqxanaların, məktəblərin, uşaq bağçalarının təmiri, inzibati binaların, idman mərkəzlərinin tikintisi ilə bağlıdır. Bütün bu problemlərin həlli ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məşğul olur.
– Heç olurmu ki, məcburi köçkünlərdən hansısa problemlərə görə sizə müraciət edənlər olsun?
– Bəli, məcburi köçkünlər tez-tez bizə müraciət edirlər. Onların müraciətləri əsasında biz yerlərə səfərlər edirik və yerlərdə həqiqətən onların üzləşdiyi sosial problemlərin həllində onlara yardımçı oluruq. Heç bir müraciət bizim tərəfdən diqqətsiz qalmır. İstənilən məcburi köçkünün müraciətini yerinə yetirmək bizim vəzifə borcumuzdur.
– Bu yaxınlarda məcburi köçkünləri Mehdiabad qəsəbəsində salınmış şəhərciyə köçürəndə qalmaqal yaşandı. Bəzi köçkün ailələrinin etirazlarına baxmayaraq onları yarımzirzəmi otaqlara yerləşdirdilər. O binalardakı yarımzirzəmi otaqlar yaşayış üçünmü nəzərdə tutulub?
– O problemlərin həlli ilə məşğul olmamışam. Onunla bağlı heç bir fikir söyləyə bilmərəm. Amma Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bu problemlərlə məşğuldursa, o zaman orada heç bir problem ola bilməz. Görünür, dedi-qodudur.
– Siyasi prosesləri izləyirsiniz? Məsələn, Qarabağ problemi, Suriyada baş verən hadisələr barədə qənaətləriniz nədir?
– Bəli, Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” keçirildi. Bu seçkilər qeyri-qanunidir. Bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti öz mənfi fikrini söylədi. Eləcə də Avropa Şurası bu seçkiləri tanımadı. Bu barədə deyə bilərəm ki, Dağlıq Qarabağ separatçıları özlərini kim istəsələr, adlandıra bilərlər, amma bu gün də deyirəm ki, möhtərəm prezidentimiz dəfələrlə söyləyib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bir qarış da olsa, torpağımızı ermənilərə verəsi deyilik. Biz çalışırıq ki, bu proses sülh yolu ilə həll olunsun. Düşünürəm ki, ölkə başçısı, ali baş komandan cənab İlham Əliyev bu məsələnin həllində öz mövqeini göstərir, lazım olarsa, biz hər birimiz müsəllah əsgər kimi torpaqlarımızı düşmənlərdən azat etmək üçün vuruşacağıq və yaxın zamanlarda düşmən tapdağı altında qalmış Dağlıq Qarabağı, o gözəl vətənimizi düşmən tapdağından azad edəcəyik.
O ki qaldı Suriyada gedən proseslərə, təbii ki, bu heç də yaxşı proseslər deyil. Əgər bunun nəticəsində insan tələfatı baş verirsə, bu, doğurdan da qınanmalı bir prosesdir və bu proseslərin necə başa çatmasından asılı olmayaraq, düşünürəm ki, Suriya xalqı öz istəyini, nəzərdə tutduğu növbəti addımları, Suriya xalqının gələcəyinə xidmət edəcəkdir. Mən istənilən halda heç bir insanın, digər bir ölkənin daxili həyatına müdaxilə edilməsinin tərəfdarı deyiləm.
– Bəzən mətbuatda, cəmiyyətdə məcburi köçkünlər üçün tikilən binaların inşası zamanı yeyintilərə, mənimsəmələrə yol verildiyi qeyd olunur. Belə fikirlərə cavabınız nədir?
– Cəmiyyətdə çox fikirlər söylənilir. Amma mən onu söyləyə bilərəm ki, fakt biz o binaları tikirik və o insanlar gedib, onun içərisində yaşayır və bu gün onların hansına müraciət etsəniz, onlar bu görülən işə görə ölkə başçısına, ölkə hökumətinə öz minnətdarlığını bildirir və öz həyatlarından məmnundurlar. Bütün bunların fonunda, xırda dedi-qodulara əhəmiyyət vermirəm.
– Boş vaxtlarınız olan təqdirdə nə ilə məşğul olursunuz? Məsələn, bilirik ki, bəzi deputatlar boş vaxt tapan kimi ova gedirlər? Bəs siz?
– Mən ümumiyyətlə, boş vaxt məfhumunu qəbul etmirəm. Ovla məşğul olmuram. Müəyyən qədər planlı bir həyat yaşayıram. Əgər mənim hardasa, asudə vaxtım olursa, idmanla məşğul oluram. İdmanı, tennisi, üzgüçülüyü çox sevirəm. Cavan yaşlarımda çox ciddi idmanla məşğul olmuşam, ona görə də bu ənənəni davam etdirirəm.
– Mütaliə ilə aranız necədir?
– Mən mütaliəni çox sevirəm. Ümumiyyətlə, əsasən texniki ədəbiyyatı mütaliə edirəm.
– Milli Məclisdə kimlərlə dostluq edirsiniz?
– Hamısı ilə.
– Mətbuatda sizin haqqınızda heç də birmənalı yazılar yazılmır. Buna münasibətiniz necədir?
– KİV ilə əməkdaşlıq etməkdən nə yoruluram, nə də qaçıram. Onların istənilən sualınan da yayınmıram, istənilən sualı da cavablandırıram.
Nihadə Eyyubova