Müşfiq Ələsgərli: “Jurnalistlərə istirahət düşərgələrində şərait yaratmaq missiyasını yerinə yetirə bilmirik”
Hamı kimi jurnalistlərin də istirahət haqqı var, onlar da dincəlmək istəyir. Amma Azərbaycan jurnalistləri istirahət etmək üçün addım atanda nə həmkarlar təşkilatının köməyindən yararlana bilir, nə də hansısa güzəştli şərtlərdən istifadə edir. Hər şeyi öz hesabına edir. Jurnalistlər deyirlər ki, istirahət etmək üçün Jurnalistlərin Həmkarlar İttifaqına müraciət edirlər, lakin müraciətləri nəticəsiz qalır.
Modern.az bununla bağlı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHI) sədri Müşfiq Ələsgərlidən açıqlama istəyib.
“Jurnalistərin müraciətini qəbul edib, istirahət hüqüqlarının təmin olunması və pozulmuş hüquqularını bərpa edilməsi üçün çalışsaq da, konkret olaraq istirahət düşərgələrində şərait yarada bilmirik”,- deyə Müşfiq Ələsgərli bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müraciətlər çoxdur.
M.Ələsgərli qeyd edib ki, jurnalistlərə kömək göstərə bilməmələrinə səbəb Jurnalistlərin Həmkarlar İttifaqının Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olmamasıdır.
Müsahibimiz deyir ki, Azərbaycandakı sanatoriya və digər istirahət düşərgələri Həmkarlar İttifaqları Konfederasiyasıının tabeliyindədir və 28 müxtəlif sahə bu qurumda birləşib.
Konfederasiyaya üzv olmağa çalışdıqlarını deyən M.Ələsgərli sədri onu da qeyd etdi ki, bu yöndə danışıqlar aparılır və yaxın zamanda buna nail olacaqlar. Konfederasiyanın rəhbəri ilə danışıqların aparıldığını deyən Ələsgərli bu məsələnin Mətbuat Şurasında da müzakirə olunduğunu da vurğuladı.
Konfederasiyanın şərtlərini qəbul etməyə çalışdıqlarını deyən M.Ələsgərlinin sözlərinə görə, qurumun texniki şərtlərini qəbul etsələr də, hələ də üzv ola bilməyiblər. Buna səbəb isə Jurnalistlərin Həmkarlar İttifaqında fərdi üzvlüyə əsaslanmadır. Belə ki, Konfederasiyanın ilkin şərtləri ondan ibarətdir ki, hər bir redaksiyada həmkarlar təşkilat şəkilində qurulmalı və Jurnalistlərin Həmkarlar İttifaqında birləşməlidir. İlkin şərtlərdən digəri isə üzvlük haqqının köçürülməsidi.
Hazırda 7-8 redaksiyada həmkarlar təşkilatının qurulduğunu vuğulayan M.Ələsgərlinin sözlərinə görə, onların sayı 20 çatarsa, yenidən Həmkarlar İttifaqı Konfederasiyasına müraciət edəcəklər.
JuHİ sədri onu da dedi ki, sovet dövrü istisna olmaqla, bu günə qədər Azərbaycanda jurnalistlər güzəştlərdən istifadə edə bilməyiblər.
Məltəm Talıbzadə