Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisəyə baxış keçirib.
Komitədən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə “Rasimoğlu” adlı ət yarımfabrikatları və kulinariya məmulatlarından gürcü xingalı, pelmeni, ətli blinçik və yarpaq dolması qanunvericiliyin tələblərinə və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. Bundan başqa müəssisədə antisanitariya, normativ sənədlərin tələblərinə zidd olaraq istehsal olunan məhsulların resepturaları və texnoloji təlimatlarının olmaması, məhsulların etiketində heç bir əsas olmadan saxlanma müddəti 3 ay göstərilməsi aşkar olunub. Həmçinin etiketlərin üzərində mal əti və ya mal əti və qoyun ətindən istifadə olunduğu qeyd olunsa da, müəyyən olunub ki, məhsulların istehsalında yalnız camış ətindən istifadə olunub. Yarpaq dolmasının istehsalında qoyun və ya mal ətindən və piyindən istifadə olunması nəzərdə tutulsa da, faktiki Hindistan Respublikasından idxal edilmiş dondurulmuş camış ətindən istifadə olunub. İstifadə olunan Hindistan Respublikasının dondurulmuş camış ətinin və ABŞ-ın dondurulmuş toyuq budlarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatlar olmayıb. Həmçinin müəyyən olunub ki, istismar olunan 11 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunub.
Aşkar olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə gürcü xingalının, pelmeninin, ətli blinçiklərin və yarpaq dolmasının istehsalı və satışı qadağan edilib.
Gültəkin Ələsgər