Azərbaycanın sabiq baş prokuroru İxtiyar Şirinin 1993-cü il qiyamı ilə bağlı sərt çıxışları geniş rezonans doğurub. Gəncə hadisələri haqda mətbuata verdiyi açıqlamarı ilə diqqət çəkən İ.Şirin AMİP lideri Etibar Məmmədovun cinayət törətdiyini və onun tezliklə cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirib.
Keçmiş baş prokurorun cinayət törətməkdə ittiham etdiyi şəxslərdən biri də hüquqşünas Fuad Ağayevdir.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Fuad Ağayevdən münasibət öyrənib. Hüquqşünas İxtiyar Şirinin Gəncə hadisələri ilə bağlı dediklərini ciddi qəbul etmədiyini və heç bir cinayət əməlində iştirak etmədiyini vurğulayıb.
“İxtiyar Şirinovun söylədikləri o dərəcədə qeyri-ciddidir ki, şərhə ehtiyacı yoxdur. Heç özü də bilmir nə deyir. Mən nə cinayət törətmişəm, nə də belə zəif ruhlu adama cavab vermək istəyirəm. Açığı mən onun hüquqşünas kimi bu qədər zəif olduğunu bilmirdim”, - deyə F.Ağayev sabiq baş prokurora cavab verib.
Qeyd edək ki, İxtiyar Şirin Etibar Məmmədovla yanaşı AMİP-in rəhbərliyində təmsil olunan bir neçə şəxsin, o cümlədən mərhum Şadman Hüseynovun, hüquqşünas Fuad Ağayevin də Gəncə hadisələri ilə bağlı cinayət məsuliyyəti daşıdığını bildirib
Anar RÜSTƏMOV