Bakı Şəhər İcra Hakimiyyəti: “Müəssisə rəhbərlərinə göstərişlər verilib ki...
Ötən ilin dekabr ayında ölkə başçısının imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib. Bir ilə yaxındır ki, bağçalara nəzarəti
yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bəs bu müddətdə məktəbəqədər təhsil müəssisələrində yeni struktur formalaşdırılıb, hər hansı yenilik olubmu?
Modern.az məsələni araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxlayıb.
BŞİH-nin tərkibində yaradılan komissiyadan verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrində yeni struktur formalaşdırılana qədər əsas diqqət ərzaq təminatının yaxşılaşdırılmasına yönəldilib.
“Metodiki işlər öz qaydasındadır. Hazırda ərzaq təminatının yaxşılaşdırılması üzərində işləyirik. Müəssisə rəhbərlərinə göstərişlər verilib və onlar da uşaqların qidalanmasının normalara uyğun həyata keçirirlər”.
Məlumatda həmçinin qeyd edilib ki, bağçalarla bağlı yeni strukturun formalaşması məsələsi də artıq bitmək üzrədir:
“Yeni struktur artıq formalaşmaqdadır. Bundan əlavə, prezidentin sərəncamına əsasən 30-dan artıq uşaq bağçasında yenidənqurma, təmir işlərinə başlanılıb. Eyni zamanda prezidentin yeni fərmanına əsasən, də bir neçə bağçaya əlavə korpus tikilir. Bu da bu gün bağçalara ehtiyac olan bir zamanda doğurdan da lazımlı bir şeydir. Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinə birbaşa nəzarət edilir”.
Uşaq bağçalarındakı vəziyyətin qeyri-qənaətbəxş olması bir müddət öncə Prezidet İlham Əliyevin dilindən də səsləndirilmişdi. Bu il iyunun 20-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı uşaq bağçaları ilə bağlı vəziyyətə toxunaraq, demişdi:
“Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək.
Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər”.
Aytən Əliyeva