Modern.az

Nazirlər Murtuz Ələsgərovdan danışdılar

Nazirlər Murtuz Ələsgərovdan danışdılar

8 Avqust 2012, 16:37

Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla vida mərasimi davam edir. Modern.az xəbər verir ki, mərhumla vidalaşmaq üçün Şəhriyar adına Mədəniyyət Sarayına toplanan dövlət və hökumət nümayəndələri Murtuz Ələsgərovla bağlı xatirlərini bölüşüblər.

Qeyd edək ki, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərovla vida mərasimi 17:00-da başa çatdıqdan sonra mərhum I Fəxri Xiyabanda dəfn olunacaq.
Kənd təsərrüfatı naziri  İsmət Abbasov mərhum spikerin ölümündən kədərləndiyini deyərək, Murtuz Ələsgərovun vəfatının Azərbaycan xalqı üçün gözlənilməz itki olduğunu bildirib.
“Murtuz Ələsgərov Azərbaycanın ictimai-siyasi həyatında böyük rola malik şəxsiyyətlərindəndir. Hüquqşünas olaraq ölkəmizə hər zaman böyük töhfələr verib. Mən düşünürəm ki, Azərbaycan xalqı böyük itki ilə üzləşdi. Murtuz Ələsgərovun vəfatı bizi dərindən sarsıtdı”.

Rabitə və informasiya texnologiyaları naziri  Əli Abbasov sabiq Milli Məclis Sədri ilə bağlı xatirələrini bölüşüb. “Biz çox məyusuq ki, Azərbaycan xalqı çox dəyərli bir dövlət xadimini itirdi. Allah onun ruhunu şad eləsin. Murtuz Ələsgərov dahi şəxsiyyət idi. O həyat və fəaliyyəti ilə ürnək götürüləsi insandır. Murtuz Ələsgərovun vəfatından biz çox kədərləndik.”, - deyə nazir bildirib.

Mərhum Murtuz Ələsgərovla vida mərasiminə qatılan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da çıxış edərək məyusluğunu ifadə edib.
“Murtuz Ələsgərov Azərbaycanın dahi şəxsiyyətlərindən biri olub. O hər zaman örnək bir insan olub. Murtuz Ələsgərov bizim üçün bir nümunə olub və olacaq da. Allah ona rəhmət eləsin, ruhu şad olsun”.

Təhsil naziri Misir Mərdanov da mərhumla vida mərasimində iştirak edib: “Murtuz Ələsgərov hər zaman ön sıralarda olub. Azərbaycan qanunvericiliyinin hazırlanmasında onun böyük xidmətləri olub. Murtuz Ələsgərov az sayda şəxsiyyətlərdəndir ki, hər zaman bizim, xalqımızın qəlbində yaşayacaq”.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da sabiq spikerin vəfatından kədərləndiyini vurğulayıb. “Azərbaycan ən dəyərli insanlardan birini itirdi. Murtuz Ələsgərovun xalqımız üçün, dövlətimiz üçün böyük xidmətləri olub. Hər kəs onun tələbəsi olmasa da Murtuz Ələsgərovu özünə müəllim sayır. O hər zaman bizim qəlbimizdə yaşayıb və yaşayacaq”, - deyə Əhmədov qeyd edib.

Anar Kəlbiyev


Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi