Modern.az

Murtuz Ələsgərov parlament jurnalistlərinin yaddaşında necə qaldı? - MARAQLI

Murtuz Ələsgərov parlament jurnalistlərinin yaddaşında necə qaldı? - MARAQLI

Parlament

8 Avqust 2012, 18:21

Dünən Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov vəfat edib. Parlamentdə istər deputat, istərsə də spiker olduğu dövrdə Murtuz Ələsgərovla bağlı jurnalistlərin xatırladıqları maraqlı məqamlar, hadisələr olub, onun bəzi sitatları yadda qalıb.

Modern.az-ın əməkdaşı mərhum Murtuz müəllimin zamanında parlamentdə akkreditasiyadan keçən jurnalistlərdən yaddaşlarında həkk olan xatirələri öyrənib.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov bildirib ki, Murtuz Ələsgərov Azərbaycan parlamentinin tarixində özünəməxsus yer tutmuş siyasi xadimlərdən biri olub. 18 il parlament jurnalisti kimi fəaliyyət göstərdiyini deyən Xətayi Əzizov bunun 10 ilinin Murtuz Ələsgərovun dövründə keçdiyini və onunla bağlı bir neçə maraqlı xatirəsinin olduğu qeyd edib.
“Yadımdadır ki, bir dəfə Fransa parlamentinin Cənubi Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon Azərbaycana səfərə gəlmişdi. Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi gecə vaxtı idi, biz də getmişdik. Onda rəhmətlik Murtuz Ələsgərovun bizimlə xüsusilə də AzərTAc-ın müxbiri kimi mənimlə, “Azərbaycan” qəzetinin və AzTV-nin əməkdaşları ilə çox səmimi söhbət edirdi, hərdən qolumuza girirdi, qırağa çəkib tövsiyyələrini verirdi. Həmin gün də bizə dedi ki, “siz bu qarşılanmanı yazacaqsınız, ancaq xahiş edirəm onunla bağlı bəzi məqamlara göz yumasınız”. Soruşdum “Murtuz müəllim, məsələn, nəyə göz yummaq lazımdır?”.
Dedi ki, “indi görəcəksən”. Bir az keçdi gördüm Ambruaz Düpon başqa bir şəkildə, yəni bizim adət etdiyimiz kimi, dövlət rəsmiləri, deputatlar kimi qalstuk və kostyumda deyil, adi qiyafədə gəlib.

Murtuz müəllim elə şeylərə çox həssas idi, diqqətlə yanaşırdı. Əgər əvvəlcədən xəbərdarlıq etməsəydi o bizim üçün məsxərə obyekti olardı. Ancaq onun ağsaqqal tövsiyyəsindən sonra biz  avropalılar üçün qiyafənin əsas olmadığını gördük.
Murtuz Ələsgərov eyni zamanda çox ünsiyyətcil adam idi, yaxşı məsləhətlər verirdi. Ümuyyətlə, rəhmətlik Murtuz müəllimlə xatirələr genişdir”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, parlament sədri olanda Murtuz Ələsgərovun çıxışı zamanı bəzi maraqlı sözlərdən, atmacalardan istifadə etməsi jurnalistləri güldürürmüş.

“Məzəli adam idi. Yadıma bir “prikol” düşdü. Qulamhüseyn Əliyev təzəcə soyadını dəyşib "Əlibəyli" olmuşdu. İclasa çıxışa yazılan Qulamhüseyn bəyin adını tabloda görən Murtuz Ələsgərov təəccüblə yanındakılarına baxıb "bu nədi, bizdə Əlibəyli adında bəyəm deputat var?" - soruşdu. Məsələdən hali olandan sonra "maşallah, hamınız bəyləşə-bəyləşə gedirsiz" dedi.

Daha sonra onun Əhəd Abıyevlə davası yadıma düşür. Bir də deputatlara söz verəndə sinif jurnalında olduğu kimi çağırırdı. Familyanı birinci deyirdi. Məsələn, Abıyev Əhəd, Kərimov Əli, Novruzov Siyavuş və s.”

“Gündəlik teleqraf” qəzetinin baş redaktoru Azər Hüseynbala qeyd edib ki, Murtuz Ələsgərov spiker olanda o, “Azadlıq” qəzetinin parlament müxbiri imiş.

“Və mənim yazılarıma görə Murtuz müəllim məhkəməyə müraciət etmişdi, nəticədə mənim akkredititasiyam ləğv olunmuşdu. Buna baxmayaraq Murtuz müəllimdən heç vaxt küskün olmamışam. Alla ona rəhmət eləsin”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin xatırladığı isə Murtuz Əlsgərovun spiker olduğu dövrdə cari məsələlərin müzakirəsi zamanı müxalifət deputatları ilə yaşanan polemikalarıdır:

“Murtuz Əlsgərov parlament sədri kimi uzun müddət yaddaşda qalacaq. O, spikerliyi dövründə bir sıra maraqlı anlarla yadda qalıb. Hər iclasın saat 15.00-da başlamasına baxmayaraq, o hər kəsə “sabahın xeyir” deyirdi. Yadda qalan xatirələrindən biri də Yurddaş Partiyasının sədri Mais Səfərli ilə bağlı olub. O, deputat olanda müxalifətın adından parlament sədrinə qanun layihəsi təklif etdi. Sonra Mais Səfərli sənədi tribunadan təqdim etdi, onda Murtuz müəllim Mais bəyə baxıb dedi ki, “bu da mənim üçün müxalifət olub”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı Murtuz Ələsgərovun dövründə “Turan” İnformasiya Agentliyinin parlament müxbiri işləyib. O, Milli Məclisin həmin dövrdə siyasi hadisələrin mərkəzində olduğunu və hər çərşənbə axşamını səbirsizliklə gözlədiklərini qeyd edir.

“Çünki həmin gün toplantının 30 dəqiqəsi cari məslələrə həsr olunurdu və parlamentdə cəmiyyətdəki bütün üzdə olan məsələlər müzakirə edilirdi. Qeyd edim ki, Murtuz Ələsgərovun spikerliyinin ən üzdə olan tərəfi Milli Məclisi auditoriya kimi idarə etməsi idi. Hirsləndiyi müxalifətçilərin telefonunu söndürürdü. Bunu həmişə müəllimlərin “sakit ol!” jestinə bənzədirdim”.

Aygün Muradxanlı onun yaşıyla bağlı gülməli məqamların da ortaya çıxdığını vurğulayıb. “Bu xüsusən qanunlardakı yeni terminlərlə bağlı olurdu. Ən çox yadımda qalan qadın jurnalistləri 8 mart münasibəti ilə təbrik etməsi idi. Bizi və Milli Məclis Aparatında çalışan xanımları parlamentin məşhur foyesində topladılar. Murtuz müəllim qadınların cəmiyyətdəki rolundan xeyli danışdı. Axırda hamıya bir ədəd qızılgül, bir də paket verdilər. Çoxumuz bunun qələm olduğunu düşündük. Ancaq gözləmədiyimiz halda bağlamadan 4 ədəd çay dəsmalı çıxdı. O dəsmalların adı evimizdə “Murtuz müəllimin dəsmalları” kimi qalmışdı”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı mərhumla bağlı xatırladığı məqamın müxalifətçilərin əsassız fikirlərinin onu çox əsəbləşdirməsi olduğunu deyir. Onun sözlərinə görə, iclasların birində Murtuz müəllim Mais Səfərliyə “yaramaz” da deyibmiş.

“Murtuz müəlim yaxşı insan idi. Allah rəhmət eləsin Onun spiker olduğu dövrdğ çox vacib qanunlar, sənədlər qəbul olunub. Avropa Şurasına qəbul olunmaq ərəfəsində və ondan sonra qanunların demokratikləşməsi üçün vacib addımlar atıılıb. Həmçinin onun spikerliyi dövründə parlamentdə maraqlı diskussiyalar da aparılıb. O zaman bəzi müxalifətçilər Murtuz müəllimin idarəçiliyindən narazı olsalar da, əslində reallıq tam başqa idi. O, bütün tərəflərə çıxış etmək, fikirlərini bildirmək üçün şərait yaradırdı”.

Eks-jurnalsit İlham Şabanin xatirələri belədir“Murtuz muəllimi deyəsən ikinci dəfəydi parlamentə sədr seçirdilər və kimsə təklif verdi ki, “namizəd sağlamlıq haqqında arayış təqdim etməlidir, yoxsa biz nə bilək seçdiyimiz adamın sağlamlığı imkan verir qanunvericiliklə məşğul olsun”. Murtuz müəllim də gülə-gülə dedi ki, o sap-sağlamdır və bütün orqanları da işləyir... Zalda ehmalca gülüş doğdu”.

“Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru Məhsəti Şərif mərhumun 8 martda jurnalist xanımlara hədiyyə verməsini xatırlayır. “2 dəfə ondan hədiyyə almışam. Allah rəhmət etsin”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev qeyd edib ki, mikrafonun açıq olduğunu unutduğu anlarda Murtuz müəllimin dediyi sözlər bəzən maraqlı məqamlar yaratdığından gülməkdən özlərini saxlaya bilmirmişlər:

“Murtuz müəllim maraqlı spiker idi. Amma xatirələrini unutmuşam. Yadımda qalan mikrofonun açıq olduğunu unudub müavinləri ilə etdiyi dialoq idi. Bir dəfə Seçki Məcəlləsi müzakirə olunurdu. Təbii ki, hakimiyyəti təmsil edən deputatlar, o cümlədən Murtuz müəllimin müavinləri eyni mövqedən çıxış edirdlər. Məcəllə səsə qoyuldu. Səsvermənin gedişində Murtuz müəllimin müavininə ünvanladığı sual eşidildi.

- Səs verdin?
Müavini:
- Bəli
-  Lehinə, yoxsa əleyhinə?

Bir dəfə də deputatların hansı iləsə mübahisə edirdi. Deməkdən ki, “sən hansı yuvanın quşusan”, dedi ki, “mən bilirəm sən hansı quşun yuvasısan”.

Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy da onun keçirdiyi iclaslarda yadda qalan situasiyaların olduğunu bildirib.

“Bir epizod onun adı ilə bağlı xatirəmdədir ki, Murtuz Ələsgərov müxalifəti tənqid edən zaman deputatlığa namizədlərdən bəhs edəndə, demişdi ki, bəziləri gündə bir iddia ilə çıxış edirlər:
“Biri də bu gün çıxmışdı efirə, deyirdi ki, Xəzəri qurudacağam, oranın torpağını seçicilərə paylayacam”. Halbuki, onda Xəzərin qurudulması məsələsindən ANS-in “Qulp” verilişində bəhs olunmuşdu. Rəhmətlik həmin məsələləri nəsə dəyişik salmışdı, həqiqət kimi qəbul etmişdi”.

“Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu məhz Murtuz müəllimin fəaliyyəti dövründə Parlament Jurnalistlər Birliyinin yarandığını deyir.
“Onu biz təsis etmişdik, sədri də mən olmuşam. O məni Parlament Jurnalistlər Birliyinin sədri kimi dəfələlərə qəbul  edib. Parlament jurnalistləri üçün şəraitin yaradılması, deputatlarla görüşlərin keçrilməsi üçün bütün imkanların yaradılmasına kömək edib. Vaxtilə parlamentdə jurnalistlər üçün otaqların düzəldilməsini, faks, telefon aparatlarının qoyulmasını, audio-video çəkilişlərinin aparılmasını birlikdə müzakirə etmişik. Murtuz Ələsgərov jurnalistlər üçün açıq insan olub, həmişə səfərlərini müşayiət etmişik. Jurnalistlərlə deputatlar arasında mübahisəli məqamlarda da o, həmişə jurnalistlərin hüquqlarını müdafiə edib, qoruyub. Bizlə arada zarafat da edirdi, məsələn “filan jurnalist filan məqaləni yazıb” və s.”.

“Gün.az”saytının əməkdaşı Kamil Həmzəoğlunun parlament jurnalist kimi fəaliyyəti Murtuz Ələsgərovun sədr seçildiyi dövrdən-1996-ci ildən başlayır. Təxminən 9 il müddətində onun fəaliyyətini yaxından izləmək imkanı olub.

“İlk dövrlər parlamentdə jurnalistlərə, xüsusilə müstəqil və müxalif yönümlü jurnalistlərə qarşı bir qədər xoş olmayan münasibət var idi, onlar çox vaxt iclaslara gec buraxılırdılar və yaxud onların bir çoxu iclasları izləmək imkanından məhrum olurdular. Amma sonradan parlament jurnalistlərının deputatlar vasitəsilə Milli Məclis rəhbərliyi arasında apardığı danışıqlar nəticəsində bu baryerlər aradan qaldırıldı. İndiki dövrlə müqayisədə Murtuz Ələsgərovun parlamentə sədrlik etdiyi dövr daha demokratik ab-havası ilə seçilirdi”.

K.Həmzəoğlu mərhumun dövründə maraqlı hadisələrin də yaşandığını deyib.

“Səhv etmirəmsə 2003-cü ilin yayına yaxın idi, həmin vaxt qarşıdan prezident seçkiləri gəlirdi. Seçkilərlə bağlı çox ciddi proseslər gedirdi, canfəşanlıq hökm sürürdü. O vaxt Seçki Məcəlləsi müzakirəyə çıxarılmışdı. YAP-ın tanınmış funksionerlərindən olan Kərim Kərimov spikerə üzünü tutaraq “Murtuz müəllim, bu nədir burada aktiv, passiv söhbəti gedir. Axı bu bizim üçün ayıb deyilmi?” deyə soruşdu. Bunu sabiq spiker yumorla cavablandırdı:

-  Ay hörmətli Kərim müəllim, sizin nəzərdə tutduğunuz aktiv-passiv başqa şeydir, qanun layihəsində nəzərdə tutulan aktiv-passiv tamam başqa.

Eyni zamanda 2005-ci ildə onun spikerlik dövrünün son iclaslarından birində Murtuz Ələsgərov bilərəkdən, ya da bilməyərəkdən ANS-də o vaxtı “Qulp” verilişində gedən bir yumoristik məqamı hardasa real hadisə kimi danışdı. Hətta o vaxt qəzetlər də yazdılar ki, “artıq spiker qocalıb və ANS-də gedən o yumoristik verilişlə real həyatdakı prosesləri səhv salır””.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, sabiq spiker Murtuz Ələsgərovun çox maraqlı bir şəxs idi.

“O spiker kimi parlamentdə hər kəslə dil tapa bilirdi, hər kəsə söz verirdi. Onun Milli Məclisə rəhbərlik etdiyi zamanlarda parlamentdə müxalifətçi deputat çox idi. Murtuz müəllim onların hamısına çıxış etməyə imkan yaradırdı. Onun deputatlarla zarafatlaşması və əsəbləşdiyi vaxtlar da az olmayıb. Spiker kürsüsündən dəfələrlə müxalifəti hədəfə alıb onları “şuluqluq” etməməyə çağırırdı.  

Yadımdadır, 2005-ci ilin parlament seçkilərinə bir neçə gün qalmış müxalifətçi deputatlardan biri müxalif namizədlərin seçkiqabağı təbliğatına maneələrin olması ilə bağlı parlamentin iclasında çıxış edirdi. Bundan sonra Murtuz müəllim əsəbləşdi və maraqlı bir çıxış ilə yadda qaldı. Murtuz müəllim müxalifətdən olan deputatlığa namizədləri, xüsusən “Azadlıq” blokunun namizədlərini hədəfə aldı, onları xalqa boş-boş vədlər verməkdə ittiham elədi. Sonra da dedi ki, “o günü televizorda namizədlərin çıxışına baxırdım. Onlardan biri seçicilərə vəd eləyir ki, Xəzər dənizini qurudub yerində seçicilərə torpaq paylayacaq. Heç dənizi də qurutmaq olar?”.

Elə bu zaman biz jurnalistlər məsələni başa düşüb gülməyə başladıq. Parlamentin oyaq deputatları da qəh-qəhə çəkirdilər.

Vitse-spiker Ziyafət Əsgərov da spikerin yanıldığını görüb Murtuz müəllimə tərəf əyilib pıç-pıçı ilə başa saldı ki, bu vədləri verən deputatlığa namizəd deyil, ANS-in “Qulp” satirik verilişinin aktyorudu.

Bir neçə saniyəlik pauzadan sonra Murtuz müəllim özünü sındırmadan dedi ki, “Düzdür bu bir zarafat imiş. Amma özünüzü yığışdırın, bir də belə vədlər verməyin”.

Murtuz müəllimin belə məzəli çıxışları çox idi. Allah ona rəhmət eləsin”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım