Modern.az

Jurnalistlərimiz Suriyaya gedəcəkmi?

Jurnalistlərimiz Suriyaya gedəcəkmi?

Media

10 Avqust 2012, 12:15

TV-də qaynar nöqtələrdən canlı reportajlar yoxdur

Jurnalistikanın əsas funksiyalarından biri ekstremal şəraitdə informasiyanın cəmiyyətə ötürülməsidir. Müharibə və təbii fəlakət zonalarında baş verən hadisələri işıqlandırmaq üçün dünyanın hər bir yerindən adıçəkilən ərazilərə jurnalistlər toplanır. Bir vaxtlar keçmiş həmkarımız Qənirə Paşayeva İraqda, jurnalist Vahid Mustafayev Liviyada, digər həmkarımız Qənirə Ataşova Vanda baş verən hadisələri ictimaiyyətə ötürmək üçün həmin ərazilərə yollanmışdılar.

Hazırda Suriyada gərgin vəziyyət davam etməkdədir. Baş verənlər bütün dünya mediasının diqqət mərkəzindədir. Maraqlıdır ki, bizim televiziya kanallarından kimlər Suriyada baş verənləri işıqlandırmaq üçün həmin əraziyə gedəcək?

ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu Modern.az-a bildirib ki, hələ ki Suriyaya heç bir müxbir göndərilməyəcək: “Televiziya təcrübəsində televiziyaların agentliklərlə işləmə praktikası var. Biz Türkiyənin televiziya agentliklərindən biri olan “İhlas” Xəbər Agentliyi ilə işləyirik. Bizim onlarla müqaviləmiz var və hər ay onlara pul köçürürük, əvəzində onlar bizə sifariş verdiyimiz ərazilərdən informasiya verirlər. Dünyanın 50-yə qədər şəhərində, 25-dən çox ölkədə onların müxbir postları var və sifariş əsasında onlar baş verən hadisələri çəkib bizə göndərirlər. Bu televiziya agentliyi tam olaraq bizim tələblərə cavab verir. Bunun üçün əlavə xərc çəkib, ora müxbir göndərməyə ehtiyac yoxdur. Amma hər hansı bir xüsusi hadisə olanda biz müxbirlərimizi həmin ərazilərə göndəririk”.

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov qeyd edib ki, ANS telekanalı həmişə ekstremal vəziyyətdə olan ərazilərə müxbirlər göndərir: “Biz hər zaman belə zonalara müxbirlər göndəririk. Suriyaya isə müxbirimiz birinci gün gedəcək. Hələlik bilinmir kim gedəcək, ona görə də adını deyə bilmərəm. Hər halda özünüz efirdə görəcəksiniz. Daha mən hər şeyi açıqlamaq istəmirəm”.

“Xəzər” televiziyasının İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova bildirib ki, hazırda TV rəhbərliyinin Suriyaya müxbir göndərmək planı yoxdur: “Əgər belə bir qərar verilsə, mətbuata açıqlama verəcəyik”.

Azərbaycandakı qəzetlər, informasiya agentlikləri, xəbər saytlarından da bəzilərilə əlaqə saxladıq. Məlum oldu ki, heç biri Suriyaya jurnalist göndərmək haqda düşünmür.

Nihadə Eyyubova
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi