Modern.az

Sabir Rüstəmxanlı Əflatun Amaşovun təklifinə cavab verdi

Sabir Rüstəmxanlı Əflatun Amaşovun təklifinə cavab verdi

10 Avqust 2012, 18:15

  Deputat: “Yeni qurum dilə nəzarət adı ilə senzura yaratmaq cəhdidir”

“Mətbuatın dilinin tənzimlənməsi üçün hər hansı bir qurumun olmasına ehtiyac yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Sabir Rüstəmxanlı bildirib.  “Mənim həmişə  mətbuatın dili ilə bağlı çıxışlarım olur. Amma KİV-in dilinin tənzimlənməsi üçün hər hansı bir qurumun yaradılması təklifinin mənasını nə başa düşə, nə də qəbul edə bilirəm. Çünki qəzetlər tələm-tələsik çıxır, hazırlanır, kim ona nəzarət edəcək? Bu köhnə senzura kimi bir təşkilat yaratmaq olacaq”, – deyə S. Rüstəmxanılı qeyd edib.

 Deputatın sözlərinə görə, burada əsas məsələ jurnalistlərin peşəkarlığıdır: “Bu işin bir mexanizmi ola bilər ki, jurnalistlərin peşəkarlığı, vəzifənin məsuliyyəti artırılsın. Redaktorların dilə münasibəti dəyişilməlidir. Hər qəzetdə bir nəfər xüsusi bir stilist-üslubçu olmalıdır. Redaksiyada dili mükəmməl bilən biri olmalıdır. Belə bir ştat açılmalıdır. Qəzet tam çapa hazır olanda bir nəfər onu gözdən keçirsin. Ancaq belə bir yol ola bilər. Yoxsa mətbuatla, jurnalistika ilə bağlı nə qədər qurum açılır, ancaq ortada heç nə yoxdur. Bu problemləri ancaq redaksiyalar özü həll etməlidir”.


S. Rüstəmxanlı teleaparıcıların nitqində yaşanan problemlərə də aydınlıq gətirib: “Bu gün televiziya və radiolara seçilən diktorların seçimi düzgün olmalıdır. Qohum-əqrabadan, dost-tanışdan, yerlibazlıqla, tapşırıqla, öz ana dilində danışa bilməyənlər gətirilməməlidir. Azərbaycanda kifayət qədər ana dilimiz mükəmməl bilən və bu dildə səlis danışa bilən, yüksək diktorluq qabiliyyəti, jurnalist təcrübəsi olan adamlar tapmaq olar. Bütün hallarda seçim düz olmalı və redaktorlar özləri məsuliyyət daşımalıdırlar, heç bir cəriməyə də lüzum yoxdur”

 Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bir müddət əvvəl açıqlamasında mediada ədəbi dil normalarının pozulmasının qarşısını almaq məqsədi ilə Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası nəzdində dilçi mütəxəssislərdən ibarət müvafiq ekspert şuralarının yaradılması təklifini irəli sürüb. Təkliflərdə dil qaydalarını mütəmadi pozan qəzetlər üçün müəyyən ictimai qınaqla yanaşı, hər hansı cərimələrin təyin olunmasını da özündə əks etdirir. Həmçinin KİV nümayəndələrinin, o cümlədən teleradio aparıcılarının, diktorların əbədi dil normalarına dair bilgi səviyyəsini müəyyən edən monitorinqlərin keçirilməsi, qəzetlərin dili ilə bağlı tez-tez monitorinqlərin təşkil edilməsi də təkliflərdə yer alıb. 


Nihadə Eyyubova

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi