Modern.az

Ali təhsilsiz redaktorlar - media rəhbərləri buna necə baxır?

Ali təhsilsiz redaktorlar - media rəhbərləri buna necə baxır?

Media

11 Avqust 2012, 10:51

Yaxud texniki təhsili olan şəxs mətbuata başçılıq edə bilərmi?

“Azərbaycanda ali təhsili olmayanların və texniki təhsilli şəxslərin qəzetlərdə redaktorluq etməsinin qarşısının alınacağı gözlənilir”. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, bildirib ki, bu məsələ Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzaladığı sərəncamın icrasını həyata keçirmək məqsədilə yaradılan AMEA-nın işçi qrupunun hazırladığı təkliflər planında öz yerini tapıb.

Nəzərə alsaq ki, bu gün qəzet baş redaktorlarının əksəriyyəti texniki təhsilli şəxslərdir onda irəli sürülən bu məsələnin ciddiliyi redaktorları narahat etməlidir. Modern.az sözügedən məsələyə baş redaktorların münasibətini öyrənib.    

“525-ci”qəzetin baş redaktoru Rəşad Məcid isə belə fikirləşir ki, baş redaktorların ali təhsilli olmaları artıq KİV haqqında qanuna əlavə olunub. Onun sözlərinə görə, əslində bu əsas deyil: “İndi mediada elə xaotik vəziyyət yaranıb ki, bununla hər şey həll olunmayacaq. Texniki təhsilli redaktor ola bilər. Hazırda sahə qəzetləri və texniki profilli qəzetlər var. Ona görə də ümumiyyətlə qadağa qoymaq düzgün deyil. Ona görə də inanmıram ki, KİV haqqında qanuna dəyişiklik edilsin”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay deyir ki, bundan narahat olmağa dəyməz. Çünki bu məmləkətdə kimsə özünün hansı çəkidə və mərtəbədə olduğunu anlaya bilmir. Ona görə də, yəqin ki, inzibati metodlar gərəkdir. Bu qərarda mütləq kimin kim olduğu nəzərə alınacaq. Odur ki, bundan narahat olmağa dəyməz: “Texniki təhsil deyərkən nə nəzərdə tutulub deyə bilmərəm. Amma hər halda bu xaosun qarşısı nə şəkildəsə alınmalıdır. Onsuzda hər yerdə yaxşıya yol olacaq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, Əflatun Amaşovun belə bir təşəbbüslə çıxış etməsinin təbii ki, əsasları var. Baş redaktor da ali təhsili olmayanların baş redaktor olmasının əleyhinə olsa da texniki sahədə ali təhsil alanlara qarşı qadağaların tətbiqinin əleyhinədir: “Çünki texniki ixtisaslar üzrə ali təhsil almış insanların arasında elələri var ki, jurnalistikanı bitirənlərin əksəriyyətindən çox istedadlıdırlar. Həm baş redaktor, həm də bir yazar kimi. Baş redaktor idarəçidir, təşkilatçıdır. Şübhəsiz o jurnalistikanı da bilməlidir. Amma ilk növbədə yaxşı təşkilatçı, idarəçi olmalıdır. Əgər iqtisadiyyat üzrə ali təhsil alan bir şəxs öz ixtisasına uyğun bir mətbuat orqanı yaradırsa, yaxud elektrotexnika mütəxəssisi olan bir şəxs bu sahə üzrə dərgi açırsa, o zaman ona bu qadağalar necə tətbiq olunacaq? Biz mediada ixtisaslaşma problemini mütəmadi olaraq qaldırırıq. O zaman buyursun jurnalistika fakültəsi iqtisadiyyat, hüquq, səhiyyə və digər sahələr üzrə mütəxəssislər hazırlasın, qəzetlərdə kadr qayğısı çəkməsin. İndi necə olacaq? Belə anlaşılır ki, digər qəzetdə öz sahəsi üzrə, yəni texniki istiqamət üzrə yazılar yazan şəxs heç vaxt baş redaktor olmamalıdır?”

Əslində belə bir problemin olmadığını deyən E. Mirzəbəylinin sözlərinə görə,  bütün bunlara münasibət bildirməkdə məqsədim irəli sürülən təşəbbüslərin istiqamətinin düzgün müəyyənləşməsinə yardımçı olmaqdır. Bu baxımdan, hesab edirəm ki, əgər hər hansı bir qadağa tətbiq olunacaqsa, o zaman qadağanın doğuracağı nəticələri aradan qaldırmaq üçün alternativlər də yaradılmalıdır:

“İnsanların məşğuliyyət və peşə hüquqlarını heç bir halda məhdudlaşdırmaq olmaz. Bu Azərbaycan Konstitusiyasının təməl prinsiplərinə ziddir. Texniki sahəni bitirən və jurnalistika sahəsində çalışanlar üçün xüsusi kurslar təşkil etməklə bu problemi aradan qaldırmaq olar. Belə olması imkansızdır. Qeyd etdiyim kimi, vətəndaşların peşə seçimi hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Bu Konstitusiya normasıdır. Ali təhsil bir tələb kimi qoyula bilər. Buna görə qanunvericiliyə dəyişiklik etməyə ehtiyac yoxdur. Ədliyyə Nazirliyi, yəni hüquqi şəxsləri qeydə alan orqan belə bir şərtlə çıxış edə bilər. Vaxtilə bir məsələ Mətbuat və İnformasiya Nazirliyinin təlimatı ilə tənzimlənirdi. Amma KİV haqqında qanuna baş redaktorun ixtisası barədə müddəa salınması həm Konstitusiyaya, həm də qanuna ziddir. Heç bir qanun Konstitusiyanın tələblərini poza bilməz.

“Kaspi”qəzetinin baş redaktoru Natiq Məmmədli isə hesab edir ki, qərar Azərbaycan dilinin qəzetlərdə işlədilməsinin yaxşılaşdırmaq məqsədilə irəli sürülüb: “Burada da məqsəd ondan ibarətdir ki, humanitar təhsilli olan yəni baza təhsili humanitar olan təbii ki, bu digər texniki ixtisaslardan fərqli olaraq Azərbaycan dilinə daha yaxındır. Görünür, bu mülahizəni əsas götürərək belə bir təklif irəli sürüblər. Mənə elə gəlir ki, hər kəs öz ixtisasına görə işləsə daha yaxşı olar. Jurnalist ancaq humanitar sahədə işləyir texniki sahədə yox. Bu başqa məsələdir ki, texniki təhsil alıb. Ola bilər ki, sonra ixtisasını təkmilləşdirmək üçün təhsilini artırıb. Bunu insanlara qadağan etmək olmaz. İnsan özünü hansı sahədə tapırsa orada da fəaliyyətini davam etdirir. Jurnalistikanın da baza təhsili olmalıdır. O, ictimai elmlərə aid bir sahədir. Onun qaydasını bilən insanlar bu sahədə çalışmalıdır. Sözügedən qərarda rəhbərlikdən söhbət gedirsə onda onların üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan mən belə hesab edirəm ki, bu qərar KİV-in fəaliyyətini məhdudlaşdırmayacaq. Əksinə, jurnalist olmaq istəyənlər özlərini təkmilləşdirib bu sahəyə gələcəklər. Prezidentin sərəncamı ilə əlaqədar Azərbaycan dilinin təkmilləşdirilməsindən söhbət gedirsə, o sərəncamdan irəli gələrək dövlət proqramı hazırlanacaqsa təbii ki, onun qanunvericilik bazası kimi KİV haqqında qanuna dəyişiklik ediləcək”.     

BDU-nun jurnalistika fakültəsini bitirdiyini deyən “Mərkəz” qəzetinin redaktoru Qızılgül Abdinova isə hesab edir ki, daha yaxşı olar ki, bu fakültəyə qəbulda qabiliyyət imtahanı tətbiq edilsin: “Hətta jurnalistika fakültələri ən istedadlı, bacarıqlı jurnalistlər “istehsal” etsə belə, kənardan bu sahəyə axının qarşısını almaq düzgün deyil. Çünki belə olarsa, çoxlu sayda istedadlı insanların bu sahəyə gəlişinin qarşısını almış ola bilərik. Nəinki bu qadağanı birmənalı olaraq qəbul etmirəm heç onu qanuniləşdirməyi də düzgün saymıram. Məsələn, ədəbiyyatı idarə etmək olarmı? Mətbuatı da eləcə. Mətbuatda ələnmə təbii yolla getməlidir və gedəcək. Saytlar, qəzetlər artdıqca hər bir sayt və ya qəzet çalışacaq ki, daha peşəkar və bacarıqlı insanlarla işləsin. Beləliklə də “təbii seçmə” prosesi baş verəcək”.

Əflatun Amaşovun təklifləri ilə tanış olduğunu deyən “New Baku Post” qəzetinin redaktoru Kənan Quluzadə isə deyir ki, texniki təhsillə bağlı qanunvericiliyə yeni tələbin salınması gecikmiş addımdır:

“Çünki nəzərə almaq lazımdır ki, müasir Azərbaycan mediasının bir çox nümunələri Azərbaycanın müstəqilliyi dövründə yaranıb və artıq texniki təhsili olan xeyli baş redaktor var. Belə bir tələb ortaya çıxsa, bu, hansısa baş redaktorlara qarşı yönəlmiş kampaniya kimi də qiymətləndirilə bilər. Digər tərəfdən, harda təsdiq olunub ki, texniki təhsili olan şəxsin humanitar sahədə biliyi yoxdur, siyasətdən başı çıxmır, milli maraqları qoruya bilməz və sair? Əksinə, adətən humanitar təhsili olan insanların texniki sahədə bildikləri az olur”.
Mətbuat Şurasının sədri baş redaktorların Azərbaycan dilini bilməsi ilə bağlı də təklif səsləndirməsinə də münasibət bildirən redaktorun bu məsələdə Şura sədri ilə həmfikir olduğunu söylədi:

“Razıyam, dövlət dilini hər kəs bilməlidir, öyrənməlidir. Amma bu faktordan istifadə edib hansısa KİV rəhbərlərinin sıxışdırılmasına da yol vermək olmaz. Axı ölkədə rusdilli, ingilis dilli qəzetlər də çıxır. Dili öyrənməklə bağlı təkliflə razıyam, amma bu tip yasaqlar qoymaq olmaz”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi