Modern.az

Xaricdəki tələbəmiz: “Geri qayıdanda mənə dövlət sektorunda iş imkanı olmayacaq” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Geri qayıdanda mənə dövlət sektorunda iş imkanı olmayacaq” - MÜSAHİBƏ

11 Avqust 2012, 11:25

Vüsal Namazov: “Kayseridə Azərbaycanlıların hamısı bir-birini tanıyır”

Modern.az “Xaricdəki tələbəmiz” adlı layihəsini davam etdirir. Budəfəki müsahibimiz Gürsüstanın Borçalı mahalından olan Vüsal Namazovdur. O, Türkiyənin Erciyes Universitetində təhsil alır.

– 1992-ci ildə Gürcüstanda anadan olmuşam. 1997-ci ildə Əzizkənd orta məktəbinin 1-ci sinifə getdim. 2007-ci ildə Türkiyəyə getdim, 4 illik lisey təhsilindən sonra 2011-ci ildə Erciyes Universitetinin tibb fakültəsinə qəbul oldum.

– Türkiyədə necə oldu ki, təhsil almaq qərarına gəldin?

– Uşaq yaşlarımdan hərbiyə həvəsim var idi və Azərbaycandakı hərbi liseylərdən birində təhsil almaq arzusunda idim. Amma çox təəssüf ki, bu alınmadı. O vaxtlar Gürcüstanda Türkiyəyə liseyə göndəriş var idi. İmtahanı qazandığım üçün məni də göndərdilər. Liseyə dövlət xətti ilə getdiyim üçün heç bir xərcim çıxmadı. Amma universiteti öz hesabımla oxuyuram

– Bəs niyə Gürcüstanda yox, Türkiyədə ali təhsili aldın?

– Gürcüstanla Türkiyədəki təhsilin səviyyəsi eyni deyil. Yəni Türkiyədə təhsil səviyyəsi daha yüksəkdir həm də tələbəyə yetərincə dəyər verirlər. Buna görə də liseydən sonra ali təhsili də  Türkiyədə alası oldum.

– Bəs Türkiyəyə tez uyğunlaşa bildin?

– Bizim şəhərdə azərbaycanlılar da olduğuna görə tədricən öyrəşdim.

– Ümumiyyətlə, əsas çətinliklərin nələr olur?

– Əsas çətinliklər iqlim, yeməklər və maddi çətinlikdir. Çünki Kayseri qışda çox soyuq olur, yayda isə çox isti. Bunlar bir az çətinliklər yaradır. Bundan başqa maddiyyat da əsas problemlərdən biridir. Həm kirayədə qalıram, həm gündəlik xərcliklər...

– Azərbaycanlı tələbələrlə əlaqələrin necədir?

Təbii ki, bizim universitetdə Azərbaycanlıların hamısı bir-birini tanıyır. Həmişə birlikdə hərəkət edərik. Düzdür, sayımız çoxdur, amma dəqiq bilmirəm ki, neçə nəfərik.

– Bəs xarici tələbələrlə?

– Onlarla da münasibətlərimi çox yaxşıdır. Həm Türkiyəli, həm də digər xarici ölkələrdən olan tələbələrlə münasibətlərimiz yaxşıdır. Tədbirlərdə  bərabər oluruq, eləcə də qrupumuz da xarici vətəndaşlar çoxdur.

– Təhsilin haqqında nə deyə bilərsən? Səni qane edirmi?

– Təhsil aldığım Erciyes Universitetimizdə təhsil yüksək səviyyədədir. Demək olar ki, həm müəllimlərin tələbələrlə münasibəti çox yaxşıdır. Həm dərslərin keyfiyyəti əladır. Keçirilən dərslər çətin olur, yalnız oxumalısan və öz üzərində işləməlisən. Bu zaman asanlaşır. Sadəcə çalışmaq lazımdır ki, çətinliklər asanlaşsın.

– Azərbaycanı tanıtmaq üçün, ümumiyyətlə, Borçalıdakı türklərlə bağlı hansı tədbirlər keçirirsiniz? Orada insanların, tələbələrin bunlar haqqında məlumatları varmı?

– Mədəniyyət coğrafiyası baxımından desək, Borçalını Azərbaycansız Azərbaycanı da Borçalısız düşünmək olmaz. Hər hansı mədəni tədbirlərdə Azərbaycanın bütün mədəniyyət coğrafiyasında yerləşən mədəniyyət nümunələrini təbliğ edirik. İstər Arazın cənubu, istərsə də şimalı. Təbii ki, bizim üçün ən əsası torpaqlarımızın bu gün işğal altında olduğunu və o torpaqların əzəli və əbədi Azərbaycan torpaqları olduğunu Türkiyə gəncliyinə çatdırmaqdır. Qarabağ haqqında bu il ən geniş tədbirimiz Xocalı soyqırımı ilə bağlı oldu. Həm universitetdə həm də şəhərdə tədbirlərimiz oldu. Bu il məni 3 təşkilata seminar vermək üçün dəvət etdilər və auditoriya əsasən gənclərdən ibarət idi. Tədbirlərimizdə həm Türkiyədən və Erciyes Universitetində təhsil alan başqa ölkələrdən də tələbələr iştirak edir.

– Xaricdə təhsil alan tələbələrdən çoxu vətənə qayıtmaq istəmirlər. Sən necə, Gürcüstana qayıdacaqsan yoxsa Azərbaycana?

– İndidən bu haqda nəsə demək istəmirəm. Çünki hələ tezdir. Bunu gələcək göstərəcək.

– Bəs harada işləmək istəyirsən?

– Mənim fikrimcə, Gürcüstanda mənə dövlət sektorunda iş imkanı olmayacaq. Amma öz ixtisasımda işləmək istəyirəm.

– Bəs yemək işini necə həll edirsən? Özün bişirirsən, ya elə hazır alırsan?

– Çox vaxt evdə yemək bişiririk. Elə evdə uşaqlarla növbə ilə yemək və təmizlik işləri ilə məşğul oluruq.

– Əsasən nələrə daha çox pul xərcləyirsən?

– Daha çox pulum yeməyə gedir. Bundan başqa işıq, qaz və su xərcimdə  çox olur. Bir ayda hardasa, Türkiyə pulu ilə 600-700 tl xərcimiz çıxır. Həm də dövlət təqaüdü almıram. Yalnız şəxsi təqaüd alıram. Universitetimin də illik haqq 2130 tl-dir. Bunu da biz ödəyirik.

– Bəs necə düşünürsən, Kayserinin özü bahalı şəhərdir?

– Bəli, nəzərə alsaq ki, Türkiyənin özü ümumi olaraq bahadır. Kayseri də Türkiyənin bahalı şəhərlərindəndir.

– Asudə vaxtlarında nə edirsən?

– Düzünü desəm, asudə vaxtımız çox az olur. Olanda da, azərbaycanlı dostlarla bərabər keçiririk.

– Kayserinin özünəməxsus hansı xüsusiyyətləri var ki, insanı özünə cəlb edir?

– Şəhər insanları öz tarixi abidələri ilə cəlb edir. Eləcə də bildiyimiz kimi milli mənsubiyyət baxımından Azərbaycan türklərindən olan Qazı Burhanəddinin də türbəsi Kayseridədir. Bizlər müntəzəm olaraq o türbəni ziyarət edirik. Təbii ki o türbədə Azərbaycan qoxusu bir az vətən həsrətini söndürür.


Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir