Tanınmış idmançı, doqquzqat dünya çempionu (beş dəfə sambodan, dörd dəfə cüdodan), bir çox başqa beynəlxalq yarışların qalibi, hazırda Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşı olan mayor Zülfiyyə Hüseynova Azərbaycan idmançılarının London Olimpiadasındakı çıxışına münasibət bildirib.
Modern.az saytına müsahibəsində Z.Hüseynova idmançılarımızın XXX Yay Olimpiadasındakı çıxışından narazılığını gizlətməyib.
“Əvvəlcə pis çıxışla başladılar, Allaha şükür ki, sonra medal qazana bildilər. Bəzən məndən də bir idmançı kimi soruşurlar “bunlar niyə belə iştirak etdi?” Bu suallar onların məşqçilərinə verilsəydi, daha yaxşı olardı. Məşqçi bilməlidir ki, idmançıları nə ilə məşğul olub, necə hazırlaşıb. Məşqçidən yapışmalıdılar və soruşulmalıdır ki, idmançı yarışa hazır idi, yoxsa yox.
Bunlarla yanaşı, Olimpiada bir yarışdı, ancaq qınaq etmək də düzgün olmazdı. Amma yenə də nəzərə almaq lazımdır ki, dörd ildən bir keçirilən bu idman tədbirinə ciddi hazırlaşmaq gərəkdir. Pekin Olimpiadasında qızıl medalımız vardı, bu Olimpiada da elə olmalıdır. İnşallah, ümid edək ki, 2016-cı ildə keçiriləcək Olimpiadada heç olmasa uduzduğumuz medalları qaytararıq”.
Veteran cüdoçunun fikrincə, Azərbaycan ictimaiyyətinin Olimpiadada yer tuta bilməyən idmançıları qınamağa haqqı var.
”Əslində onlara yönələn qınaq haqlı qınaqdı. Yəni ki, ölkə vətəndaşlarını sevindirmək biz idmançıların borcudu, çünki bizi 9 milyonluq Azərbaycan xalqı izləyir və biz onlara hörmət etməliyik. Biz qalib olanda üçrəngli bayrağımızın yüksəlməsi və himnimizin səslənməsi xalqı sevindirir. Bundan da gözəl bir hiss ola bilməz. Gərək idmançı da bunu dərk edib, öz üzərində işləsin. Bizim qalibiyyətimizdən xalqa maddi heç nə çatmır, xalq yalnız bizim qələbəmizdən mənəvi qida alır”.
Z.Hüseynovanın sözlərinə görə, məğlubiyyət hər bir normal idmaçının başına gələ bilən hadisəsir: “Bunu nəzərə alanda hardasa onlara bəraət qazandırmaq da olar. Rəqiblə qarşılaşarkən idmançının elə bir ciddi zədəsi ola bilər ki, bunu heç kəsə bildirməsin. Bu kimi səbəblərə görə bəzən idmançı çıxılmaz vəziyyətdə qalır.
Ancaq hamının bu Olimpiadada ən böyük ümidi Elnur Məmmədliyə idi. Ondan ən aşağısı burunc medal gözləyirdik, bu, hardasa təsəlli ola bilərdi. Əfsuslar olsun ki, Elnurun çıxışı bizi pərişan etdi. Sözün əsl mənasında... Əgər səhvini başa düşüb, öz üzərində işləsə, ümid edirəm ki, növbəti Olimpiadada öz “qızılını” doğruldacaq”.
Müsahibimiz bəzi Azərbaycan idmançılarının erməni rəqibə məğlub olduqlarına görə az qala vətən xaini adlandırılmasını düzgün saymır.
”Bu idmandır, ola bilsin ki, qarşına erməni rəqib çıxsın. Biz əlbəttə istərdik ki, azərbaycanlı idmançı erməni rəqbini məğlub etsin. Ancaq idmanda rəqib rəqibdir, o, fiziki cəhətdən güclü də ola bilər. Bu isə o demək deyil ki, uduzan vətən xainidir”.
Zülfiyyə Hüseynova deyib ki, Azərbaycan prezidenti idmana və idmançılara lazımi diqqət və qayğı göstərir. İdmançılar da bundan nəticə çıxarmalıdırlar:
”Heç kim bundan narazı ola bilməz, buna haqları yoxdur. Çünki elə hegemon ölkələr var ki, onların qalibə vəd etdiyi məbləğə baxanda təəccüblənirsən. Hər şeydən öndə bayrağımızın dalğalanmasının dəyəri yoxdu və ola da bilməz. İdmançı üçün ən şərəfli an budur”.
T.Salehli