Modern.az

Olimpiadadakı sonuncu idmançımız medal qazandı

Olimpiadadakı sonuncu idmançımız medal qazandı

12 Avqust 2012, 18:12

Modern.az xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləş üzrə yığmasının daha bir üzvü London Olimpiadasında medal qazanıb. Bu, 96 kq çəki dərəcəsində çıxış edən Xetaq Qazyumovdur.

O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Qazyumovun ilk rəqibi Belarus təmsilçisi Ruslan Şeyxov olub. Təmsilçimiz ilk görüşünü qalib başa vuraraq (1:0, 1:0) mərhələ adlayıb.

1/4 finalda rəqib ukraynalı Valeri Andriçev olub. Xetaq bu rəqibini ilk yarıda məğlub etməyi bacarıb - 1:0. İkinci hissədə isə ukraynalı güləşçi qalib gəlib - 0:1. Həlledici görüşdə isə Xetaq məğlubiyyətlə üzləşib (1:4) və yarımfinala çıxa bilməyib.
Amma hələ Qazyumovun medal qazanmaq şansı qalırdı. Bunun üçün ilk növbədə onu mübarizədən kənarlaşdırmış Andriçevin finala çıxması lazım idi ki, ukraynalı buna nail olub.

Beləcə, Xetaq bürünc medal yolunda öncə Tacikistan təmsilçisi Rüstəm İskəndəriyə rəqib olub. İlk yarıda Xetaq qələbə qazanıb - 3:1. İkinci hissədə də qələbə güləşçimizin olub - 3:0. Nəticədə Qazyumov bürüncə bir addım da yaxınlaşıb.

Sonda isə iranlı Reza Yazdani ilə görüşü qalib vurmaq lazım idi. Amma Yazdani bundan əvvəlki görüşündə ağır zədə almışdı. Bu üzdən onun bürünc uğrunda Xetaqla qarşılaşıb-qarşılaşmayacağı sual doğururdu. Son anda iranlı güləşçi bu görüşdən imtina edib. Beləcə, Azərbaycan idmançısı bürünc uğrunda görüşə çıxmadan medal qazanıb!    
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi