Təhsil Nazirliyi ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatmış fənlər üzrə boş qalan yerlərə yenidən seçim aparacaq. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, rus dili və ədəbiyyatı, rus dili, fransız dili, alman dili, musiqi və nəğmə, əmək hazırlığı, təsviri incəsənət və rəsmxət, coğrafiya, fizika, informatika fənnləri üzrə işə qəbul olmaq istəyən müəllimlər arasında seçim aparılacaq.
Bildirilib ki, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar 14-18 avqust tarixlərində “Şəxsi səhifə”lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı avqustun 18-də saat 18.00-da başa çatır və yerləşdirmə aparılır. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndərilir. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər. Qeyd edək ki, digər fənlər üzrə əlavə seçim vaxtı barədə məlumat veriləcəkdir.
Anar RÜSTƏMOV