“Azərbaycan müxalifəti ölkəmizin inkişafına kölgə salmaq məqsədilə təbliğat aparmağa cəhd göstərdi”
Modern.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi Əli Əhmədov hakim partiyanın rəsmi saytına verdiyi müsahibədə bildirib. Azərbaycanın Londonda keçirilən olimpia oyunlarında qazandığı uğurlara sevindiyini deyən Ə.Əhmədov müxalifət nümayəndələrini ölkəmizin uğuruna sevinməməkdə ittiham etdi:
“Azərbaycanın bugünkü inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət durur. Hazırda həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan ardıcıl nailiyyətlər əldə etməkdədir. Qeyd etdiyim kimi, sürətlə dəyişən və inkişaf edən Azərbaycanda bütün sahələr kimi, idman sferası də tərəqqi dövrünü yaşayır və ölkəmiz artıq dünya miqyasında idman dövləti tək qəbul edilir. Bütün bunlar isə Azərbaycan vətəndaşlarında böyük sevinc hissləri oyadır. Lakin bir müddət öncə ölkə mediasında, xüsusilə də, müxalifət mətbuatında yer alan fikirlərə istinadən demək istəyirəm ki, çox az sayda olan adamlar var ki, dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər. Elə kiçik bir bəhanə axtarırlar ki, özlərinin qara fikirlərini mətbuat səhifələrinə çıxarsınlar. Əlbəttə ki, Olimpiya Oyunlarının başa çatmasını gözləməyən Azərbaycan müxalifəti ölkəmizin ümumi inkişafına kölgə salmaq məqsədilə əsassız təbliğat aparmağa cəhd göstərdi. Amma zaman göstərdi ki, müxalifətin bu günə qədər dediklərinin Azərbaycanın inkişafı ilə heç bir əlaqəsi yoxdur”.
YAP icra katibi Azərbaycanın olimpiadada qazandığı uğurlara görə,ölkə başçısına minnətdarlığını bildirib. “Azərbaycan idmançılarının Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında göstərdikləri şücaət, bunun nəticəsi olan qələbələr və qalibiyyətlərin yekunu olan medallar göstərdi ki, çox az sayda olan müxalifətçilər ölkəmizin uğurlarına sevinə bilmirlər. Bu isə artıq onların xislətinə çevrilib. Müxalifətin Azərbaycanın uğurlarına sevinməmək xüsusiyyəti onların siyasətinin əsas mahiyyətini təşkil edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan seçdiyi yolla uğurla irəliləyir. Ən başlıcası odur ki, kimin nə deməsindən asılı olmayaraq, ölkəmiz inamla yüksəlir, inkişaf edir və qələbələr əldə edir. Mən bir daha əldə olunan qələbələr münasibətilə idmançılarımızı, xalqımızı və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, ölkəmizdə idmanın inkişafına misilsiz töhfələr vermiş dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm”, - deyə Ə.Əhmədov qeyd edib.
Modern.az