İranın Şərqi Azərbaycan ərazisində kütləvi insan tələfatı və maddi ziyanla nəticələnən zəlzələlər Azərbaycan Respublikasında da üzüntü ilə qarşılanıb
Azərbaycanın siyasi partiyaları da bu hadisədə həlak olanlara başsağlığı verib.
Modern.az-ın məlumatına görə, ADP Cənubi Azərbaycanda zəlzələ nəticəsində həmvətənlərimizin kütləvi insan tələfatından kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onların acılarına şərik olduğunu bəyan edib.
”Zəlzələ nəticəsində sağlamlıqlarını itirən həmvətənlərimizin tezliklə şəfa tapmasını Allahdan arzu edir. ADP İran İslam Respublikasının hökumətini beynəlxalq ictimaiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb etməyə çağırır. ADP Türk dövlətlər birliyini, İslam Konfransı təşkilatlarını, o cümlədən Azərbaycan Respublikasının hökumətini Cənubi Azərbaycanda zəlzələdən ziyan çəkənlərin ailələrinə maddi və mənəvi yardım göstərməyə çağırır. ADP-nin üzv və tərəfdarları həmçinin, Cənubi Azərbaycanda zəlzələnin nəticələrini aradan qaldırılmasında hər cür maddi və mənəvi dəstək verməyə hazır olduğunu bildirir”.
Avqustun 13-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.
Yığıncaqda Təbrizdə baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara üzüldüyünü bildirən DCUMH İdarə Heyəti həlak olanların ailələrinə başsağlığı verib və xalqımızı həlak olmuş ailələrin üzvlərinə və dağıntıdan zərər zəkmiş ailələrə ümumxalq yardımı etməyə çağırıb.
Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Divanda Təbriz şəhərində və ətraf bölgələrdə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantıda zəlzələdən zərər çəkmiş bölgələrə yardım imkanları və yardım kompaniyalarının formaları haqda müzakirə aparılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də hadisə ilə bağlı bəyanat verib. AXCP sədri fəlakət qurbanlarına yardım etmək istəyən Azərbaycan vətəndaşlarına İranın Azərbaycandaki səfirliyinin şərait yaratmaması barədə məlumatlardan təəccübləndiyini bildirib. “İstərdim ki, İranın Bakıdakı səfirliyi bu yanlışı aradan qaldırsın. Azərbaycan vətəndaşlarının öz soydaşları olan faciə qurbanlarına bu ağır anlarda kömək etmək istəkləri təbiidir və İran dövləti tərəfindən anlayışla qarşılanmalıdır”.
Əli Kərimli bu ağır faciəyə görə, faciə qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verib:, “Millətimizin başı sağ olsun deyirəm. İnanıram ki, bizim əlimiz çatmasa da güneyli bacı-qardaşlarımız yardımlaşmaq və ayaqda durmaq üçün əllərindən gələni edəcəklər. Hesab edirəm ki, bu ağır sınaq anında Azərbaycan dövləti və cəmiyyəti də bütün imkan və resurslarını faciə qurbanlarının xilasına yönəltməlidir”.
Modern.az