Modern.az

Komitə sədri şəhid ailələri ilə görüşdü - FOTO

Komitə sədri şəhid ailələri ilə görüşdü - FOTO

Aktual

27 Yanvar 2021, 13:44

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla parlamentdə görüşüb.

 

Modern.az xəbər verir ki, komitə sədri onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Sizi, Sizin timsalınızda bütün şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu.

2016-cı il Aprel döyüşləri, 2020-ci il İyul (Tovuz) döyüşlərində iştirak edən, Azərbaycan Vətən Müharibəsində də iştirak edərək, igidliklər göstərən Zaur Cəfərovun ruhu bugün şaddır.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

Sizi bir daha təbrik edirəm, ən xoş diləklərimi yetirirəm”!

 

Q.Paşayeva şəhid zabitin ailə üzvlərinə Mədəniyyət komitəsi adından Məktub təqdim edib.

 

***

 

Qənirə Paşayeva Tovuz rayonunun Alakol kəndinin sakini, qəhrəman şəhid Cavid Hüseynovun atası Hümbət Hüseynovla da görüşüb, onu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb:

 

“Əziz şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. 

Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib. Dövlət başçısı oğlunuzu medallarla təltif edib.

Oğlunuz və silahdaşlarının sıralarında döyüşdüyü Ordumuzun rəşadəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Q.Paşayeva şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi adından Məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

 

***

 

Qənirə Paşayeva Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəmil Oqtay oğlu Səlimovun anası Təranə Səlimova və şəhid ailəsinin digər üzvləri ilə Milli Məclisdə görüşüb, şəhidin anasını və ailə üzvlərini işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:

 

“Əziz şəhid anası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!

Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, özünü Vətən uğrunda fəda edib.

Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Dövlətimiz, xalqımız Cəmil kimi qəhrəman hərbçilərimizi unutmur və heç zaman da unutmayacaqdır.

Bir daha sizi tarixi zəfər münasibəti ilə təbrik edir, ən xoş dilərklərimi yetirirəm”!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir