Modern.az

Yeni rabitə nazirindən nələr GÖZLƏNİLİR…

Yeni rabitə nazirindən nələr GÖZLƏNİLİR…

Aktual

27 Yanvar 2021, 16:01

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bu, Rəşad Nəbiyevdir.

Maraqlıdır, yeni nazirin gəlişi ilə bu sahədə hansı dəyişikliklərə səbəb ola bilər?

Modern.az bu sualla iqtisadçı Natiq Cəfərli və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə müraciət edib.


Natiq Cəfərli
bildirib ki, dəyişiklikdən sonra insanlar rabitə sahəsindəki  problemlərin həll olunmasına ümid edir:


“İnternetlə bağlı problemlər aradan qaldırılmalıdır. Çünki çox zaman bağlanmış müqavilələrə uyğun olaraq internet sürəti təmin edilmir. Qeyd etmək lazımdır ki, ölkənin rayon və kənd yerlərində online xidmətlərdən istifadə etmək üçün sistemin qurulması vacibdir. İnsanların şikayət və müraciətlərinə daha tez və operativ reaksiya verilməlidir.

Bildiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ən çox satınalmalarda və tenderlərdə iştirak edən hökumət qurumlarından biridir. Buna görə də tenderlərin şəffaf keçirilməsi təmin edilməlidir.

Bütün bunlar uzun illərdir üst-üstə gəlmiş problemlərdir. Təbii ki, təzə nazir bu sahədə müəyyən yeniliklər və addımlar atmalıdır ki, işinin effektivliyi ilə bağlı insanlarda pozitiv fikir formalaşdırsın”.   


Osman Gündüz
qeyd etdi ki, artıq nazirliyin qarşısında duran vəzifələr bir qədər dəyişilib:


“Əvvəla, demək istəyirəm ki, nazirlik qarşısında duran vəzifələr dəyişib. Nazirliyin daxilində olan strateji obyektlər vardı: Aztelekom, Baktelecom, Azərpoçt, Azərcell və s. bunların idarə edilməsi Azərbaycan İnvestisiya Holdinqinə verildi. Yəni nazirlik indiyə qədər idarəetmə, kommersiya, tənzimləmə ilə məşğul olurdusa, artıq ən çox tənzimləmə ilə məşğul olacaq. Düşünürəm ki, nazirlikdəki təyinat da bu baxımdan həyata keçirilib. Rəşad Nəbiyev də əvvəllər iqtisadi təhlilə bağlı şöbəyə rəhbərlik edirdi.

Nazirin qarşısında tənzimləyici qurumun formalaşması, innovasiyaların ölkə boyu inkişafı və tətbiqi ilə bağlı məsələləri durur. Nazirliyin diqqət yetirməli olduğu digər məsələ isə tariflərin tənzimlənməsidir. 20 il bundan qabaq müəyyən olunan tariflər var ki, üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də qüvvədədir. Tariflər yenilənməli, əlçatan olmalıdır. Nazirlik tarifşünasla birgə bu məsələni tənzimləməlidir.

Rəşad müəllim əvvəllərdə bu sahədə çalışdığı üçün inanıram ki, bütün problemləri həll edə biləcək”.


Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir