“...Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır, mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də bu müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır...”
Bu fikirlər Qalib Sərkərdə, Müzəffər Ali Bas Komandan, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.
Dövlət başçımız, xalqımızın Xilaskar oğlu bu fikirləri yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dilə gətirdi.
Videoformatda qəbulda geniş, əhatəli, məzmunlu çıxışı zamanı Ali Baş Komandanımız çox mətləblərə toxundu, müstəqilliyimizin ilk günlərindən, ilk illərindən, ağırılı-acılı işğal dönəmlərindən başlamış ta ki, son günlərimizəcən, xüsusilə, tarixi 44 günlük İkinci Vətən Müharibəsi, möhtəşəm Şuşa Zəfəri, ehtişamlı Qələbəmizəcən hər bir məqama, hər bir məsələyə öz münasibətini ifadə etdi.
Təkcə hər bir məqama-məsələyə toxunmaqla, münasibət bildirməklə kifayətlənmədi, həm də önəmli vəzifələr, tapşırıqlar verdi. Həm daxili auditoriyaya ünvanlanmış, həm də xarici, beynəlxalq aləmə, dosta da, düşmənə də hesablanmış mesajlar səsləndirdi, birmənalı, dəyişməz mövqeyini bir daha ortaya qoydu.
“Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir”-deyən Müzəffər Ali Baş Komandanımız bildirdi, bəyan etdi ki, Şuşanı biz qorumalıyıq və biz qoruyacağıq.
Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib.
Bəli, düşmən, onun havadarları nə qədər çalışsalar da, nə qədər cəhd etsələr də, ötən illərdə, 28 illik işğal dönəmində Şuşanı nə ruhən, nə mənən, nə maddiyyən Azərbaycandan ayıra, qopara bildilər...
Çünki ayıra, qopara da bilməzdilər. Onlarınkı olmayan necə sonradan onların ola bilərdi?! Buna heç Şuşanın, Qarabağın ruhu, havası, suyu, torpağı da imkan verməzdi, necə ki, vermədi. Şuşa “Qala” kimi bizim idi, bizim də oldu. Müzəffər Ali Baş Komandanın və onun rəşadətli Ordusunun, igid Azərbaycan Əsgərinin sayəsində 1992-ci ilin qara ləkəsi olan 8 may tarixi düz 28 il 6 ay sonra təqvimdən silindi və təqvimə 8 noyabr 2020-ci il Zəfər tarixi Qızıl hərflərlə həkk olundu, özü də əbəbiyyən!
Sonra Şuşanın bərpası prosesindən geniş bəhs edən dövlət başçımız bu tarixi şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyini xatırlatdı.
Bildirdi ki, bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, bütövlükdə bölgənin mədəniyyət paytaxtı adına layiq olmalıdır və olacaq.
Bəli, qeyd olunduğu kimi, təsadüfi deyil ki, bu yaxınlarda dövlət rəhbərinin qəbul etdiyi iki nümayəndə heyətinin başçısı Şuşaya xüsusi diqqəti dilə gətirib.
Birincisi, ICESCO-nun Baş katibi bir müddət öncə bildirmişdir ki, onlar Şuşa İslam mədəniyyətinin paytaxtı elan olunmasını təklif edəcəklər və bu, bizi çox məmnun edən bir addımdır.
İkincisi, Türk Şurasının Baş katibi belə bir təklif irəli sürmüşdür ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin.
Bəli, baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var. Bu, təsadüfi deyil. Ona görə də biz xalq, dövlət olaraq, Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq.
“Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir”-deyə, qeyd edən ölkə Prezidenti eyni zamanda bildirdi ki, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün onun Sərəncamı ilə yol çəkilir, Füzuli hava limanı inşa edilir. Həmin hava limanı da bu ilin sonuna qədər istifadəyə veriləcək və ondan sonra beynəlxalq uçuşlar təşkil ediləcəkdir.
Bəli, biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Demişdik, deyilmişdi ki, biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik də. Demişdik, deyilmişdi ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı da. Bu gün isə deyirik və ən ali məqamdan, kürsüdən deyilir ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!
Bu, bizim vəzifəmiz, görəvimiz, borcumuzdur, bu vəzifəmizi, bu görəvimizi, bu borcumuzu da yerinə yetirəcəyik, Şuşa da daxil olmaqla, bütün Qarabağımız heç zaman olmadığı qədər bizim olacaq!
Bir daha kimsənin öz qara, kirli, murdar əllərini Qarabağa, onun gözünün didəsi olan Şuşamıza toxundurmasına, ona sahiblənməsinə imkan verməyəcəyik!
Bu, mümkün deyil və mümkün də olmayacaq!
Şuşa, Qarabağ bizimdir, can Azərbaycanındır!
Jalə ƏLİYEVA,
millət vəkili,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini