29 yanvar 2021-ci il tarixdə saat 11 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları alıb.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcələsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
***
Agentliyin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, 2021-ci il 29 yanvar tarixində saat 11:00 radələrində ANAMA-nın Təmizləmə Qrupunun Bölmə rəhbəri, 4 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu Tağıbəyli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib:
“Nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çox saylı qəlpə yarası alıb.
Mirzəyev Elməddin Tofiq oğlu Ağdam rayon Mərkəzi xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.
Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır”.