Azərbaycan Milli Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tural Sadəddin oğlu İsayev axır ki,doğma kəndinə,onu gözləyən ana-bacısının yanına şəhid kimi qayıtdı.Vətən müharibəsi başlayandan haqqında heç bir məlumat olmayan,itkin düşdüyü güman edilən 29 yaşlı Tural İsayevin işğal altındakı torpaqlarımızın geri qaytarılması zamanı gedən döyüşlərdə şəhid olduğu məlum olub.29 yaşlı şəhidimiz Tural İsayev 2015-ci ildən "N"saylı hərbi hissədə maxe kimi hərbi xidmətini davam etdirirdi. Şəhid Tural İsayev doğulduğu Siyəzən rayonunun Yenikənd kənd qəbristanlığında dəfn edilib. Dəfn mərasimində kənd sakinləri, ictimaiyyət nümayəndələri, Siyəzən rayon İH, hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak edib.
Siyəzən rayon İH başçısı Novruz Novruzov igid oğullarımızın şücaəti sayəsində Vətən müharibəsində şanlı qələbə qazandığımızı deyib: "Tural İsayev tarix yazan qoçaq oğullarımızdan biridir. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti sayəsində biz qalib gəldik. Tural İsayev və onun bütün şəhid yoldaşları heç vaxt unudulmayacaq".
Dəfn mərasimində çox qürurverici və eyni zamanda adamı riqqətə gətirən duyğulu anlar yaşanıb. Siyəzən İH başçısı Novruz Novruzov Tural İsayevin nəşi bükülmüş Azərbaycan bayrağını şəhidin anası Güllü İsayevaya təqdim edəndə ana çox təmkinli və mərdanə şəkildə "Vətən sağ olsun.Oğlu Vətən üçün yetişdirmişik"-deyə səslənib.
O Güllü ana ki, yeganə oğlunun cənazəsi bu gün evinə gələndə qurban da kəsib. Halal olsun. Allah bütün şəhid analarını qorusun!
Qeyd edək ki, Tural İsayevin atası vəfat edib, indi Güllü ananın Xədicə adlı ailəli olan qızı qaldı. Xədicə elə ailəsilə Yenikənd kəndində yaşayır. Tural İsayevin özü isə subay idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Aytəkin Alxaslı