Modern.az

Milli Məclisdəki 11 komitədən 1-i - Parlament jurnalistləri onun işinə qiymət verdilər

Milli Məclisdəki 11 komitədən 1-i - Parlament jurnalistləri onun işinə qiymət verdilər

Parlament

15 Avqust 2012, 17:56


Qanun layihələri Milli Məclisin plenar iclaslarına tövsiyə edilməzdən öncə ayrı-ayrı komitələrdə müzakirə edilir. Milli Məclisin geridə qalan yaz sessiyası və növbədənkənar sessiya dövründə parlament jurnalistləri 11 komitədə keçirilən müzakirələri az-çox izləyiblər. O zaman onlar parlamentin komitələrinin yaz sessiyası və növbədənkənar sessiya dövründəki  fəaliyyətini ayrı ayrılıqda necə qiymətləndirirlər?

Modern.az-ın əməkdaşı ilk olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi barədə parlament jurnalistlərinin fikirlərini öyrənib.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Milli Məclisin ən fəal komitələrindən biridir. Onun sözlərinə görə, parlamentin yaz və növbədənkənar sessiyalarında ən çox layihələr məhz bu komitə tərəfindən müzakirələrə təqdim olunub.
“Dəqiq say deyə bilməsəm də, parlamentin elə bir iclası olmayıb ki, bu komitə müzakirələrə qanun layihələri təqdim etməsin. Əsasən həmin layihələr qanun və məcəllələrə dəyişikliklərdən ibarət olub ki, bunlar da həmin sənədlərin təkmilləşdirilməsinə xidmət edir. Komitənin sədri Əli Hüseynli çox savadlı və peşəkar hüquqşünasdır. Şəxsən onun fəaliyyəti və rəhbərlik etdiyi komitənin fəaliyyəti yüksək qiymətə layiqdir”, – deyə N. Bayramlı qeyd edib.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi yaxşı qanunlar hazırlayır. O, komitənin ayrı-ayrı üzvlərinin mətbuatla yaxşı çalışdığını bildirsə də ümumilikdə onun fəaliyyətindən narazı olduğunu qeyd edib: “Çünki ən çətin mənbə məhz bu komitədir. Bəzən heç bir məlumat almaq olmur. Ötən sessiyada Hüquq siyasəti və dövlət quruculuğu komitəsi yaxşı qanunlar hazırlamışdı, çox maraqlı işləri var idi. Buna sevinirəm, amma bəzən biz jurnalistlərə lazım olan ayrı-ayrı informasiya almaq imkanları məhz bu komitədə tükənir. Əli Hüseynli yəqin ki, səbəbini aydınlaşdırıb bizimlə daha sıx əməkdaşlıq edər”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov bəzi komitələrlə müqayisədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib.
“Çünki iclaslarında mütəmadi iştirak edirik. Xüsusilə komitə sədri Əli Hüseynli ara-sıra açıqlamalar verir. Ötən müddətdə bu komitənin fəaliyyətini qənaətbəxş hesab etmək olar”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyəti nəzərimdə mənfidir. Komitə, ATƏT başda olmaqla başqa beynəlxalq təşkilatların tələblərinə, tövsiyələrinə uyğun olaraq Seçki Məcəlləsinə əlavə və dəyişiklər hazırlamalı idi. Bu olmayıb, əksinə ötən dövr ərzində burada Seçki Məcəlləsinə bir sıra mürtəce dəyişiklər edilib, bir sıra insan hüquqları və azadlıqlarını məhdudlaşdırılan qanun layihələri hazırlanıb. Ona görə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyəti fikrimcə qənaətbəxş deyil”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclaslarına jurnalistlərin heç də hamısını dəvət etmirlər, yalnız bir qrup jurnalisti çağırırlar. “Ona görə bu komitənin işi barədə dəqiq bir söz deyə bilmərəm. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi digər komitə ilə birlikdə iclas keçirəndə ancaq jurnalistlərin əksəriyyəti ora çağırılır”.

APA-nın əməkdaşı Rəşad Süleymanov yaz sessiyası və növbədənkənar sessiya dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyətini yüksək qiymətləndirir. “Bu komitənin həm mətbuata açıqlığı, həm də jurnalistlərin onun iclaslarına dəvət olunması baxımından fəaliyyətini qənaətbəxş hesab edirəm. Ümumiyyətlə bu komitə əvvəlki dövrlərlə müqayisədə daha açıq və aktiv olub”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun fikrincə, əslində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyətini müəyyən dərəcədə qənaətbəxş hesab etmək olar. “Komitə sədrinin əvvəlki dövrlərlə müqayisədə mətbuatla təmaslarının intensiv xarakterli olması sevindirici sayıla bilər. Mətbuata açıq olması ilə Əli Hüseynli diqqət cəlb elədi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında daha fəal olmasını arzulayardıq. Parlamentin bəzi üzvlərinin qanunvericiliklə bağlı bir sıra təşəbbüsləri var. Bu istiqamətdə də komitə rəhbərliyi fəallıq nümayiş etdirsə, Milli Məclisdə məsələ qaldırsa yaxşı olardı”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ən fəal komitələrindən biri olduğunu qeyd edib.
“İstər yol hərəkətinin tənzimlənməsi, istər digər məsələlərlə bağlı İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsinə onlarla dəyişiklik hazırlayıblar. Həmçinin komitənin keçirdiyi bir sıra iclaslarda cəmiyyəti kifayət qədər narahat edən məsələlər müzakirəyə çıxarılıb. Ümumiyyətlə, fikir versək Əli Hüseynli plenar iclaslarda ən çox qanun layihəsi təqdim edən deputatdır. Bunun obyektiv səbəbləri də var, şübhəsiz ki, ölkədə hüquqi dövlət quruculuğu prosesinə ciddi diqqət ayrıılır”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində yaz sessiyası və növbədənkənar sessiya dövründə bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, təəssüf ki, həmin qanun layihələrində parlamentdə akkreditə olunan jurnalistlər məhdud sayda iştirakı təmin olunub. “Demək olar ki, bu qanunların ictimaiyyətə çatdırılmasında parlament jurnalistləri heç də iştirak edə bilməyib. Hətta qanun layihəsi parlament müzakirəsinə çıxarılan zaman hansı dəyişikliyin baş verməsi, yeni hansı qanunun qəbul olunması məsələsində çətinlik yaranır. Hətta elə vacib qanun qəbul olunur ki, məsələn Hüquq siyasəti və dövlət quruculuğu komitəsində pasportlar, siyasi partiyalar haqqında hazırlanan qanunlarda elə məqamlar olub ki, onları aydınlaşdırmaq üçün komitənin sədri ilə əlaqə saxlamaqda problemlər yaranır”.

“Hürriyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə bildirib ki, Milli Məclis qanun yaradıcılığı ilə məşğul olsa da bütün layihələr prezidentin təşəbbüsü ilə Prezident Adminstrasiyasından gəldiyindən nəinki parlamentin rəhbərliyi, deputatların da fəaliyyəti o dərəcədə nəzərə çarpmır. “Azərbaycanda hüquq sahəsində çoxsaylı çatışmazlıqlar mövcuddur, hüququn aliliyi qorunmur. Bilavasitə bununla bağlı qanunvericilik bazasının olmaması, təkmil qanunların qəbul olunmaması, eyni zamanda qəbul olunan qanunların icrasında müəyyən problemlərin olması onları qüvvədən salır. Buna baxmayaraq, qanun yaradıcılığı ilə daha çox məşğul olmaq lazımdır. Ümid edək ki, onlar da bu nöqsanları aradan qaldıracaq və növbəti dövrlərdə cəmiyyətin gözlədiyi bir sıra qanun layihələrini qəbul edəcəklər”.  

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov deyir ki, yaz sessiyası və növbədənkənar sessiya dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi daha aktiv fəaliyyət göstərib. “Milli Məclisdə ötən sessiyada qəbul olunan qanunların çox bu komitənin payına düşür. Yaz sessiyası və növbədənkənar sessiyanın iş planında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iş qrafiki daha aktiv və gərgin olub. O planda daha çox bu sahəyə aid olan qanunlar Milli Məclisdə müzakirəyə çıxarılıb, bir sıra qanunlara əlavə və dəyişiklər məsələsi gündəmdə olub”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə hesab edir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi yaz və növbədənkənar sessiya dövründə ən çox qanun layihəsinin müzakirə olunduğu komitələrdən biridir. “Xüsusən də bu komitədə müzakirə olunan məsələlərin əksəriyyəti demək olar ki, qanunvericilik təşəbbüsü ilə Prezident Administrasiyasından Prezident İlham Əliyevin imzası ilə göndərilmiş layihələr olub və bu layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi deyil, Prezident Administrasiyası hazırlayıb.
Müzakirə olunan məsələlərin çox olmağına baxmayaraq bu komitədə təklif olunan əlavə və dəyişiklər layihəsinə heç bir dəyişiklik edilmirdi. Qanun layihələri Administrasiyadan hansı formada gəlmişdisə elə də qəbul olunurdu”.
İ. Əlizadə bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi əvvəllər öz iclaslarına jurnalistləri çox az hallarda çağırırdı. “Amma yaz və növbədənkənar sessiya dövründə şəxsən özüm o komitənin iclaslarında iştirak etmişəm. Komitə sədri Əli Hüseynli ölkənin məşhur hüquqşünaslarından sayılır. Parlament komitə sədrləri arasında jurnalistlərin diqqətini ən çox cəlb edən, müsahibə verən komitə sədrlərindən biridir. O, əvvəlki dövrlərlə müqayisədə mətbuata indi daha açıqdır. Ümumiyyətlə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclaslarını müsbət qiymətləndirirəm”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizovun sözlərinə görə, komitə üzvləri ümumilikdə yaz və növbədənkənar sessiyalar dövründə çox fəal işləyib və Azərbaycan ictimaiyyəti, cəmiyyəti, eləcə də Azərbaycanın beynəlxalq nüfuzuna yardım edən, möhkəmləndirilməsinə xidmət edən bir neçə qanunlar qəbul ediblər. ““Eks-prezidentlərin statusu” haqqında qəbul olunan qanun layihəsini buna misal göstərmək olar”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun sözlərinə görə, qanunverici orqan kimi parlamentin əsas yükünü çəkən strukturlardan biri və birincisi parlamentin tərkibində fəaliyyət göstərən daimi komitələrdir. Çünki istənilən qanunvericilik aktı parlamentin plenar iclasına, parlamentarilərin müzakirəsinə çıxarılmazdan öncə ilk növbədə Milli Məclisin öz istiqamətinə uyğun olaraq müvafiq komitələrində müzakirələrə çıxarılır. K. Həmzəoğlu deyir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ali qanunverici orqanın ən mühüm, bəlkə də ilk üçlükdə dayanan komitələrindən biridir. Onun sözlərinə görə Milli Məclisdə ən mühüm qanun layihələri, xüsusilə konstitusiya qanunları, digər qanunvericilik aktları məhz bu komitənin gündəminə çıxarılır.
“Ötən sessiyada bu komitənin iştirakı ilə bir neçə iclas keçirildi və burada siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini nəzərdə tutan yeni qanun layihəsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə və digər qanunvericilik aktlarına dəyişiklik məsələsi müzakirəyə çıxarıldı. “İnformasiya əldə etmək haqqında” Qanuna əlavə və dəyişikləri nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarıldı. Düzdür bu dəyişiklər cəmiyyətdə birmənalı qarşılanmadı və informasiyanı əldə etməyin bir qədər sərtləşdirilməsi kimi qəbul olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəminə ölkənin problemlərini, həyatını daha yaxından maraqlandıran məsələlər müzakirəyə çıxarılıb”.
Jurnalistin fikrincə, bu komitənin işinin daha işgüzar, peşəkar olmasında onun sədri Əli Hüseynlinin böyük rolu var. “Bu baxımdan digər komitələrlə müqayisədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin işini müsbət qiymətləndirirəm”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım