Yay fəslinin indiki vaxtınadək ilanvurma halları ilə bağlı 140 müraciət daxil olub. Bunu Modern.az saytına açıqlamasında Kliniki Tibbi Mərkəzin şöbə müdiri Azər Maqsudov deyib:
“Aprel ayından bu günə kimi bizə olunan 140 müraciətdən 89 nəfəri stasionara qəbul olunub, 40-45 nəfəri ağır, qalanları isə orta ağır dərəcədə olub. Ümumilikdə, 2 ölüm hadisəsi baş verib”.
Şöbə müdiri qeyd edib ki, ən çox müraciət Siyəzən, daha sonra Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Qax rayonları, Bakıətrafı kəndlərdən Maştağa, Buzovna, Zirə, Qobu, Qaradağ rayonlarından olur.
Əhmədli və Yeni Günəşlidə olan fərdi evlərdə də ilanvurma hallarına rast gəlinir. A. Maqsudov digər həşəratlardan baş verən zəhərlənmələrin də statistikasını bildirib:
”İndiyə kimi əqrəb sancması ilə bağlı 40-a yaxın müraciət olub. Ölüm halları baş verməyib. Əsasən, Aran rayonlarından bizə belə müraciətlər daxil olur. Hörümçəyin bir növü olan qaraqurd həşəratı var ki, onun sancması ilə bağlı 12 müraciət daxil olub. Ölüm halları baş verməsə də, köməklik göstərilməsə, bu həşərat sancmasının da nəticələri ağır ola bilir. Bu həşərat əsasən, Bakı kəndlərində meyvə-tərəvəzin yetişdirilidiyi ərazilərdə olur”.
Nihadə Eyyubova