Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir.
Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, fevralın 2-nə olan məlumata əsasən ölkə üzrə 62.398 tibb işçisi peyvənd olunub:
"Birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.
Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var".