XX əsrdə iki dəfə müstəqilliyini elan etmiş Azərbaycan həm 1918-20-ci illərdə, həm də 1991-ci ildən sonrakı müddətdə beynəlxalq aləmlə, o cümlədən müstəqil dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlər qurmağa can atıb. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bu vaxta qədər dünyanın əksər ölkələri ilə qarşılıqlı maraqlara, bərabərhüquqlu imkanlara söykənən yüksək səviyyəli əlaqələr qurub. Eyni zamanda Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, MDB və çoxlu sayda digər təşkilatlarla əlaqələr yaradıb, bu qurumların üzv olub. Azərbaycan üzv olmasa belə, NATO və Avropa İttifaqı (Aİ) kimi qurumlarla əməkdaşlığı, həmçinin anti-terror koalisiyası tərkibində fəaliyyətini də durmadan inkişaf etdirib. Azərbaycan GUAM regional qrupunun da təsisçilərindən biridir. Ümumən bu təşkilatlarda və regional təşəbbüslərdə iştirak etməklə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.
Azərbaycan bilavasitə üzv olmadığı təşkilatlarda da mövqelərini gücləndirməklə öz milli-dövlətçilik maraqlarının qorunmasını təmin edir. Bir qədər əvvəl NATO və Aİ-nin adını qeyd etdik. Azərbaycan Şimali Atlantika Alyansının üzvü olan Türkiyə ilə, hansı ki, ordusunun gücünə görə bu təşkilata üzv ölkələr arasında ikinci yerdədir, ən yüksək səviyyədə münasibətlərə malikdir. 44 günlük Vətən Müharibəsi dövründə biz bu münasibətlərin səviyyəsinin, qardaş dəstəyinin bir daha əyani şahidi olduq. Türkiyə ərazi bütövlüyümüzün təmin edilməsi məsələsində sona qədər Azərbaycanın yanında yer aldığını rəsmi şəxslərin dili ilə dəfələrlə bəyan etdi. Eləcə də NATO üzvü olan Böyük Britaniya, İtaliya, Almaniya, Amerika, Xorvatiya, Polşa, Rumıniya kimi dövlətlərlə münasibətlərimizi misal gətirə bilərik. Vətən Müharibəsi dövründə dünyadakı erməni diaspor təşkilatlarının haray-həşiri, erməni lobbisinin təsiri altında olan dövlətlərin tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə söykənərək öz ərazi bütövlüyünü təmin etdiyi halda, BMT TŞ-nın üzvü olan bəzi dövlətlər ölkəmiz əleyhinə qətnamə qəbul etməyə, işğalçıya tərəf çıxmaqla işğala məruz qalana əlavə təzyiq göstərməyə çalışırdılar.
Biz bu çabanı, ermənipərəstliyi Fransa rəsmilərinin, o cümlədən prezident Emmanuel Makronun, xarici işlər naziri Jan-İv Lö Drianın, ayrı-ayrı senat üzvlərinin timsalında açıq-aşkar gördük. Fransızlar özlərinin “kiçik bacısına”, Rusiyanın forfost dövlət saydığı Ermənistana yardım etmək üçün dəridən-qabıqdan çıxdılar. Bu tərəfkeşlik o qədər ifrata vardı ki, hətta onlar münaqişəni sülh yolu ilə həll etmək üçün ATƏT-in mandatını daşıdıqlarını, buna görə də tərəfsiz qalmalı olduqlarını tamamilə yaddan çıxardılar. Lakin BMT TŞ-nin digər daimi üzvü Böyük Britaniyanın Azərbaycanı dəstəkləməsi hesabına dünya ermənilərinin, onların havadarlarının niyyəti baş tutmadı. BMT-dən sonra ikinci böyük təşkilatın - Qoşulmama Hərəkatının üzvü olan dövlətlər də, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbayacnın haqlı mövqeyini sonadək, kişi kimi dəstəklədilər. Eləcə də Avropa İttifaqına üzv olan 9 ölkə ilə yüksək səviyyəli münasibətlərin qurulması bu təşkilatda Azərbaycanın maraqlarına zidd hansısa qərarın, bəyanatın qəbul edilməsinin, atıla biləcək istənilən neqativ addımın qarşısını aldı. Bu çərçivədə biz Almaniya və İtaliya kimi dövlətlərlə münasibətləri, onların Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsini xüsusilə qeyd edə bilərik. 44 günlük müharibədən sonra italiyalı deputatların Azərbaycana səfər etməsi, Ermənistanın ballistik raket zərbələrinə məruz qalmış Gəncə, Bərdə, Ağdam kimi yaşayış məntəqələrimizə baş çəkməsi, italyan şirkətlərinin gələcəkdə Qarabağda aparılacaq quruculuq və abadlıq işlərinə cəlb edilməsi də Avropa İttifaqına üzv dövlətlərlə ölkəmizin münasibətlərinin səviyyəsini göstərir. Nüvə dövləti Pakistanın, münaqişədən əziyyət çəkən, Avropaya inteqrasiya yolunu tutan Ukraynanın Azərbaycanı dəstəkləməsi də qürurla xatırlanacaq hadisədir.
44 günlük müharibə dövründə Ermənistanın ən çox ümid bağladığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə zidd olan hər hansı addım atmadı, ermənilərə dəstək ifadə etmədi. Əvvəlcə bu təşkilat barədə qısa məlumat verərək qeyd edək ki, Qərb dairələri KTMT-ni NATO-ya qarşı yaradılan qurum kimi də xarakterizə edirlər. KTMT 15 may 1992-ci ildə əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən imzalanan müqavilə ilə əsası qoyulub. Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləyə qoşulub. Lakin beş ildən sonra Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla, digər altı dövlət bu müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəliblər. 2002-ci ildə həmin altı ölkənin razılığı ilə KTMT adı altında hərbi ittifaq təşkil olunub. KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçib. KTMT nizamnaməsinə əsasən üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir və ümumilikdə o təhlükənin aradan qaldırılmasına birgə səy göstərilir.
KTMT-nin üzvü olmasına, bu hərbi ittifaqın hərtərəfli dəstəyinə ümid bəsləyən işğalçı Ermənistan Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə, Dağlıq Qarabağ və ətraf ərazilərdən separatçıları, silahlı terrorçuları təmizləməsinə cavab olaraq öz ərazisindən Gəncə, Bərdə, Ağdam, Tərtər, Abşeron, Siyəzən ərazilərini raket atəşinə tutub. Bu yolla işğalçı dövlət Azərbaycanı təxribata çəkmək, münaqişəni regonal müharibəyə çevirmək niyyəti güdüb. Xatırladaq ki, bunu Prezident İlham Əliyev də oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bəyan edib: “Ermənistan üzv olduğu KTMT-ni bu yolla münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət, mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç vaxt mülki şəxslərə qarşı addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir”.
Göründüyü kimi, düşmənin məkrli niyyəti baş tutmayıb. Bunun birinci səbəbi Azərbaycan dövlətinin uğurlu siyasəti, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi, Ordumuzun müharibə qaydalarına tam riayət etməsidir. Digər mühüm səbəb yuxarıda adlarını sadaladığımız beynəlxalq təşkilatların üzvü olan dövlətlərlə ayrı-ayrılıqda qurulan münasibətlərimiz, eləcə də KTMT üzvü olan ölkələrlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən, ərazi bütövlüyünə hörmət prinsipi əsas tutulan münasibətlərdir. Ermənistan istisna olmaqla, KTMT üzvü olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. İkinci Qarabağ Müharibəsinin qızğın dövründə Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməsi, müharibənin Azərbaycanın öz ərazisində getdiyini vurğulamaqla, KTMT-nin bu prosesə müdaxiləsinin qeyri-mümkün olmasını vurğulaması, söylədiklərimizi təsdiqləyən daha bir misaldır.
Bundan başqa, KTMT-yə üzv ölkələrlə Azərbaycanı iqtisadi, ticari, siyasi, humanitar, mədəni əlaqələr bağlayır. Azərbaycanla Rusiya arasında cari ildə ticarət dövriyyəsi 2 milyard dollara yaxın olub. Eyni dövrdə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanla ticarət dövriyyəmizin həcmi ayrı-ayrılıqda bir neçə yüz milyon dollarlarla ölçülüb. Sözsüz ki, bu münasibətlər dövlətlərarası münasibətlərə də sıcaq təsir göstərir. Belə reallıqlar fonunda işğalçı Ermənistanın nəinki BMT, Avropa İttifaqı, NATO-dan, hətta KTMT-dən də yardım, dəstək umması suda batan adamın son ümid kimi saman çöpündən yapışmasına bərabərdir. Ümumilikdə bütün bunlar Azərbaycanın xarici siyasətinin düzgün həyata keçirilməsinə gözəl nümunədir.
Seymur VERDİZADƏ