Fevralın 5-də “Şərq-Qərb” ASC-də “Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj” layihəsi çərçivəsində qaliblərin mükafatlandırılması tədbiri keçirildi.
Modern.az-ın məlumatına görə, tədibirdə çıxış edən Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı “Şərq-Qərb” ASC-nin regionun ən böyük nəşriyyat-poliqrafiya müəssisəsi olduğunu və indiyə qədər bir çox böyük və dövlət əhəmiyyətli layihələrə imza atdığını bildirdi:
“Artıq 35 ildir ki, fəaliyyət göstəririk və bütün bu illər ərzində bir-birindən dəyərli, dünya standartlarına cavab verən nəşrlərin hazırlanması, “Şərq-Qərb” adının poliqrafiya və nəşriyyat işi sahəsində brendə çevrilməsi üçün var qüvvəmizlə çalışırıq. Bir çox beynəlxalq sərgilərdə iştirakımız, aldığımız mükafatlar, nəşrlərimizlə tutduğumuz yerlər, bizi seçən, məhz bizimlə əməkdaşlıq edən qurumlar, görkəmli yazıçılar, ictimai xadimlər – bütün bunlar illərlə qazanılan nailiyyətlərdir”.
N.Cabbarlı daha sonra keçirilən növbəti layihənin əhəmiyyəti haqqında danışaraq müsabiqənin uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə keçirildiyini bildirdi:
“Bilirsiniz ki, bütün dünyada klassik qəhrəmanların sırasına hər il yeniləri əlavə edilir ki, məhz onların sevilməsi, uşaqların zövqünü oxşaması, diqqətini çəkə bilməsi sayəsində əhəmiyyətli layihələr reallaşdırılır. Əslində, bunlar bir-biri ilə zəncirvari qaydada bağlı olan fəaliyyətlərdir. Kitablar çap olunur, animasiyalar çəkilir, uşaqlarda mütaliəyə maraq oyatmaq üçün onlardan istifadə edilir, təlim və tərbiyələrinin qurulmasında yenə də onlara üz tutulur. Azərbaycada da klassik nağıl qəhrəmanlrı var və biz onlara qarşı deyilik. Amma azdırlar. Cırtdan, Tıqtıq xanım... Digər yandan, dünya dəyişir, uşaqlar dəyişir, onların həyata, yanaşması, münasibəti tamamilə fərqli bir istiqamətdə formalaşır. Biz də bu dəyişimə hər mənada ayaq uydurmalı, hətta məhz uşaqlarımızın naminə bir addım öndə olmalıyıq”.
Nəşriyyatın direktoru Sevil İsmayılovaya münsiflər heyətinə təşəkkürünü bildirdi. “Şərq-Qərb” ASC-nin İSO beynəlxalq standartlaşdırma sertifikatına layiq görülmüş yeganə nəşriyyat olduğunu bildirərək qalib gələn işlərdən nəşriyyatın gələcək fəaliyyətində istifadə olunacağını qeyd etdi.
Tədbirdə çıxış edən münsiflər heyətinin üzvləri – Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, rəssam Mir Teymur Məmmədov, gənc rəssam Orxan Qarayev, şair, məşhur “Söz” layihəsinin müəllifi Nigar Həsənzadə, aktyor Bəhram Bağırzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, uşaq ədəbiyyatının nümayəndələri şair, yazıçı Sevinc Nuruqızı, yazıçı Aygün Bünyadzadə qalib gələnləri təbrik etdilər və layihə ilə bağlı ürək sözlərini bildirdilər.
Müsabiqədə 3-cü yerə Hüseynova Sevil Elmar qızı, Əliyeva Gülnar Şahvələd qızı, Məmmədova Ləman Əhəd qızı layiq görülüb.
2-ci yerin qalibləri Quliyeva Sevinc Əlikram qızı və Binnətova Kubra Həmid qızı olub.
1-ci yerin mükafatı Qurbanova Afər İlqar qızına verilib.
1-ci yerin qalibinə 3000 manat, 2-ci yeri tutanların hər birinə 1000 manat, 3-cü yerə layiq görülənlərin hər birinə isə 500 manat pul mükafatı və Nəşriyyatın hədiyyələri təqdim edilib.