Modern.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin yenidənqurulmadan sonrakı açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2008-ci ilin dekabrın 17-də açılmış Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin Azərbaycan Dövləti ilə Cənubi Koreya Dövlətinin dostluğunun bir rəmzi olduğunu deyib.
Mərkəz haqqında tədbir iştirakçılarına məlumat verən rektor, 3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzində Seminar otağı, İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası və internet zalının fəaliyyət göstərdiyini vurğulayıb. O, bildirib ki, İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası 75 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. İnternet zalı isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir.
Bakı Dövlət Universiteti ilə Cənubi Koreya Universitetləri arasında elmi və təhsil sahəsindəki əməkdaşlığın gün-gündən genişləndiyini deyən akademik, Tətbiqi riyaziyyat fakültəsinin bir çox tələbələrinin Cənubi Koreyanın KAİST Universitetində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini xatırladıb.
Koreya Respublikasının dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin müavini cənab Seo Pil Eon Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin yenidənqurulmadan sonrakı açılış mərasimində iştirakından qürur duyduğunu deyib. Qonaq bu mərkəzin Azərbaycanın informasiya texnologiyaları sahəsində inkişafına dəstək verəcəyini bildirib.
Nihadə Eyyubova