Modern.az

Rusiya ilə əməkdaşlıq perspektivləri müzakirə olundu

Rusiya ilə əməkdaşlıq perspektivləri müzakirə olundu

Aktual

7 Fevral 2021, 12:12

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində ölkəmizin Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov Rusiya Prezidentinin Ural federal dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Yakuşevlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Ural federal dairəsi arasında illər öncə təməli qoyulmuş əməkdaşlıq əlaqələrinin hazırkı durumu, perspektivi və digər maraq doğuran mövzular müzakirə olunub.

 

V.Yakuşev Ural regionu ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirərək respublikamızın bölgənin əsas ticarət tərəfdaşlarında biri olduğunu vurğulayıb, Uraldan ixrac olunan məhsulların ümumi həcminin 10 faizinin məhz ölkəmizə göndərildiyini bildirib. Qeyd olunub ki, ötən ilin 11 ayı ərzində Ural regionu ilə Azərbaycan arasında ticarət dövriyyəsi 179 milyon rubl təşkil edib. Pandemiya səbəbindən göstəricilərin azalmasına baxmayaraq, 2017-ci illə müqayisədə ümumi dövriyyə daha yüksək olub. Səlahiyyətli nümayəndə region ilə ölkəmiz arasında müxtəlif sahələr üzrə maraq doğuran birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı faydalı investisiya imkanlarının araşdırılmasını təklif edib.

 

V.Yakuşev Cənubi Qafqaz regionunda illər ərzində davam edən münaqişənin ötən il həll olunmasını və bölgədə sülhün bərpasını yüksək qiymətləndirib.

 

Baş konsul İ.İskəndərov Azərbaycan ilə Rusiya arasında son zamanlar əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndiyini və siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Rusiya regionları ilə münasibətlərinin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb və Ural bölgəsinin Azərbaycanla əməkdaşlıq üçün böyük potensiala malik olduğunu bildirib. Qeyd olunub ki, ötən ilin pandemiya ilə əlaqədar olaraq ağır keçməsinə baxmayaraq, ölkəmizlə Ural regionu arasında əmtəə dövriyyəsində nəzərəçarpacaq azalma müşahidə olunmayıb və 2021-ci ildə bu istiqamət üzrə artımın bərpası nəzərdə tutulub.

 

Baş konsul Azərbaycan və Rusiyanın siyasi sahədə strateji tərəfdaş olduğunu vurğulayaraq, işğal altında olan ərazilərimizin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində davam edən müharibə nəticəsində müzəffər ordumuz tərəfindən azad olunduğunu bildirib, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda və bu ilin yanvar ayında keçirilmiş üçtərəfli görüşdə Rusiyanın rolunu xüsusi vurğulayıb.

 

İlqar İskəndərov görkəmli soydaşımız, neftçi, mühəndis-geoloq Fərman Salmanovun Rusiya neft sənayesinin inkişafındakı xidmətlərindən danışıb, onun bu ilin iyul ayında 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması istiqamətində birgə işlərin görülməsini təklif edib.

 

Görüşdə Rusiya Federasiyası Prezidentinin Ural federal dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Boris Kirillov, Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza