Nərimanov rayonu, R. Behbudov küçəsi 64/66 ünvanında yerləşən 22 mərtəbəli binanın sakinlərinin şikayətlərinə baxan tapılmır. Modern.az-a şikayət məktubu yazan bina sakinləri vəziyyətlərinin çox acınacaqlı olduğunu deyirlər. Şikayətçilər bildiriblər ki, onlara həmin hündürmərtəbəli binada yaşadıqlarını təsdiqləyəcək heç bir sənət verilməyib. “Sabah kimsə binanı sökmək istəsə, onlara sübut edə bilməyəcəyik ki, biz həqiqət buranın sakinləriyik”. Bundan başqa, binada mavi yanacaq, yanğından mühafizə qurğusu, lift üçün generator və istilik sistemi də yoxdur. “Aidiyyatı adamlar gəlib görsünlər ki, 20-ci mərtəbədə liftə qalmaq necə olur. İstilik sisteminin olmaması qış fəslində həyatı tamamilə iflic edir. Yanğından mühafizə qurğusunun olmadığı daha dəhşətli məqamları ortaya çıxarır. Vətəndaşlar sabah baş verə biləcək yanğından heç kimin sığortalanmadığını bildiriblər. Yəni hər hansı bir yanğın olsa, faciədən yan keçmək elə də asan olmayacaq”.
Mənzil sahibləri qarşılaşdıqları məlum hallarla əlaqədar bütün dövlət qurumlarına müraciət etdiklərini bildiriblər. Onlar binanın tikintisini aparan şirkətin üç vəzifəli şəxsinin adını qeyd ediblər: Akif və Qulam bina tikintisinin 25%-nə, İman isə 50% səhmlərə sahibdir.
İlk olaraq adı çəkilən binanın kooperativinin rəhbəri Əzizə xanımla əlaqə saxladıq. Kooperativin rəhbəri saytımıza bildirib ki, biz bu məsələni həll etmək istəyirik, lakin orada bir balaca məhdudiyyət var: “Allah qoysa həll edəcəyik. Çünki bizdə narahatıq ki, o məsələləri tez həll edək”.
Dəqiq bu məsələlərinə nə vaxt həll olunacağına gəlincə, kooperativ rəhbəri bildirdi ki, mən sizə nömrə verim siz həmin şəxsdən soruşun. Xanım həmin şəxsin İdarənin yiyəsi olduğunu deyib.
Daha sonra Əzizə xanım bizə zəng etmədiyi üçün özümüz telefon nömrəsini bir daha yığmaq məcburiyyətində qaldıq. Bu dəfə birinci danışığından fərqli və əsəbi tonda danışan xanım bizə onun nömrəsini hardan aldığımızı soruşdu. Daha sonra isə artıq orada işləmədiyini və ərizə yazıb çıxdığını bildirdi. İlk danışığı ilə sonuncu danışığı tərs-mütənasiblik təşkil edən xanım dediyi nömrəni verməkdən boyun qaçırdı.
Daha sonra binanı tikən şirkətin 25% səhmlərinin sahibi Akif bəylə əlaqə saxladıq. Şirkətin səhmdarlarından olan Akif bəy bildirdi ki, birdə məni narahat etməyin. “Orada şirkətin müdiri var, onu narahat edin”.
Həmin müdirin nömrəsini istədik də isə Akif bəy sərt şəkildə nömrəni şikayət edən sakinlərdən öyrənin dedi. Daha sonra isə birdə mənə zəng etməyin deyərək telefonu söndürdü.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, tikinti fəaliyyəti ilə bağlı qanunvericilik var və buna əməl etmək lazımdır. Milli Məclis üzvünün sözlərinə görə, bu məsələlərlə bağlı “Şəhərsalma haqqında” Qanun qəbul olunub və problemlər öz həllini tapmalıdır:
“Biz onu dəfələrlə təklif etmişik ki, o binalar dövlətin qəbul komissiyası tərəfindən qəbul olunduqdan sonra orada yaşayışa icazə verilsin. Bina qəbul olunduqdan sonra insanlar orada yaşayışa buraxılmalıdır. Bina istismara yararlı deyilsə, hər hansı bir problemi varsa, demək ki, həmin binanı lazımi orqanlar qəbul etməyə və o da istismara buraxılmaya. Əslində belə də olmalıdır. Doğrudur ki, camaat 3-5 ildir yaşayır, amma qazı, suyu və yaxud da başqa problemləri var. Düşünürəm ki, yeni qəbul olunan “Şəhərsalma və Tikinti Məcəlləsi haqqında” qanunda bütün bunlar öz həllini tapıb və yalnız onu vicdanla icra etmək lazımdır”.
Anar Kəlbiyev