Fevralın 8-də saat 01 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus üzərində xəsarət izləri olan meyitin Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.