Ramazan bayramı türklər üçün yalniz dini mahiyyət daşımır
Ramazan bayramı ərəfəsində Türkiyənin sosial həyatından tutmuş, ticarət və turizm kimi ölkə iqtisadiyyatının əsas sahələrində canlanma yaşanır.
Bu bayramda icra olunan bir sıra ənənəvi rituallar təmtəraqla qarşılansa da, məsələn, oruc tutanları gecə saatlarında imsaq vaxtından əvvəl sahur yeməyinə səsləmək məqsədilə davul çalınması ənənəsinin arxaik olduğunu düşünənlər var.
Texnologiyalar və davul
Bir sıra yerli bələdiyyələr texnologiyaların inkişaf etdiyi müasir dövrdə davul çalma ənənəsinin arxaik goründüyünü düşünərək Ramazan davulunu yasaqlayan qərar verib.
Ordu şəhər bələdiyyəsi tarixi ənənəni əks etdirməsinə bamayaraq, Ramazan davulunun səsindən vətəndaşların şikayət etdiklərini əsas gətirərək gecə saatlarında davul çalmanı qadağan edib.
Qərarda texnologiyalarla yanaşı, insanların özlərinin yuxudan oyana bilməsi üçün müxtəlif üsulların olduğuna diqqət yönəldilib.
Jurnalist Sardar Ünsalın fikrincə, davul calınması nəinki oruc tutmayanlara, hətta oruc tutanlara da narahatlıq verir.
"Təsəvvür edin ki, mən sahur saatında oyanmaq üçün saatımı gecə 3-ə qurub gecə saat 12-də yatırdım.
Davulçu isə artıq saat 2-də davulunu çala-cala məhəllələri gəzməyə başlayır.
Davulçu üçün insanların rahatlıqı yox, bəxşiş toplayacağı məhəllələrin hamısına yetişməkdir. Artıq davulçuların dövranı keçib.", - deyir Sərdar Ünsal.
Ramazan - uşaqların bayramı
Davul səslərindən yaranan narahatlıqlara baxmayaraq, Ramazan bayramında Türkiyədə həyat canlanır.
Bayram axşamında xüsusi paxlavalar hazırlanır, süfrəyə türk mətbəxinin yerli təamları düzülür.
Menyü bölgələrə görə dəyişir. Bayram günü isə səhər yuxudan oyandıqdan sonra ailə üzvləri bayramlaşıb bir-birini təbrik edir.
Təbriklər kiçiklərin böyüklərin elini öpməsi ilə müşaiyət olunur. Bundan sonra dünyadan köçmüş yaxınların məzarları ziyarət edilir, həyatda olan böyüklərin evlərinə gedilərək təbrik olunur.
Qonşular bir-birlərina bayramlaşmaq ücün qarşılıqlı ziyarətlər edirlər.
Ailəyə yaxın 12-15 yaşlı uşaqlara və tələbələrə xərcliklər verilir. Bayram günlərində kiçik yaşlı uşaqların qonşulara konfet toplamağa getməsi də Ramazan ənənələrindəndir.
Ramazan bayramı günlərində ziyarətlər siyasi arenada da muşahidə olunur. Siyasi liderlər iqtidar-müxalifət ayrımı etmədən qarşılıqlı ziyarətlər edirlər.
Ramazan - həm də gəlirli bayram
Bayram günləri Türkiyənin ticarət və turizm sektoru da canlanır.
"Həm ziyarət, həm ticarət" prinsipi ilə Türkiyəyə bayram tətilinə gələn əcnəbilərin sayı artıb.
Azərbaycandan da bu günlərdə Ramazan tətilini Türkiyədə keçirənlər az olmayıb.
Jurnalist Elçin Hüseyn Ramazan bayramı yaxın dostları ilə istirahət üçün İstanbulu seçib.
Onun sözlərinə görə, azərbaycanlılar üçün ünsiyyət probleminin olmaması, birbaşa təyyarə reyslərinin olması, vizasız səfər şərtləri, qiymətlərin münasibliyi və türk mətbəxinin, necə deyərlər, azərbaycanlıların mədəsinə görə olması Türkiyəni azərbaycanlılar üçün maraqlı edən tərəflərdəndir.
İlhamə Qasımlı
BBC Azərbaycanca