Modern.az

Qəbələ ilə Qaqauziya qardaşlaşacaq

Qəbələ ilə Qaqauziya qardaşlaşacaq

11 Fevral 2021, 21:58

Azərbaycan-Moldova münasibətləri ikitərəfli əməkdaşlığın bütün səviyyələrində yüksək sürətlə inkişaf edir. Ölkələrimizin xalqları arasında möhkəm dostluq əlaqələri mövcuddur. Qaqauziya Moldovanın ayrılmaz hissəsidir. Moldova ilə olduğu kimi, ümumiyyətlə, onlarla da münasibətlərimiz inkişaf edir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldovanın Qaqauz Muxtar Ərazi Qurumuna səfəri zamanı bildirib.

 

“Mən Qaqauziya başqanı İrina Vlax ilə görüşdüm. Biz digər məsələlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Çadır-Lunqa bələdiyyəsindəki Mədəniyyət və Təhsil Mərkəzinin inşası layihəsinin başa çatma tarixi barədə də danışdıq. Mərkəzin inşası artıq başa çatmaq üzrədir və Qaqauziya tərəfi ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsini təklif edib. Bundan əlavə, Azərbaycanın Qəbələ rayonu ilə Qaqauz Muxtar Ərazi Qurumu arasında əməkdaşlıq və qardaşlaşma haqqında saziş imzalanacaq. Bunun üçün hər iki tərəfdə sənədlər hazırdır, lakin koronavirus pandemiyası səbəbindən sənədlərin imzalanması keçən il mümkün olmadı. Ümid edirəm ki, biz bunu bu il edə biləcəyik”, - deyə səfir bildirib.

 

Qeyd edək ki, Mədəniyyət və Təhsil Mərkəzinin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır.

 

İ.Vlax görüş zamanı vurğulayıb ki, Çadır-Lunqada inşa edilən sosial obyekt iki qardaş xalq arasında dostluğun rəmzi olacaq.

 

Prioritet istiqamətlər kimi elm, təhsil, səhiyyə, eləcə də regionlararası əməkdaşlıq formatında sosial-iqtisadi qarşılıqlı fəaliyyət sahələri müəyyənləşdirilib.

 

Diplomat regiona səfəri zamanı 30 illik yubileyini qeyd edən Komrat Universitetində olub. Səfir qonaqlar qarşısında çıxışı zamanı bu region ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun da iştirak etdiyi görüşlərdə Azərbaycan diasporunun Qaqauziya və Moldovanın siyasi-ictimai həyatında iştirakının vacibliyi qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi