Modern.az

Deputatlar İctimai Televiziyanın fəaliyyətinə qiymət verdilər

Deputatlar İctimai Televiziyanın fəaliyyətinə qiymət verdilər

Parlament

22 Avqust 2012, 17:35


2005-ci ildə fəaliyyətə başlayan İctimai Televiziyanın avqustun 29-da 7 yaşı tamam olur. Maraqlıdır, İctimai Televiziyanın Azərbaycanın ictimai-siyasi həyatındakı mövqeyini Milli Məclis üzvləri necə qiymətləndirirlər?

Deputat Fəzail İbrahimli Modern.az-a açıqlamasında bildirib ki, İctimai Televiziya yaş etibarı ilə digər televiziyalardan daha gəncdir.
“Amma yaşının az olmasına baxmayaraq, o, ağsaqqallıq statusuna sahib olan bir televiziya kimi hərəkət edir. Bu statusu qazanan telekanal demək olar ki, ictimai həyatın bütün sahələrini əhatə edən verilişlərilə diqqəti xüsusi cəlb edir. Həyatın bütün sahələri dedikdə ictimai sahə, mənəvi dəyərlərə söykənən və s. nəzərdə tutulur. Bunların içərisində daha çox diqqəti cəlb edən, xüsusilə də mənim üçün vacib amil sayılan məsələlərdən biri milli dəyərləri daim qoruyub saxlamaq məsələsidir. Çünki televiziya KİV içərisində insan beyninə, ruhuna, əxlaqına daha çox ciddi təsir edən bir vasitədir”.

F.İbrahimli hesab edir ki, bu cəhətdən İctimai Televiziya milli dəyərlərimizin qorunub saxlanması, gənclərin milli ruhda tərbiyə olunması sahəsində kifayət qədər ciddi addımlar atır.

“Bu gün Azərbaycanda atəşkəs rejimi mövcud olsa da, ölkəmiz müharibə vəziyyətindədir. Eyni zamanda ideoloji müharibəmiz davam edir. Hər bir Azərbaycan insanı, hər bir qurum bu ideoloji müharibədə iştirak edir”.
F.İbrahimli aparılan ideoloji müharibədə İctimai Televiziyanın önəmli yer tutduğunu vurğulayıb. “Belə ki, təkcə onun reklam çarxında ərazimizin işğalı ilə bağlı göstərdiyi məqam ola bilər ki, çoxları tərəfindən bir fakt kimi görünür. Əslində burada bir necə məqam var. Azərbaycan torpağının işğal olunması haqqında dünyaya hər gün informasiya ötürür, ikincisi isə dünyada beynəlxalq hüququn yox, beynəlxalq zorun təsdiq rolu diqqətə çəkilir, üçüncüsü Azərbaycana qarşı ikili standartdan yanaşmanı dünya təşkilatlarına və insanlarına bəyanat etməsidir. Bu üç cəhəti birləşdirən reklam çarxı ideoloji müharibədə çox ciddi rol oynayır. Azərbaycanın dünya ilə əlaqəsi, dünya həmrəyliyi, cənub-şimala bir körpü atılması məsələsində də İctimai televiziyanın möhtəşəm rolu var. Ən əsası İTV-nin “Eurovision-2012” Mahnı Müsabiqəsində rolunu qeyd etməmək mümkün deyil. İTV-nin fundamenti düzgün qoyuldu, sonradan onun üzərində tikilən mərtəbələri də təməl daşıya bildi və əzəmətli binaya bənzədi”.

Millət vəkili Asim Mollazadə qeyd edib ki, digər kanallardan fərqli olaraq, İctimai Televiziya ictimai mövzulara müəyyən qədər diqqət yetirməyə çalışır.
“Sadəcə, bütün Azərbaycan televiziyaları kimi İTV-nin də öz peşəkarlığını artırmaq, dünyanın müasir üsullarından daha geniş istifadə etməyə ehtiyac var. Təbii ki, uğurlar arzu edirəm. Ümidvaram ki, bu kanal izləyicilərinin diqqətini cəlb edə biləcək. Çox təəssüf ki, hazırda Azərbaycanın informasiya televiziya məkanı Türkiyə və Rusiya arasında bölünür. Və Azərbaycan öz yetərincə səviyyəsini saxlaya bilmədiyinə görə ölkənin TV izləyiciləri xarici televiziya kanallarına üstünlük verirlər”.

Deputat Rəbiyyət Aslanovanın sözlərinə görə, çox az vaxt ərzində Azərbaycanın ictimai-siyasi həyatında, efir məkanında özünə çox möhkəm mövqe tutan bir televiziyanın uğurları bizim hamımızı sevindirir.
“Azərbaycanın həyatında baş verən hadisələri düzgün istiqamətləndirməklə, işıqlandırmaqla Azərbaycan insanın, vətəndaşının istək və arzularını əks etdirən verilişləri verməklə, çox yüksək səviyyəli verilişləri cəmiyyətə təqdim etməklə, yüksək vətənpərvərlik duyğularını, hisslərini tərbiyə edən verilişlər hazırlamaqla, olduqca aktual mövzulara müraciət etməklə İctimai Televiziya özünün dəsti-xəttini bir daha göstərdi. İctimai Televiziyanın elə bir uğurları, addımları var ki, bu addımları dünyanın ən aparıcı telekanallarının addımları ilə eyniləşdirmək olar. Həmişə bu kanala müraciət edərkən, baxarkən çox gözəl yenilikləri eşidəcəyimə, müstəqil düşüncənin ifadə olunacağına, Azərbaycanın say-seçmə insanlarının məhz bu efirdən yüksək təbliğinə inanır və sözsüz ki, belə bir kanalın olması bizim hər birimizin sevincimiz, uğurumuzdur. İnanıram ki, növbəti illərdə İTV-nin uğurları daha da çoxalacaq. Çünki kanalın yaradıcı heyəti, rəhbərliyi, kanalda çalışan jurnalistlər öz peşəkarlığı, dünyagörüşləri, hadisələrə sərbəst, müstəqil münasibətləri, yüksək intellektual səviyyələri ilə seçilən insanlardır. Mən onların hər birini təbrik edirəm”.

Deputat Aqil Abbas bildirib ki, İTV Azərbaycanın bir nömrəli televiziyasıdır. Onun sözlərinə görə, telekanal ictimai həyatı işıqlandırmağı bacarır. “Əhalinin sevdiyi kanaldır, şəxsən mənim ən çox etibar etdiyim kanallardan biri və birincisidir. İctimai Televiziya ilə bağlı hər zaman sözümü demişəm. Bütün zümrələri əhatə edən verilişlər var, maarifçi, vətənpərvər verilişlər çoxdur. Yəni İctimai Televiziya indi-indi formalaşır, amma qısa müddətdə bir nömrəli kanala çevrilməyə bacarıb. Rayonlarımız haqqında, Azərbaycanın hər bölgəsindən məlumat verməyi bacarır. Gürcüstanla, oradakı azərbaycanlılarla bizim əlaqələrimizin möhkəm olmasında mühüm rol oynayır”.

 

Millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycan teleməkanında İctimai Televiziya çox mühüm yer tutur. Onun sözlərinə görə bu daha artıq dərəcədə insanların öz iradəsinin əsasında baş verir. “Heç kəsi hər hansı kanala baxmağa vadar etmək olmaz. Bu onların zövqü, mənəvi dəyərləri, müxtəlif məsələlərə müəyyənləşdirdikləri meyarlarla bağlıdır. İctimai Televiziya Azərbaycan cəmiyyətindən gələn impulsları qəbul etmək, onları nəzərə almaq və peşəkarlıqla öz efir məkanında reallaşdırmaq gücündədir. Yaxşı komanda formalaşıb, əksəriyyəti gənclərdən ibarətdir və yaradıcı axtarışdadırlar. Ən müxtəlif, istər ictimai, istərsə də siyasi verilişləri bu kanalda izləmək mümkündür. Azərbaycanın vahidliyi ilə bağlı məsələlər də dərin bir xətlə orada işlənir. “Körpü” verilişindən tutmuş bir sıra, hətta ədəbi bədii xarakterli verilişlərə qədər dediyimiz tendensiya özünü göstərir”.

Z.Oruc bildirib ki, İTV-ni əxlaqlı kanal saymaq olar, çünki doğurdan da Azərbaycanın ekranında buna ehtiyac var. “Nəzərə alsaq ki, televiziyalar millət quruculuğunda rol oynayır, millətin təşkilatlanması, dünyagörüşün formalaşması, oturuşması televiziyaların çox böyük önəmli rolu var, bu mənada İctimai televiziya həmin prinsipləri ödəyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə “Eurovision” layihəsində Azərbaycanın iştirakı və bunun ictimai fikirdə oturması, Azərbaycanın cəmiyyətinin buna münasibətini məhz bu kanal yaratdı və orada uğurla iştirakımızda müəyyən təşkilatı öz üzərinə götürdü. Ona görə də İctimai Televiziyanın fəaliyyətini çox müsbət qiymətləndirirəm, onlara ad günü münasibətilə təbrik edirəm”.

Deputat Fərəc Quliyev qeyd edib ki, İctimai Televiziya Azərbaycan efir məkanındakı boşluğu doldurdu. “Əvvəllər biz çalışırdıq ki, bütöv Azərbaycan məsələsini gündəmə gətirək, güney Azərbaycandakı insanlarımızın hüquqları ilə bağlı məsələləri qaldıraq və bu istiqamətdə ciddi şəkildə təbliğat yox idi. İkincisi, vətənpərvərlik mövzusunda çox yaxşı verilişlər oldu. Qarabağla bağlı mütəmadi olaraq orada verilişlər təşkil olunması da yüksək qiymətləndirilməlidir. Üstəlik, ən mühüm hallardan biri türk dünyası ilə bağlı ortaq layihələr həyata keçirməsində İTV-nin rolunu qiymətləndirmək istəyirəm. İTV bu məsələlərdə kifayət qədər ciddi səy göstərə bilib, Azərbaycan mədəniyyətini dünyada təbliğ olunması ilə bağlı layihələr də həyata keçirib”.

.Quliyevin fikrincə İTV oturmuş kanal sayıla bilər. “Sadalanan istiqamətlərdə – tükrçülük, turançılıq, vətənçilik, Qarabağla bağlı məsələlər, millətin formalaşması ilə bağlı, gənclərlə bağlı veriliş aparılmasını yüksək qiymətləndirirəm. Hər bir məsələdə olduğu kimi televiziyada da elektron KIV-də də kamilləşmə davam etməlidir, dinamik prosesidir, hər cür yanaşma olmalıdır. Hesab edirəm ki, bu ünvanda qısa zamanda arada olan kiçik istəkləri də yerinə yetirməklə ideal televiziya kimi olacaq”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım