Modern.az

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü - əsas mövzular müəyyənləşib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü - əsas mövzular müəyyənləşib

Təhsil

23 Avqust 2012, 11:39


Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ikinci Zirvə görüşü keçiriləcək. Sammitdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin yaradılması məsələləri diqqət mərkəzində olacaq.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Artur Rasizadə sammitdə iştirak etmək üçün Qırğızıstana gedib. Avqustun 22-də isə Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında iclasda müzakirə olunan məsələlər, qurum çərçivəsində görülən işlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılıb.  Dağlıq Qarabağ münaqişəsinin 20 ildir öz həllini tapmaması ilə əlaqədar Qazaxıstan jurnalistinin sualına cavab verən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, bu münaqişə uzun illərdən bəri regionun, MDB-nin və dünyanın ən ağrılı problemi olaraq qalır. Bu gün məhz bu problemin həll edilməməsi regionda sülh və sabitliyin inkişafına mane olur.  Nazir müavininin sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində maksimum səy göstərir, ancaq Ermənistanın problemin həllində tutduğu qeyri-konstruktiv mövqe onun tənzimlənməsinə mane olur.

 “Problemin həlli ilə əlaqədar uzun illərdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır, ancaq bu görüşlər yenə də Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə nəticəsiz qalmışdır. Ermənistan Azərbaycan torpaqlarını hələ də azad etmək fikrində deyildir.  Region ölkələri, xüsusilə də türkdilli dövlətlər Türkiyə kimi münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə maksimum səy göstərməlidirlər.  BMT Təhlükəsizlik Şurası işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Ermənistan bu sənədlərə də məhəl qoymur. Fürsətdən istifadə edərək bu məsələdə bizə dəstək olan qardaş ölkələrə minnətdarlığımı bildirirəm”, - deyə X.Xələfov deyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi