Əliməmməd Nuriyev: “İnsanların artıq məhkəmələrə inamı da qalmayıb”
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanda məhkəmə sistemində hələ də ciddi nöqsanların olduğunu bildirib. O, Modern.az-a açıqlamasında hakimləri səriştəsizlikdə ittiham edib. Ə.Nuriyevin sözlərinə görə, hakimlər bir çox hallarda qərar verərkən şəxsi maraqlarını üstün tuturlar. Hüquqşünas deyir ki, bir çox hallarda hakimlər sifarişlə çalışırlar.
“Ölkədə məhkəmə sistemində islahatların aparılmasında baxmayaraq, bu sahədə hələ də ciddi nöqsanlar mövcuddur. Xüsusən də hakimlərin səriştəsizliyi insanlarda məhkəmələrə inamı da azaldıb. Bəzi hakimlər üzərlərinə düşən konstitutsion vəzifələri yerinə yetirmirlər. Bir çox hallarda onlar sübutlara əsaslanmayaraq, qərarlar qəbul edirlər. Hakimlər bəzən öz şəxsi maraqlarını hüquqdan üstün tutaraq kimlərinsə sifarişi ilə qərar qəbul edirlər. Bu hakimlər mütləq cəzalandırılmalıdır. Onlara qarşı ciddi şəkildə tədbirlər görülməlidir.
Diqqət edin məhkəmə prosesində hakimlər hökm oxuyarkən adi qərarın təsvir hissəsini belə oxumurlar. Cəmiyyətdə hakimlərdən kifayət qədər narazılıq mövcuddur. Bütün bunlar əlbəttə ki, dövlət səviyyəsində aparılan islahatlara kölgə salır. İlk növbədə hakimlərin peşəkarlığı artırılmalıdır. Bəzi hallarda hakimlər cinayət işinini dəqiqləşdirmədən qərarlar verirlər”, - deyə hüquqşünas vurğulayıb.
Hakimləri tənqid atəşinə tutan hüquqşünas yerli sturkturları məhkəmələrin işinə müdaxilə etməkdə günahlandırıb:
“İnsanlar haqsızlıqları gördükdən sonra məhkəmələrə də inanmaq istəmirlər. Yerli icra strukturları da hakimlərin fəaliyyətlərinə ciddi sürətdə müdaxilə edirlər. Hakimlər qərar qəbul edərkən hüquqla qərar verməlidirlər. Bilirsiniz ki, məhkəmə son instansiyadır. Bütün problemlər burada həll olunur. Təklif edirəm ki, hüquq pozuntularında yol verən hakimlər ciddi şəkildə cəzalandırılmalıdır. Onların qanunsuz əməllərinə göz yummaq olmaz”.
Anar RÜSTƏMOV