Modern.az

Qara günlərini yaşayan zərdablılar...

Qara günlərini yaşayan zərdablılar...

23 Avqust 2012, 13:54

Bir neçə gün öncə  uzun  illərdən bəri üzünü görmədiyim bir yaxın tanışıma baş çəkmək üçün  onun doğulub boya-başa çatığı, hazırda da yaşadığı  Zərdab rayonuna getmək qərarına gəldim.  Özü də bu rayona ilk dəfə idi ki, gedirdim və açığı onun harada, hansı tərəfdə yerləşdiyini də dəqiq bilmirdim. Çünki bir çoxları kimi mənim də bu rayonun varlığından-yoxluğundan belə demək mümkünsə, xəbərim yox idi. Yaxınlarıma, ailə üzvlərimə  Zərdaba gedəcəyimi də  bildirəndə yarızarafat-yarıgerçək, az-çox coğrafiyadan xəbəri olan bacım dedi ki, bəyəm, xəritədə belə bir rayon, yer var?..  
Doğrusunu qeyd edim ki,  ümumiyyətlə, Zərdab adını eşidəndə bir çoxları bir anlıq düşünür, fikrə gedir, yaddaşını qurdalayır və  sonra haçandan-haçana nə zaman kimdənsə, belə bir rayon adını  eşitdiklərini bildirirlər. Əslində bunda - adıcəklilən bölgənin insanlar arasında geniş tanınmamasında da qətiyyən,  nə sadə  zərdablılar, nə  Zərdabın özü günahkardır, bu məsələdə günahkar  uzun illər boyu Zərdaba rəhbərlik etmiş (edən), necə deyərlər, əməlli-başlı  onun xeyrini, bəhrəsini görmüş rəhbər şəxslərdir. Məhz onların laqeydliyi, məsuliyyətsizliyi, səriştəsizliyi üzündən  hələ də çoxları belə bir rayonun varlığından-yoxluğundan xəbərsizdirlər...


Zərdab rayonun adını şəxsən mən özüm isə  ilk dəfə ötən əsrin 70-ci illərinin sonlarında eşitmişdim- həmin vaxt  böyük əmimin qızı texnikum tələbəsi kimi Zərdaba pambıq yığımına getmişdi. Bundan sonra bu rayonun adını bir də 90-cı illərin ortalarında - “7 gün” qəzetində işlədiyim vaxt eşitmişdim, o zaman  baş redaktorun katibəsi ilə ayaqüstü söhbət zamanı bilmişdim ki, o, əslən Zərdabın Kür qırağı kəndlərindən birindəndir. Bunun üstündən yenə haradasa təxminən 14-15 il keçəndən sonra  bu rayonun adını eşitmək  “səadətinə”  nəsib olmuşdum. Bu da iki il  öncəyə, az qala bütün  ölkəni başına alan   məlum sel daşıqınları vaxtı  bu rayonun da  Kür daşqınlarından, sel və yağış sularından böyük ziyan çəkdiyi bir  zamana təsadüf etmişdi...

Nə isə, bir nəfər “xalturşik”dən öyrəndiyim marşrutla - düzünü desəm tanışımdan  Zərdabın harada yerləşdiyini də  soruşmağa utandım-  Zərdab rayonuna- köhnə tanışıma baş çəkmək üçün yola çıxdım.  Bu yerdə tam səmimi etiraf edim ki, xüsusən, 2003-2005-ci illərdən start götürən, yəni,  Azərbaycanın əksər bölgələrində gedən tikinti-abadlıq, quruculuq işlərinə bu rayonda da rast gələcəyimi  düşünürdüm. Amma bu rayona ayaq basar-basmaz bu xəyali  təsəvvürüm  tamam yox oldu, Ucardan Zərdaba gedən, böyük hissəsi də Zərdaba aid olan təxminən 40 kilometrdən artıq  magistral yol  çox bərbad gündəydi.  Buna da əgər yol demək olarsa. Sürücülərin və yerli sakinlərin dediyinə görə, həmin yol normal vəziyyətdə olarsa, istənilən maşınla  Ucardan  cəmi 15-20 dəqiqəyə  Zərdab  rayonuna getmək mümkündür. Ancaq yol həddindən artıq bərbad gündə olduğundan  Zərdaba, mənzil başına çatmaq üçün haradasa vaxtının 45-50 dəqiqəsini itirməli olursan, necə ki, mən özüm də həmin gün bunu yaşamalı oldum.

Bununla belə insanlarda ümid, inam  var, yəni, ölkə Prezidenti tərəfindən bu yolun yenidən qurulması üçün nə az-nə çox,  88 milyon manat vəsait ayrılıb. Bu vəsaitlə də, əgər işlər vaxtında və insaflı şəkildə aparılarsa, ən azı bir əsrə bəs edəcək super  magistral yol çəkmək olar...

Əhalisi  bəzi mənbələrə görə 44 min, bəzi mənbələrə görə isə  təxminən 54 min nəfər, həmçinin, ərazisi  856  kvadratkilometr olan (qeyd edim ki, bu rayon 1935-ci ildə yaradılıb və bir müddət Ucarın tərkibində qaldıqdan sonra 1965-ci ildə yenidən  müstəqil rayon statusu əldə edib)  Zərdab  rayonu aran rayonu, Azərbaycanın iqlim cəhətdən ən  isti bölgələrdən biri olsa da, buranın xeyli göz oxşayan  yaşıllıqları var, xüsusilə də, Kür qırağı ərazilərdə. Əslində bu rayonun su sarıdan da  elə bir ciddi problemi yoxdur, daha doğrusu, olmamalıdır. Zərdab hər iki tərədən Kür və mənbəyini Qəbələdən, Türyançaydan götürən Qarasu çayı ilə əhatə olunur. Ancaq çox təəssüflər olsun ki, gözəl yaşıllıqlarına rəğmən, bu gedişlə həmin yaşıllıqları quruyub məhv olmaq təhlükəsi gözləyir. Bu səbəbdən ki, həmin yaşıllıqlara vaxtlı-vaxtında qulluq edən, onları suvaran yoxdur,  varsa da, buna cavabdehlik daşıyan məmur, səlahiyyətli şəxs yerində deyil...

Söhbət məmurdan düşmüşkən, qeyd etməliyəm ki, normal  məmur -vətəndaş münasibətləri hər bil sivil ölkənin , o cümlədən,  hüquqi, demokratik dövlət quruculuğu yolu  ilə addımlayan Azərbaycan dövlətinin, onun dövlət siyasətinin baş xətti, prioritet istiqamətlərindəndir. Heç təsadüfi deyil ki, ölkə Prezidenti də  bütün çıxışlarında məmur-vətəndaş münasibətlərinin ən yüksək səviyyədə qurulması məsələsinə toxunur, məmurlara bu yöndə öz ciddi tapşırıq və tövsiyələrini verir. Amma bu gün Zərdabda demək olar ki, bunun əksi yaşanır.  Az qala hər yerdə, hər sahədə  məmur laqeydliyi,  məsuliyyətsizliyi, bürokratiyası, süründürməçiliyi hiss olunur. Hətta, iş o yerə çatıb ki, ən xırda məsələlərin həlli belə rayon İcra Hakimiyyəti, icra başçısı səviyyəsinə gedib çıxır və bu məsələlər də həllini tapa, ya tapmaya...

Bu da heç şübhəsiz ki , hər zaman Azərbaycan dövlətçiliyinin gücləndirilməsində az əmək sərf etməyən sadə, iddiasız, zəhmətkeş zərdablıların  haqlı  narazılığına səbəb olur... Heç kimə də sirr deyil ki, məmur-vətəndaş münasibətlərinin və ya problemlərinin həllində başlıca amil ilk növbədə , kadr məsələsidir. Kadrlar yerində olanda, əsaslı və əsasız səbəbdən ortaya çıxmış bütün  məsələlər anındaca həll olunur, həllini tapır. Ancaq Zərdabda gördüklərim, müşahidə etdiklərim və insanlarla söhbət zamanı əldə etdiyim qənaət,  gəldiyim hasil budur ki, burada kadrların çoxu yerində deyil, kadr siyasətində ciddi problemlər var və bu problemlər də birmənalı olaraq  icra başçısı Lütvəli Babayevin ayağına yazılmalıdır.  Məhz elə kadr siyasətinin düzgün aparılmaması səbəbindəndir ki, artıq neçə aydır rayon Maliyyə Şöbəsinin, Sosial Müdafiə Fondunun müdir və baş mühasib yerləri, Rayon Mərkəzi Xəstəxanası (bu xəstəxananın özü elə bir “aləm”dir) baş həkiminin  müavini vəzifəsi boşdur, bura hələ də  “münasib” kadr tapılmır. Uzun müddətdən sonra  nəhayət, yerləri bir  xeyli boş qalan Təhsil Şöbəsinə və Baytarlıq İdarəsinə rəhbər şəxslər  “tapmaq” isə mümkün olub, oraya  yeni şəxslər təyin olunublar. Bununla yanaşı, xeyli  müddətdən bəri direktor yerləri “boş qalan”  Zərdab şəhər iki və üç saylı orta məktəblərinə elə  bu günlərdə yeni  rəhbərlik təyin olunub...

... Rayon Mərkəzi Xəstəxanasında adi cərrahiyyə əməliyyatı keçirmək üçün lazımi şərait olmadığından yerli  insanlar ətraf rayonlara- Ucara, Göyçaya, Kürdəmirə, Mingəçevirə kilometrlərlə yol qət etməli, eyni zamanda əlavə vaxt və vəsait sərf etmək məcburiyyətində qalmalı olurlar. Hansı ki, bu problemin həlli rayon rəhbərliyi üçün bir anlıq məsələdir...

Qeyd etdiyim kimi, Zərdab rayonu və əhalisi  2010-cu ilin sel, Kür daşqınlarının ən çox ziyan çəkmişlərindəndir. Bu problemlə üzləşmiş insanların evlə, mənzillə  təmin olunması üçün də  Fövqəladə Hallar Nazirliyi tərəfindən Zərdab rayonunun mərkəzi hissəsinin girəcəyində 51 ailəlik qəsəbə salınıb və vurğulayım ki,  bu ərazi, yaşayış sahəsi də  yerli sakinlər tərəfindən “39 hektar” adı ilə adlanır. Ancaq bir məsələ var ki,  üstündən iki ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də bu günədək  bu insanların evlə bağlı sənədləşmə işləri həlli olunmur və ya kimlərinsə şəxsi maraqları üçün  yubadılır. Daha çox isə bu qəsəbənin sakinlərini, eləcə də digər zərdablıları narazı salan məsələ budur ki, məhz Kür daşqını zərərçəkənləri  üçün nəzərdə tutulmuş ərazidə rayon səviyyəli iki yüksək vəzifəli şəxs üçün villa tikilir, daha doğrusu, həmin ərazinin bir hissəsini “zəbt” edən iki yüksək  rütbəli şəxs problemli insanların gözü önündə özləri üçün Zərdabda rast gəlinməyəcək  çox dəbdəbəli villa tikdirirlər...

İnsanlar eyni zamanda narazılıq edirlər ki, bu ərazidən rayon mərkəzinə gedən yol düzgün çəkilməyib. Onlar yüz-iki yüz metrlik məsafəni qət etmək əvəzinə, hər gün iki-üç kilometr yolu getmək məcburiyyətində qalırlar...

Yuxarıda eyni zamanda  qeyd etmişdim kimi, bu rayona gələnə kimi  Zərdabda geniş quruculuq-abadlıq işləri ilə qarşılaşacağımı düşünürdüm, amma burada ondan əsər-əlamət belə yoxdur. Rayonda yaxşı-pis nə işlər görülübsə, bu da  keçmiş icra başçının vaxtına təsadüf edir. Rayonda sadəcə, Heydər Əliyev parkı və onun ərazisində tikilən eyniadlı mərkəz, o cümlədən,  hakim partiyanın yerli təşkilatı üçün inşa olunan ikimərtəbəli binanı göstərmək olar.  Sonuncu bina da məhz rayonun daxili imkanları hesabına başa gəlib və çox maraqlıdır ki, hakim partiyanın yerli təşkilatlarından məhz Zərdab rayon təşkilatıdır ki,  ən sonuncu bu təşkilata ofis tikilib və o da hələ ki, tam istifadəyə verilməyib. Bundan savayı Zərdabda necə deyərlər,  gözəgəlimli heç bir əraziyə, binaya, istirahət mərkəzinə rast gəlmək mümkün deyil...

 Rayonun yolları, xüsusilə, rayon mərkəzinə aid olan yollar demək olar ki, baxımsız vəziyyətdədir. Rayon mərkəzinin elə küçələri var ki, kanalizasiya  və su xətlərinin  yeniləşdirilməsi adı ilə iki ilə yaxındır sökülüb-uçulub. Bunun da nəticəsində rayonda  tez-tez ağır yol-qəza hadisələri  baş  verir... Rayonun ən mərkəzi yerlərindən sayılan və Kürün çayının sahilində Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə kompleksi və istirahət parkı (?) da çox bərbad vəziyyətdədir. Hansı ki,  oranı çox cüzi vəsaitlə cəmi bir neçə günə gözəl və səfalı  istirahət məkanına çevirmək olar. Söz ki, istirahət məkanından düşdü,  bu yerdə qeyd edim ki,  iqlimcə isti rayon olmasına baxmayaraq, buranı Azərbaycanın ən gözəl turizm məkanlarından birinə çevirmək olar. Bunun uçun də yer, məkan, insan və maliyyə resursu var. Rayonun Kür qırağı ərazilərində, xüsusən, yarı hissəsi Zərdaba, yarı hissəsi Ağcabədi rayonuna aid olan Yastıyol deyilən ərazidə gözəl istirahət-turizm mərkəzi yaratmaq olar. Buranın da  isti və qızmar yay günlərində ayrı yeri, ləzzəti var...  Özü də bununla həm Zərdab rayonu tanınmış, tanıdılmış olar, həm də işsizlikdən və ya az əməkhaqqından əziyyət çəkən insanların faydalanması, özlərini işlə, dolanışıqla təmin etməsi mümkünləşər...

Bununla yanaşı, rayonda olduğum vaxt insanları incidən, rəncidə salan bir məqam da son dövrlər bu bölgəyə  bağlılığı olmayan tanınmış  bir elm adamının (etik səbəblərdən onun adını yazmıram) zərdablı, daha doğrusu,  Azərbaycan milli mətbuatının banisi, dahi mütəfəkkir Həsən bəy Zərdabinin, Zərdabi nəslinin sağ qalan davamçısı kimi rayonda keçirilən  tədbirlərə dəvət olunması, başa keçirilməsidir. Bu yerdə  deyə bilərlər ki, ziyalı əslində  bütün millətin təmsilçisidir və onu yerliçilik baxımından hansısa bölgələrə aid etmək olmaz. Söhbət  burada hansısa  yerliçilikdən getmir, söhbət burada  son illərə qədər bu rayona ayağı dəyməyən,  ona xüsusi  bağlılığı olmayan bir ziyalının zərdablı və Zərdabi nəslinin davamçısı kimi təqdim olunmasından gedir ki, bu da yerli əhalini və Zərdabisevərləri narazı salır.

 Hətta, yerli sakinlərdən bir neçəsinin  dediyinə görə,  bu il Milli Mətbuat günü ilə bağlı  Zərdabda keçirilən genişmiqyaslı  tədbirdə Zərdabi nəslinin yeganə davamçısı olan,  hazırda isə  Zərdabinin ev-muzeyinə rəhbərlik edən xanıma həmin ziyalını  Zərdabi nəslinin davamçısı kimi təqdim edəndə həmin xanım duruxub qalıb və sonra tez özünü ələ alaraq  “Zərdabi nəslində belə adam yoxdur” deyə bildirib. Öz növbəmdə bunu eşidən kimi tanıdığım bir neçə tanınmış elm adamı, qələm əhli,  Zərdabişünas ilə də bu məsələni dəqiqləşdirməyə çalışdım  və onlar da israrla, indiyə qədər Zərdabi nəslinin təmsilçisi kimi  belə bir adamın adını eşitmədiklərini bildirdilər...

 Onu da bildirim ki,  ayın sonlarında ölkə başçısının Zərdaba səfəri gözlənilir. İnsanlar bu səfərin sözün bütün mənalarında Zərdabın əsl inkişafına təkan verəcək  bir səfər olacağına ümid edirlər və buna qəti əminliklərini də ifadə edirlər. Məsəl var, deyirlər ki, ümid ən sonda ölür. Ümidiniz ölməsin, inam çırağınız isə daim gur şölələnsin , əziz zərdablılar!

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış