Modern.az

Parlament jurnalistləri Təhlükəsizlik və Müdafiə Komitəsinin işinə qiymət verdilər

Parlament jurnalistləri Təhlükəsizlik və Müdafiə Komitəsinin işinə qiymət verdilər

Parlament

24 Avqust 2012, 13:50

Qanun layihələri Milli Məclisin plenar iclaslarına tövsiyə edilməzdən öncə ayrı-ayrı komitələrdə müzakirə edilir. Milli Məclisin yaz sessiyası və növbədənkənar sessiya dövründə parlament jurnalistləri 11 komitədə keçirilən müzakirələri izləyiblər. O zaman onlar parlamentin ayrı-ayrı komitələrinin yaz sessiyası və növbədənkənar sessiya dövründəki fəaliyyətini necə qiymətləndirirlər?

Modern.az-ın əməkdaşı Təhlükəsizlik və müdafiə komitəsi barədə parlament jurnalistlərinin fikirlərini öyrənib.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı hesab edir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi parlamentin yaz və növbədənkənar sessiyaları dövründə səmərəli fəaliyyət göstərib. Onun sözlərinə görə, bu komitə parlamentin müzakirələrinə mühüm qanun layihələri təqdim edib və bu sənədlər qəbul olunub.

“Adından da göründüyü kimi, bu komitə çox önəmli sahələri əhatə edir. Ordu quruculuğu, təhlükəsizlik və müdafiə sahəsində qanunvericilik bazasının formalaşmasında komitənin xüsusi rolu var. Bir sözlə, müharibə şəraitində yaşadığımız dövrdə hərb sahəsinin inkişafının nə qədər önəmli olduğunu hamımız yaxşı bilirik. Təhlükəsizlik və müdafiə komitəsi də hərbi qanunvericiliyin formalaşmasında və təkmilləşdirilməsində birbaşa iştirak edir. Ona görə də Ziyafət Əsgərov kimi nüfuzlu bir şəxsin rəhbərlik etdiyi komitənin fəaliyyətini yüksək qiymətləndirirəm”,–deyə N.Bayramlı vurğulayıb. 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, Təhlükəsizlik və müdafiə komitəsinin işindən hər zaman razıdır. “İstər qanunvericilik, istərsə də mətbuatla əlaqələrdə bu komitə sadəcə bir nümunədir. Bu işdə komitə üzvlərinə və komitə sədri Ziyafət Əsgərova təşəkkür edirəm. Hərdən Ziyafət Əsgərov özü jurnalistlərə yaxınlaşır, səmimi söhbət edir, suallara cavab verir”.

“Azadinform” Agentliyinin əməkdaşı Mübariz Aslanov Təhlükəsizlik və müdafiə komitəsindən daha çox Zahid Orucun fəaliyyətindən danışa biləcəyini qeyd edib.

“Çünki bu komitənin iclaslarına nədənsə AzTV və AzərTAc-dan başqa bizim heç birimizi buraxmırlar. Komitənin müzakirələri ilə bağlı mümkün məlumatları isə Zahid Oruc vasitəsilə ala bilirik. Nadir hallarda isə komitə sədri Ziyafət Əsgərov jurnalistlərə açıqlama verə bilir”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Təhlükəsizlik və müdafiə komitəsinin fəaliyyətini mənfi qiymətləndirirəm. Çünki bu komitə uzun illərdir Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərindən biri olan “Alternativ xidmət haqqında” qanun layihəsini hazırlayıb parlamentin plenar iclasına çıxarmır. Artıq uzun illər keçməsinə baxmayaraq, komitə bu sahədə heç bir iş görməyib. Ziyafət Əsgərov kimi istedadlı şəxsin rəhbərlik etdiyi bu komitənin fəaliyyəti yarıtmazdır, ən azı Azərbaycan ordusunda atəşkəs rejimində baş verən ölümlər, əsgərlərin döyülməsi, incidilməsi kimi məsələlərə Təhlükəsizlik və müdafiə komitəsi laqeyd yanaşır”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə Təhlükəsizlik və müdafiə komitəsinin işi barədə bir şey deyə bilməyəcəyini qeyd edib: “Çünki həmin komitənin iclaslarına jurnalistləri çağırmırlar. Yalnız AzərTAc-ı, AzTV-ni çağırırlar. Ona görə heç bir məlumatım yoxdur ki, orada hansı məsələ müzakirə olunur, müzakirələr necə keçir”.

APA-nın əməkdaşı Pərvin Abbasov qeyd edib ki, Təhlükəsizlik və müdafiə komitəsinin fəaliyyətinə qiymət vermək o qədər də asan deyil, çünki bu komitənin iclaslarına jurnalistlərin əksəriyyətini buraxmırlar. “Bir və ya iki jurnalist orada iştirak edir. Həmin komitənin iclasları qapalı keçirilir. Bununla belə, həmin komitənin fəal üzvləri var, məsələn Zahid Oruc. Sağ olsun ki, oradakı məsələlərlə bağlı jurnalistlərə açıqlama verir. Müəyyən qədər başa düşmək olar ki, qapalı komitədir, təhlükəsizliklə bağlı məsələlər müzakirə olunur. Amma bununla belə, müəyyən məsələləri jurnalistlərə demək olar. İstənilən halda jurnalistləri iclaslara buraxmalıdırlar. Amma buraxmırlar. Dəfələrlə bununla bağlı Milli Məclisin mətbuat xidməti Akif Təvəkküloğluna, bir-iki deputata demişəm, amma bir nəticə verməyib”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Təhlükəsizlik və müdafiə komitəsinin fəaliyyətindən o qədər də razı qalmayıb:
“Xüsusilə hörmətli Ziyafət bəyin mətbuatla ünsiyyətdən qaçması anlaşılan olmadı. Çox istərdim ki, xüsusilə də yaz və növbədənkənar sessiya dövründə cəbhə xəttində baş verənlərlə bağlı parlamentin komitəsi bir əlahiddə toplantı keçirsin, vəziyyətlə bağlı açıqlamalar olsun. Amma bunu müşahidə edə bilmədik. Tədbirlərdə komitə sədrinin Qarabağ problemi ilə çıxışlarını eşitdik. Hesab edirəm ki, bu işdə fəaliyyətə ehtiyac var. Çünki ən azından Azərbaycanın müharibə vəziyyətində olması, torpaq itkisi bu komitənin fəaliyyətini daha aktual edir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev Təhlükəsizlik və müdafiə komitəsinin işini yalnız rəsmi qəzetlərdən izlədiyini və o komitənin iclaslarına çağırılmadığına görə ətraflı bir şey deyə bilməyəcəyini bildirib.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı bildirib ki, Təhlükəsizlik və müdafiə komitəsinin fəaliyyəti digərlərindən o qədər də fərqlənmir.
“Halbuki Azərbaycan müharibə şəraitindədir və bu komitənin daha fəal olmasına ehtiyac var”.

“Olaylar” Agentliyinin əməkdaşı Alim Hüseynli də digər həmkarları kimi bu komitənin iclaslarını yaxından izləyə bilmədiyini vurğulayıb.
“Təhlükəsizlik və müdafiə komitəsinin yaz sessiyası və növbədənkənar sessiya dövründə bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb. Təəssüf ki, həmin qanun layihələrində parlamentdə akkreditə olunan jurnalistlərin məhdud sayda iştirakı təmin olunub. Demək olar ki, bu qanunların ictimaiyyətə çatdırılmasında parlament jurnalistləri heç də iştirak edə bilməyib. Hətta qanun layihəsi parlament müzakirəsinə çıxarılan zaman qanunda hansı dəyişikliyin baş verməsi, yeni hansı qanunun qəbul olunması məsələsində çətinlik yaranır”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə bildirib ki, Milli Məclis qanun yaradıcılığı ilə məşğul olsa da, bütün layihələr prezidentin təşəbbüsü ilə Prezident Administrasiyasından gəldiyindən nəinki parlamentin rəhbərliyi, deputatların da fəaliyyəti o dərəcədə nəzərə çarpmır.
“Buna baxmayaraq Təhlükəsizlik və müdafiə komitəsi bəzi qanun layihələrini qəbul etməsi, onları plenar iclaslara göndərməsi istiqamətində təqdirəlayiq addımlar atdı. Ancaq izləyirik ki, cəmiyyətin gözləntiləri daha çoxdur. Deyək ki, ölkənin 20 faizinin işğal altında olduğu və təhlükəsizlik baxımından çoxsaylı problemlərin yaşandığı bir dövrdə bu komitənin daha çox qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, daha çox qanunlar toplusu ilə məşğul olması zəruridir”.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov qeyd edib ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Təhlükəsizlik və müdafiə komitəsi daha az qanunlar qəbul edib.
“Onun aktivliyini, qeyri-aktivliyini demək düzgün deyil. Yəni Milli Məclisin iş planına uyğun olaraq onların da qrafikində hansı məsələ olubsa, onları müzakirə edirlər. Bu komitədə jurnalistlərə müəyyən mənada qapalıdır, bunu da onunla izah edirlər ki, burada daha çox ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı bir sıra məsələlər müzakirə olunur. Bu komitə üzərinə düşən işi görübdür. Hansı qanunlar təqdim olunubsa, onları müzakirə ediblər”. 

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə Təhlükəsizlik və müdafiə komitəsinin iclaslarında yalnız AzTV-nin, AzərTac, “Azərbaycan”, eyni zamanda İctimai Televiziyanın əməkdaşlarının iştirak etdiyini qeyd edib.
“Görünür, həm də bu, komitənin adından irəli gəlir. Bu komitədə dövlətin elə bir məsələləri müzakirə olunur ki, bir çox hallarda o məlumatlar məxfi xarakter daşıyır. Görünür ki, həmin məlumatların geniş yayılmaması üçün o komitənin iclaslarına çox az sayda jurnalist çağırılır. Ona görə də Təhlükəsizlik və Müdafiə Komitəsinin fəaliyyətinə geniş qiymət verə bilməyəcəm”.

AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Xətayi Əzizovun sözlərinə görə, komitə üzvləri ümumilikdə yaz və növbədənkənar sessiyalar dövründə çox fəal işləyib və Azərbaycan ictimaiyyəti, cəmiyyəti, eləcə də Azərbaycanın beynəlxalq nüfuzuna yardım edən, möhkəmləndirilməsinə xidmət edən bir neçə qanunlar qəbul ediblər.
“Təhlükəsizlik və müdafiə komitəsində də bir sıra mühüm qanunlar doktrinaya uyğunlaşdırıldı və çox mühüm qanunlar qəbul olundu”.

Milli Məclisin ən mühüm komitələrindən birinin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi olduğunu deyən “Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu qeyd edib ki, komitənin gündəmində olan məsələlər də ölkənin taleyi ilə birbaşa bağlı olduğu üçün buradakı qanun layihələrinin müzakirəsi çox vacib və əhəmiyyətlidir.
”Amma çox təəssüflər olsun ki, son 7-8 ildə bu komitənin fəaliyyətini izləmək, orada iştirak etmək bir növ əlçatmaz olub. Bu da birbaşa həmin komitəyə rəhbərlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun göstəriş və tapşırığı ilə bağlıdır. Bildiyimiz qədər Ziyafət Əsgərov bu komitənin iclasında digər müstəqil, müxalifyönlü mətbu orqanların iştirakını istəmir. Bu səbəbdən də ancaq həmin komitənin iclaslarına rəsmi qəzetlərin və bir-iki televiziyanın parlament təmsilçiləri izləyə bilirlər”.

Bunun təəssüfedici məqam olduğunu deyən K.Həmzəoğlu bildirib ki, parlament orada akkreditə olunmuş bütün jurnalistlərin üzünə açıq olmalıdır.
“Onu da qeyd edim ki, Ziyafət Əsgərov ilk əvvəllər parlamentdə təmsil olunarkən Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədr müavini idi. İstər həmin vaxtlar, istərsə də vitse-spiker olduğu dövrdə jurnalistlərlə təmaslara mühüm əhəmiyyət verirdi. Dəfələrlə şahidi olmuşam ki, həmin komitələrin iclaslarında, istərsə də iclaslardan sonra özü şəxsən jurnalistlərlə təmasda olmaqda maraqlı idi. Amma təəssüflər olsun ki, 2005-ci ildən sonra, yəni birinci vitse-spiker seçiləndən sonra rəhbərlik etdiyi Təhlükəsizlik və müdafiə komitəsinin iclaslarında digər parlament jurnalistlərinin iştirakına bir növ qadağa qoyub. Bu baxımdan o komitədə hansı məsələlərin müzakirə olunduğundan biz gec xəbər tuturuq, ya plenar iclaslarda və ya hansısa dövlət qəzetlərinin parlament müxbirləri vasitəsilə.
Hesab edirəm ki, komitənin fəaliyyətini digər komitələrdən mənfi qiymətləndirmək lazımdır. 2012-ci ilin arxada qalan sessiyaları dövründə də bu komitənin yadda qalan iclası olmayıb”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım