Modern.az

“Şimal axını-2”, yoxsa TANAP? - Azərbaycan qazı Rusiya qazını əvəzləyə bilər?  

“Şimal axını-2”, yoxsa TANAP? - Azərbaycan qazı Rusiya qazını əvəzləyə bilər?  

Dünya

17 Fevral 2021, 14:24

Rusiyanın "Qazprom” şirkəti 2011-ci ildən Baltik dənizindən keçərək Almaniyaya çatacaq "Şimal axını-2” layihəsini reallaşdırmağa çalışır. Bu layihənin gerçəkləşməsinə qarşı ABŞ, Ukrayna, Baltikyanı ölkələr və Polşa etiraz edir. Co Bayden administrasiyası “Şimal axını-2”ni iqtisadi deyil, Kremlin siyasi maraqlarına xidmət edən proje kimi dəyərlənidirir. Bu səbəbdən də qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. “Qazprom” şirkəti təzyiqlərin artacağı təqdirdə ən son variant kimi qaz kəmərinin tikintisini yarımçıq saxlayacaqlarını bildirib.

 

Bəs Avropanın qaza olan tələbatının önəmli hissəsini ödəyəcək “Şimal axını -2” layihəsi reallaşmayacaqsa, bu, Azərbaycan qazını Avropa bazarlarına çıxaran TANAP və TAP layihələrinə hansı təsiri göstərə bilər? Ümumiyyətlə, Azərbaycan qazı Avropa üçün Rusiya qazına alternativ ola bilərmi?

 

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Modern.az-a danışıb. O, TANAP və TAP layihəsinin "Şimal axını-2"yə alternativ olmadığını bildirib. Ekspertin fikrincə, TAP layihəsi Yunanıstan və İtaliya ərazisindən keçdiyi halda, “Şimal axını-2” Almaniya və Avstriya bazarlarına hədəflənib.   

“TANAP layihəsinin genişləndirilməsi üçün qaz mənbələrinə çıxış imkanlarının yaradılmasına ehtiyac var. Çünki Azərbaycanın qaz potensialı Avropaya təqribən 10 milyard kubmetr qaz ötürməyə kifayət edir, amma TANAP və TAP layihələrinin buraxılış qabiliyyəti, yəni boruların həcmi 32-34 milyard kubmetr qazın Avropaya çatdırılmasına imkan yaradır. Bu səbəbdən əlavə qaz mənbələrinin tapılıb və həmin layihəyə qoşulması öncədən də nəzərdə tutulmuşdu".

 

Natiq Cəfərli qeyd edib ki, əsas məsələlərdən biri Türkmənistan qazının "Trans-Xəzər" layihəsi çərçivəsində TANAP layihəsinə qoşulmasıdır. Bu baş tutarsa, TANAP və TAP layihələrinin Avropa bazarlarını təbii qazla təmin etmək imkanları xeyli genişlənəcək.

 

"Azərbaycanla Türkmənistan arasında "Dostluq yatağı" ilə bağlı müqavilənin imzalanması da bu yolda müəyyən bir addımın atılmasına səbəb oldu və ümid var ki, gələcəkdə əməkdaşlıq genişlənəcək. Önümüzdəki zamanlarda İraq ərazisindən də boruya qoşulmaq üçün bir layihə hazırlanır. İraq "Kərkük-Yumurtalıq" boru xətti, qaz yataqları vasitəsi ilə TANAP və TAP-a qoşula bilər. Hətta Qərbin İranla münasibətləri yaxşılaşsa, sanksiyalar tətbiq edilməsə, gələcəkdə İran qazının bir hissəsinin Avropaya bu boru xətləri ilə çatdırılması gözlənilir. "Şimal axını-2" layihəsindən asılı olmayaraq TANAP, TAP layihələrinin Avropaya qaz çatdırılması üzrə genişləndirmə planları var idi. Bu planlar yaxın gələcəkdə həyata keçiriləcək".

 

Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza