QHT Əməkdaşlıq Alyansının növbəti Şura iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə edilib, o cümlədən yeni üzvlərin qəbuluna baxılıb. Alyansın koordinatoru Xanoğlan Əhmədov ötən iki ay ərzində görülən işlərlə bağlı Şuraya məlumat verib. Alyansın koordinatorunun 2 aylıq fəaliyyəti Şura tərəfindən qənaətbəxş hesab edilib. Daha sonra növbəti müddətə Alyansın yeni koordinatoru seçilib. Şura üzvü Nailə İsmayılovanın namizədliyi irəli sürülüb və səs çoxluğu ilə Nailə İsmayılova növbəti müddətə koordinator seçilib.
Daha sonra Alyansa üzvlük məsələsi müzakirə edilib. İcra Katibliyinin rəhbəri Rəfail Becanov Şuraya təqdim etdiyi məlumatda bildirib ki, katibliyə üzvlüklə bağlı 20-dən çox müraciət daxil olsa da, vaxt azlığından yalnız onlardan 3-nün sənədləri hazırlanıb. Belə ki, “İnnovativ Təşəbbüslər” İctimai Birliyi (sədr Əşrəf Əhmədov), “Avropa Qəzetçilərinin Dostları” İctimai Birliyi (sədr Afaq Fərzəlibəyova) və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin (sədr Tahir Xudiyev) sənədləri tam hazırdır və onların müraciətlərinə baxıla bilər. Təqdimatdan sonra təşkilat rəhbərləri öz təşkilatları haqqında Şuraya məlumat veriblər. Müzakirələrdən sonra hər üç təşkilatın müraciəti müsbət dəyərləndirilib və səsə çoxluğu ilə Alyans üzvlüyünə qəbul ediliblər. Növbəti müzakirə isə İcra Katibliyinin reqlamentində dəyişikliklər edilməsi ilə bağlı olub.