Modern.az

“Yeni Musavat” Cahangir Əsgərovla barışdı, “Azadlıq” isə Tağı Əhmədovla yox

“Yeni Musavat” Cahangir Əsgərovla barışdı, “Azadlıq” isə Tağı Əhmədovla yox

Təhsil

25 Avqust 2012, 13:11

Bir müddətdir ki, iki müxalifət qəzeti ilə rəsmi qrumların məhkəmə çəkişmələri davam edir. Bunlar Bakı Metropoliteninin rəisi Tağı Əhmədov  və “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın  “Azadlıq”, “Azərbaycan Hava Yolları” QSC –nin (AZAL) “Yeni Müsavat”la qalmaqal yaradan məhkəmələridir.  

Maraqlıdır, indi məsələ nə yerdədir? Görəsən, qəzetlər cərimələri ödəyəcəklərmi, yoxsa məhkəmə çəkişmələri hələ uzun müddət davam edəcək?  

“Azadlıq” qəzetinin redaktoru Şücəddin Şərifovun Modern.az-a verdiyi məlumata görə, hazırlıq iclası olub növbəti proses sentyabr ayının 4-ə təyin olunub. Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla məhkəmə prosesi apellyasiya mərhələsindədir.

Qəzetin “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova ilə məhkəməsinin  hazırlıq iclası artıq olub və növbəti mərhələ sentyabr ayında olacaq. Redaktor onu da bildirdi ki, dəfələrlə Tağı Əhmədovla görüşməyə cəhd etsə də, Metropoliten rəhbəri onunla görüşməmək üçün müxtəlif bəhanələr gətirib:

“Mən özüm dəfələrlə Tağı Əhmədovla danışmışam. Görüşmək istədiyimi bildirmişəm. Amma hər dəfə Bakıda olmadığını, məşğul olduğunu bildirib. “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə xanımla belə bir cəhd olmayıb. Biz istənilən şəxslə danışmağa və həmin insanın mövqeyini dərc etməyə hazırıq”.

“Yeni Musavat” qəzetin hüquqşünası Vaqif Hüseynin sözlərinə görə, hazırda qəzetin Müdafiə Nazirliyi və “Gilan Holdinq”lə məhkəmə çəkişməsi var. Həmin məhkəmələr davam edir. İşlər müxtəlif instansiya məhkəmələrində davam etdirilir. Onun sözlərinə görə, bəzi işlərə Apellyasiya, bəzilərinə isə Ali Məhkəmədə baxılır. AZAL-la olan məhkəmə işi isə razılaşma yolu ilə həll olunub.
“Təqzib mətni verdik. AZAL da öz iddiasından əl çəkdi. Bununla da məsələ məhkəməyə çatmamış öz həllini tapdı. Həm də hər iki tərəf belə bir razılığa gəldi ki, onların məlumatları dəqiqləşdirilmədən verilməsin. Bu təkliflə də razılaşdıq”.     

Onu da qeyd edək ki, AZAL “Yeni Müsavat”ın 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə qəzetdən 500 min manat pul istəyirdi.

Tağı Əhmədov “Azadlıq”ın 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədən narazı qaldığına görə, qəzeti məhkəməyə verib.

“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova  isə “Azadlıq” qəzetini və onun iki əməkdaşını məhkəməyə verib. Qəzetin 7 iyul tarixində “Kəbirə Məmmədovanın “Eurovizion” əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələr iş adamını hiddətləndirdiyinə görə, iddiaçı tərəf təkzib verilməsini və cavabdehlərin hər birinin 50 min manat cərimələnməsini istəyib.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi